Biz nə yeyirik? Hadisə

Biz nə yeyirik?

Bazarda satılan ucuz xarici kartofların əksəriyyəti insan üçün ziyanlı olan texniki məhsuldur
İsti hava şəraitində gübrəli məhsulla qidalanan şəxsin zəhərlənmə ehtimalı böyükdür

BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatını (FAO) məlumatına görə, artıq dünya üzrə aclıq keçirən insanların sayı 1 milyardı keçir ki, bu da kənd təsərrüfatında intensiv, yəni qeyri-üzvi gübrələrdən lazımi səviyyədə istifadə edilməsini zərurətə çevirir. FAO dünya üzrə qeyri-üzvi gübrələrin istehlakının artacağını proqnozlaşdırır və bu məsələdə azot gübrələrinə, xüsusilə də karbamidə tələbat məsələsinə xüsusi diqqət yetirir. Ən geniş yayılmış və daha təhlükəsiz azot gübrəsi olan karbamidə tələbat hələ də yetərincə böyükdür və FAO-nun məlumatına görə bu il dünya üzrə karbamid istehsalı 2009-cu ilə baxanda 30 faiz artaraq 222 mln. tona çatıb. Lakin FAO bunu yetərli saymır və proqnozlaşdırır ki, yaxın iyirmi-otuz il ərzində dünyanın inkişaf etməkdə olan ölkələrində mineral gübrələrə tələbat 1,5 dəfə artacaq.
Mütəxəssislər bildirir ki, bu gün Azərbaycan kəndində fermerlərin gübrə sahəsində savadı aşağıdır. Belə ki, fermerlər xüsusilə bostan bitkilərinin, kartof, pomidor, çuğundur və s. başqa məhsulların istehsalında gübrəni bacardıqca çox istifadə etməyə çalışırlar. Təcrübəli alıcılar gübrənin normadan artıq verildiyi məhsulları dərhal tanıyırlar. Qarpıza və ya pomidora normadan artıq verilmiş azot gübrəsi ağ zoğlar şəklində onların içində toplanır və məhsulun dadına da təsir göstərir.
Ekspert Vahid Məhərrəmov bunu verilən gübrənin fotosintez prosesinə uyğun gəlməməsi ilə bağlayır: "Əgər fotosintez düzgün getmirsə, bitkidə olan nitrat onda toplanır. Yəni fotosintez elə şəkildə getməlidir ki, qeyri-üzvi gübrələr üzvi maddələrə çevrilə bilsin. Amma araşdırmalar göstərir ki, Azərbaycanda istehsal edilən qarpız-yemiş kimi tərəvəz bitkilərində nitratın səviyyəsi yüksəkdir. Həm də gübrə çox veriləndə, nitratın nitritə çevrilmə şansı böyükdür. Belə meyvələrlə və ya tərəvəzlə qidalandıqda, istehlakçı asanlıqla zəhərlənə bilər, çünki nitritlər toksiki maddələrdir". Ekspertin fikrincə, bu qədər gübrəni yalnız süni fotosintez yolu ilə, yəni işıqlandırmanı uzatmaqla istixanalarda üzvi maddəyə çevirmək mümkündür. Əks halda süni gübrə olduğu üçün bitki istənilən qədər qəbul edərək minerallaşır.
Vahid Məhərrəmovun fikrincə, gübrə məsələsində fermer psixologiyasını da nəzərə almaq lazımdır: "Bizim fermerlər bilsə ki, gübrə verməklə məhsuldarlığı 2-3 dəfə, bəzən 5 dəfə artırmaq olar, onlar heç bir hesab aparmadan bunu edəcəklər". Amma iqtisadçı-ekspertin fikrincə, bunun çox ziyanlı nəticələri ola bilər: "Kartofun hektarına 250-300 kiloqram kalium gübrəsi verəndə, hektardan 50-60 ton kartof götürmək olar, amma belə kartofu yemək olmaz, ziyanlıdır. Belə kartof yalnız plasmass istehsalında xammal kimi işlədilir". Onun sözlərinə görə, Azərbaycan bazarında satılan ucuz xarici kartofların əksəriyyəti bu cür texniki məhsullardır: "Onları rəngindən tanımaq olur, bəziləri heyvanlar üçün nəzərdə tutulur, bəziləri isə yalnız plasmass istehsalında işlədilir".
Ekspert deyir ki, bu kimi problemlərin həlli üçün hökumət, xüsusilə də Kənd Təsərrüfatı Nazirliyi fermerlərin arasında maarifləndirmə işləri aparmalıdır: "Fermerlərə keyfiyyətli və bol məhsul götürmək üçün aqrotexniki qulluq normaları başa salınmalıdır. Əks halda, onların yetişdirdikləri məhsul ərzaq yox, təhlükə mənbəyinə çevrilə bilər".
Aqrar məsələlər üzrə ekspert Nizami Qarayev bildirir ki, yerli fermerlər əsasən bir gübrədən istifadə edirlər: "Bu da ammonium-nitratdır. Yəni, azotlu gübrələrdən çox istifadə edirlər. Azotlu gübrələrin xarakterik xüsusiyyəti odur ki, onlar məhsulda toplanır. Xarici praktikada gübələri balanslaşmış şəkildə istifadə edirlər. Təkcə azot gübrəsi deyil, fosfor, kalium gübrəsi də istifadə olunur ki, gübrələrin belə balanslı istifadəsi son nəticədə məhsulun keyfiyyətinin normal olmasını təmin edir. Amma Azərbaycan fermerlərinin yalnız azot gübrəsindən istifadə etməsi məhsulun keyfiyyətinə müəyyən qədər mənfi təsir edir. Bunun səbəbi odur ki, Azərbaycan fermerləri gübrələnmə haqqında kifayət qədər məlumatlı deyillər. Fermerlərin məlumatlanmağa ehtiyacı var. Statistik məlumatlardan bəlli olur ki, Azərbaycana gətrilən gübrələrin 90 faizi azotlu gübələrdir. Beləliklə də fermerlərin birtərəfli qaydada - azotlu gübələrdən istifadə etməsi məhsulun keyfiyyətinə mənfi təsir göstərir".
Ekspertin dediyinə görə, azotlu gübrələrdən çox istifadə tərəvəzdə nitratın çoxalmasına səbəb olur: "Belə məhsullar da insan orqanizmi üçün zəhərlənmə təhlükəsi yaradır. Çünki məhsulun keyfiyyəti kəskin şəkildə pisləşir. Xüsusi ilə də isti hava şəraitində həmin məhsulla qidalanan şəxsin zəhərlənmə ehtimalı böyükdür".
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun "Üzvi gübrələr və örtülü qruntun aqrokimyası" laboratoriyasının müdiri Paşa Zamanov bildirdi ki, ağac meyvələrində buna az təsadüf olunur: "Çünki ağac meyvələrinə çox gübrə verilmir. Verilərsə, meyvənin maya dəyəri arta bilər. Ancaq bostan bitkilərində bunu müşahidə etmək mümkündür. Aparılmış elmi tədqiqatlarda bostan bitkilərində hansı gübrənin faizlə miqdarının nə qədər olması dəqiq göstərilib. Bu gün də hər bir bazarda laboratoriyalar mövcuddur. Hər bir vətəndaş aldığı tərəvəzin tərkibindəki gübrələrin miqdarını həmin laboratoriyada öyrənə bilər. Ancaq nəzərə almaq lazımdır ki, bu məsələdə havanın da təsiri ola bilir".
Paşa Zamanov deyir ki, gübrənin, dərmanın çox olmasını tərəvəzin xarici görünüşündən anlamaq çətindir: "Onlar ancaq yeyiləndə hiss olunur. Fermer ilk məhsul yetişəndən sonra eyni koldan yeni məhsul almağa çalışır. Tərəvəz tam yetişsin deyə, ona əlavə gübrə verirlər. Digər tərəfdən də istilərin təsirindən qarpız kolları, pomidor, xiyar məhv olmaq üzrədirlər. Ancaq elə dərmanlar var ki, həmin tərəvəzləri olduğu kimi saxlaya bilir. Həmin dərmanların da təsiri ola bilər. Gübrələnmə prosesində dövlət fermerlərə təlimat verir. Bütün fermerlərdə həmin təlimatlar var. Gərək fermerlər də göstərilən təlimatlara riayət etsinlər".
Həkim Şirin Əhmədovanın bildirdiyinə görə, gübrəli meyvələrdən qida zəhərlənmələri halları az deyil: "Xəstələr əsasən yüksək hərarət, mədə-bağırsaq sisteminin pozulması, qusma, ishal halları ilə gəlirlər. Analiz nəticəsində bəlli olur ki, onlar gübrəli meyvə yeyiblər. Azot qalıqları orqanizmə toksiki təsir göstərir. Məhsulun daha tez yetişib artımlı olması üçün verilən gübrələr insanlarda zəhərlənmə hallarına gətirib çıxarır".
Mütəxəssislər bildirir ki, Kənd təsərrüfatı məhsullarına verilən gübrə norma daxilində olmalıdır. Məsələn, 1 kq qarpızda nitratın miqrdarı 60 mq-a qədər icazə verilən həddir. Yemişdə bu norma 90, çuğundurda isə 1400 mq-a qədərdir. Ən çox nitrat miqdarı isə göyərtilərdə müşahidə edilir. Mütəxəssislər bildirir ki, alıcı daha çox "günəş gördüyü hiss olunan meyvə-tərəvəzlər"ə üstünlük verməlidir. Çünki kölgədə qalan, girdə məhsullarda gübrənin qalığı çox olur.
Ekspert Vüqar Bəşirov gübrəli meyvə tərəvəzi ayırd etməyi anladır: "Ümumiyyətlə, tərəvəzi qoxuladıqda, ondan spesifik bir ətir gəlməlidir. Amma azotla yüksək normada gübrələnən tərəvəzləri kəsdikdə və ya qabığını zədələdikdə ondan azot gübrəsinin qoxusu gəlir. Yaxud da, əgər məhsul yeni deyil, bir-iki gün əvvəl yığılıbsa, nitratının çox olması dərhal bilinir - xiyar su verməyə başlayır. Çiyələk də, həmçinin - altına sərilən kağıza baxsanız, su verdiyini görə bilərsiniz. Ümumiyyətlə, gübrəsi çox olan məhsul bütövlüyünü tez itirir. Eləcə də anbarlarda, soyuducularda qaldıqda belə çox gübrələnən məhsullar saxlanmaya davamlı olmur və tez xarab olur".
Ekspertin bildirdiyinə görə, tərəvəzlərin hansı hissəsində nitratın daha çox toplandığını bilmək vacibdir. Çünki meyvə və tərəvəzlərin nitrat toplanan hissəsi kəsilib atılmalıdır: "Məsələn, badımcanın yaşıl hissəsi dərin kəsilib atılmalıdır. Bəzən həmin hissəni qənaət üçün dayaz kəsirlər. Halbuki, həmin hissədə azot gübrəsi daha çox toplanır. Bundan başqa, bəzən xiyarın qabığını soymadan yeyirlər və deyirlər ki, "vitamini qabığındadır". Amma tamamilə əksinədir. Xiyarda nitrat daha çox qabıqda toplanır. Yerkökünün isə özəyində toplanır. Qarpızda isə, qabığa yaxın ağ hissədə daha çox olduğuna görə, ağa yaxın qırmızı hissəsinin yeyilməsi məsləhət deyil. Bəzən kələmi doğrayarkən özəyini də xüsusilə kəsib uşağa verirlər. Halbuki ən çox azot toplanan hissə kələmin özəyidir ki, onu da atmaq lazımdır".
Gübrə ilə yanaşı, torpaqda olan botulizm bakteriyaları da meyvə-tərəvəzlərlə qidamıza daxil ola bilər. Odur ki, meyvə və tərəvəz 2 saatdan bir suyun dəyişdirilməsi şərtilə 7-8 saat soyuq suda saxlanılmalıdır. Bu zaman məhsulun tərkibində olan kənar maddələr suda həll olur və zərərsizləşir. Göyərtilər isə istifadədən qabaq 2-3 saat suda saxlanılmalıdır. Odur ki, qeyd olunan qaydalara riayət edənlər gübrəli məhsullarla bağlı yarana biləcək problemlərdən uzaq olar.
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov bildirir ki, yerli bazarda kənardan gələn elə məhsullar var ki, insan orqanizmi üçün böyük təhlükədir: "Ölkəyə gətirilən meyvə və tərəvəzlərin də böyük qismi insanın istifadəsi üçün nəzərdə tutulmayıb. Onların tərkibində nitrat çox olur. Nitratın da çox olması insan orqanizmi üçün təhlükəlidir. Bu çox ciddi fəsadlar yarada bilər. Bizim işbazlar bazar boş olduğu üçün xaricdən keyfiyyətsiz məhsulları alıb gətirirlər. Nəzərə alınmalıdır ki, bu məhsulların istehsalı zamanı zərərvericilərə qarşı dərmanlardan daha çox istifadə olunur. Bundan başqa, məhsulun istehsalı zamanı hansı azot gübrəsindən istifadə olunması da məlum deyil.
Məsələn, bu gün bazarlarda satılan və xarici görkəmi diqqəti cəlb edən və ölçücə böyük olan çiyələk və başqa meyvələr həm genetik modifikasiyalı meyvələr ola bilər, həm də gübrəli. Əgər meyvələr genetik modifikasiyalıdırsa, bu yaxşı haldır. Amma bu zaman onların xüsusi sənədləri olmalıdır ki, burada bütün məqamlar nəzərə alınıb. Amma bir də var həmin çiyələyə daha çox azot verilməsi nəticəsində bunu əldə edəsən. Bu hal təhlükəlidir. Deməli, meyvənin tərkibində nitrat çoxdur. Hər halda bütün məsuliyyət nəzarət edən orqanların üzərinə düşür. Onlar meyvəni yoxlamalıdır. Əgər meyvənin tərkibində insan orqanizminə ziyanlı maddə yoxdursa, ondan əminliklə istifadə etmək olar".

Ülviyyə Tahirqızı