Xaricdə təhsil alan gənclər geri qayıtmır Hadisə

Xaricdə təhsil alan gənclər geri qayıtmır

Əhməd Qəşəmoğlu: "Gənclər maddi problemlərdən dolayı geri qayıtmaq istəmirlər"
Məhərrəm Zülfüqarlı: "Burda 200-300 manat əmək haqqına niyə razılaşsın?"

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" sayəsində son 6 il ərzində 550 azərbaycanlı gənc xarici ölkələrin ali təhsil müəssisələrinin məzunu olub. Məzunlar arasında Böyük Britaniyadan sonra Rusiya, Türkiyə, Fransa, Almaniyada oxuyan uşaqlar sayca üstünlük təşkil edir. Belə ki, bu ölkələrin hər birində proqram üzrə təxminən 57-58 gənc təhsil alıb. Dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan gənclərin əksəriyyəti (76,5 faiz) bakalavr və magistratura pillələrində oxuyanlardır.
Qeyd edək ki, proqram üzrə təhsil alanların üzərinə sonradan Azərbaycana qayıdıb minimum 5 il ərzində burada işləməsi tələbi qoyulub. Belə ki, Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında bağlanan müqavilənin 5.2.-ci bəndinə əsasən, tələbə təhsilini başa vurduqdan sonra 2 ay müddətində ölkəyə qayıtmadıqda və könüllü olaraq təhsilini davam etdirmədikdə, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilən bütün faktiki xərclər 2 aydan gec olmayaraq qaytarılmalıdır. Bundan əlavə, təhsil alanların hər tədris ilinin sonunda təqdim etdikləri tədris hesabatı qənaətbəxş hesab olunmadığı təqdirdə, təhsil alanın akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır. İndiyə kimi proqrama 67 milyon manat xərclənib.
Lakin qoyulan öhdəliyə baxmayaraq dövlət hesabına xaricdə təhsil alan gənclərin bir hissəsi xaricdə qalıb, təhsilini növbəti səviyyələr üzrə davam etdirən və ya nüfuzlu beynəlxalq təşkilat, şirkətlərdə aparıcı mövqelərdə çalışanlar var. Məsələn, indiyədək məzun olanların 118 nəfəri Azərbaycana qayıtmayıb. 18 nəfərin hazırda ölkədə olub-olmaması və iş yeri barədə nazirliyə məlumat təqdim edilməyib. Qayıtmayan məzunların 34-ü təhsilini öz hesabına davam etdirir, 33-ü isə xaricdə çalışır. Azərbaycana qayıdan 342 nəfərdən isə 204-ü ölkədə çalışır, 131-i iş yeri barədə nazirliyə məlumat daxil etməyib, 7-si hərbi xidmətdədir.
Bir çox ekspertəlrin fikrincə, xaricdə təhsil alan, geri qayıtmaq istəməyənlər üçün sərt şərtlər qoyulmalıdır. Azərbaycana lazım olan ixtisaslar müəyyən edilməlidir ki, dövlət vəsaitləri hansısa inkişaf etmiş qərb ölkəsindəki kadr ehtiyacını ödəməyə xərclənməsin. Yəni xaricdə təhsilə xərclənən hər qəpiyin qiyməti bilinməlidir və bu pulu xərcləmiş adamlardan hesabat tələb edilməlidir.
Sosioloq Əhməd Qəşəmoğlu bunu xaricdə təhsil almış tələbələrin ölkədə qarşılaşdıqları çətinliklərlə izah edir: "Bu, çox ciddi məsələdir. Ölkəmizin indiki vaxtda o cür intellektlərə ehtiyacı var. O məqsədlə dövlət gəncləri xaridə təhsil almağa göndərir ki, mütəxəssislər hazırlansın. Mən müşahidə etmişəm ki, bizim xaricdə oxuyan tələbələrimiz yüksək nəticələr ələ edirlər, yüksək qiymətlərlə oxuyurlar. Məsələn, onlardan hansısa alim olmaq istəyirsə, Azərbaycana ona görə gəlmir ki, burda alim olmaq çox çətin bir yol tələb edir. Hansısa sahədə mütəxəssis olaraq çalışmağa gəldikdə isə, bizdə cəmi 1-2 sahə var ki, mütəxəssislərə yüksək əmək haqqı verilir. Bu da adətən neftlə, iqtisadiyyatla bağlı sahələr olur. Burada da məhdud sayda gəncləri qayıdan kimi işə götürürlər. Yerdə qalanlar isə ya işləmir, ya aşağı əmək haqqı ilə çalışmağa məcbur olur. Xarici ölkədə təhsil alarkən ona verilən təqaüd burada mütəxəssis kimi çalışıb qazandığı puldan çox olur. Beləliklə, gənclər maddi problemlərdən dolayı geri qayıtmaq istəmirlər".
Sosioloq yaxın 5-6 il üçün ölkəmizdə daha qaneedici vəziyyətin yaranacağına inanır: "Amma reallıqdır ki, indi ölkədə bununla bağlı işlər görülür. Məsələn, professor Kamal Abdullanın yeni vəzifəyə başlaması mənə ümid verir ki, dövlətimizdə bu sahədə də müəyyən mühitin yaranması üçün şərait yaranacaq. İndi Bilik Fondu yaradılıb. Bilik Fondu bütün ölkədə mütəşəkkil maarifləndirmə sistemini qurmaqla məşğuldur. Multikultiralizmlə bağlı mərkəz də yaranıb. Bütün bunlar dediyimiz neqativ məsələləri üzə çıxarıb yoluna qoymaqla məşğuldur. Sadəcə olaraq, bu sahə ilə bağlı da zaman lazımdır. İşlər görülür. Keçid dövründə, dünyanın indiki dolaşıq vaxtında Azərbaycandan birdən-birə gözləmək olmazdı ki, şərait Fransa, Amerika, Danimarka, İtaliya, Norveç və s. kimi olsun. Məsələyə optimistcəsinə yanaşaraq, ümid edək ki, yaxın vaxtlarda ölkəmizdə daha çox cəlbedici amillər artacaq. Hazırda Elmlər Akademiyasında da müzakirələr gedir ki, hansı mexanizm qurulsun ki, xaricdə oxuyan gənc mütəxəssislərimiz öz elmimizə qayıtsınlar. Bunlar ümid verir ki, 5-6 il sonra zamanla ölkədə xaricdə oxuyan tələbələri cəlbedici, onları qane edəcək şərait yaranacaq. Amma bütün bunlarla yanaşı, xaricdə oxuyan tələbələrimizlə vətənpərvərlik ruhunda ciddi işlər aparılmalıdır. Elə olmalıdır ki, onlarda vətənə bağlılıq hissi də güclü olsun. Bunun özü də onların geri qayıtmasında mühüm rol oynayacaq. Vəziyyət hazırda qaneedici olmasa da, düşünürəm ki, yaxşılığa doğru gedir. İstər KİV, istər bir ziyalı olaraq bizim kimi insanlar, istərsə də digər qurumlar tərəfindən bu sahədə lazımi işlər görülməlidir".
Təhsil eksperti Məhərrəm Zülfüqarlı da problemin kökündə Azərbaycanda əmək haqqının Avropa ilə müqayisədə aşağı səviyyədə olmasını görür: "Tələbələrin xaricə təhsil almaq üçün göndərilməsi kimi gözəl bir ənənə hələ cumhuriyyət dövründən başlayıb. O vaxt hər il 100 tələbə xaricə oxumağa göndirilirdi. Bu ənənə indi də inkişaf etmiş şəkildə davam edir. Təhsil almaq üçün başqa ölkələrə gedən gənclərin geri qayıtmaması kimi problemə gəlincə isə, məsələ ondan qaynaqlanır ki, xaricdə oxuyan tələbələr ölkəyə qayıdandan sonra onlara dövlət müəssisələrində az əmək haqqı verilir. Buna görə də onlar ya Azərbaycanda olan yüksək əmək haqqı verən özəl şirkətlərdə çalışırlar, ya da yenidən geri qayıdırlar. Azərbaycanda əmək haqları artırılmalıdır. Məsələn, biz univeristetlərdə Boloniya sisteminə uyğun təhsil veririk, dərslər keçirik. Amma əmək haqqı Boloniya sisteminə uyğun verilmir. Xaricdə təhsil almış gənc ayda 1500 avro dövlətdən təqaüd alırdısa, burda 200-300 manat əmək haqqına niyə razılaşsın? Ona görə də burda böyük bir fərq olduğundan onlar yüksək məvacibli iş axtarırlar".
Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov çıxışlarının birində sözügedən məsələyə toxunmuşdu: "Bizim xaricdə təhsil alan gənclərə çox böyük ehtiyacımız var. Əfsuslar olsun ki, biz sizi göndəririk, amma siz geri qayıtmırsız. Sizi göndərmişik ki, xaricdən gəlib universitetləri gücləndirəsiniz. Sizə görün nə qədər pullar xərcləmişik, 20, 50, 80 min pul vermişik. Bu rəqəmlərin bəzilərini açıqlamaq da istəmirəm, amma bu pulları nəyə görə vermişik? Ona görə vermişik ki, siz orada oxuyub, mütəxəssis olaraq gəlib öz universitetlərimizdə işləyəsiniz. Biz sizi universitetə dəvət edirik, xaricdə təhsil alandan sonra geri qayıdın və ali məktəblərlə əməkdaşlıq edin".
Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzinin proqram koordinatoru Elmina Kazımzadə Azadlıq radiosuna müsahibəsində bildirib ki, hazırda yerli bazar xaricdə "beynəlxalq əlaqələr", "beynəlxalq hüquq" kimi nüfuzlu ixtisasları bitirənlərlə dolub: "Onların birinci axını beynəlxalq təşkilatlar, Xarici İşlər Nazirliyində bütün mümkün mövqeləri tutub. Hazırda çox maraqlı tendensiya müşahidə olunur. Bu uşaqlar əvvəllər yerli universitetlərdə dərs deməyə həvəssiz yanaşırdısa, indi yerli universitetlərdə dərs deməyə can atırlar. Bu, çox müsbət məqamdır...".
Yeri gəlmişkən Yerevanda Akademik Əməkdaşlıq Assosiasiyasının prezidenti Xaçik Qevorkyan yerli mətbuata müsahibəsində bildirib ki, Azərbaycandan fərqli olaraq Ermənistanda dövlət xətti ilə xaricdə oxuyan tələbələrin qayıdıb dövlət strukturlarında çalışmaları tələb olunmur: "Ermənistan hökuməti bir il əvvəl LUYS fondu yaradıb və erməni tələbələrin xaricdə təhsil almasını maliyyələşdirir. Bu şəxslərin Ermənistan vətəndaşı, ya erməni diasporundan olması əhəmiyyətli deyil. Tələbələr dünyanın ən yaxşı 15 universitetinə göndərilir. Azərbaycanda belə tələbələrin qayıtması tələb olunursa, bizdə bu fərqlidir... Dünyanın ən yaxşı universitetlərini bitirən tələbələrin xaricdə qalması və Ermənistanla daim əlaqələrinin olması bizim üçün yaxşıdır...".
Bir çoxları isə bu fikirdədir ki, xaricə tələbə göndərib, onları oxutdurmaq, sonra da bəzilərini istəklərini ziddinə geri qaytarmaq əvəzinə xarici təhsili Azərbaycana gətirmək olar. Yəni, daha az xərc çəkməklə eyni nəticə əldə etmək olar. Məsələn, Almaniyada iki pillə üzrə təhsil alan, orada işləyib sonradan Azərbaycana qayıdan Anar Şükürov "Təhsil 2020-vision" adlı təkliflər paketi hazırlayıb. Onun iddiasına görə, Azərbaycanda şərti olaraq "Silkway University" adlı güclü bir təhsil ocağı yaratmaq olar: "Bu, Orta Asiyanın, Yaxın Şərqin, ümumiyyətlə, regionun ən güclü universiteti ola bilər. Hətta onu Bakıda yox, regionlardan birində yaratmaq yaxşı olardı. Bu universitetin bir neçə milyardlıq büdcəsi, ən yaxşı infrastrukturu, son texnologiyalara uyğun laboratoriyaları olmalıdır. Çalışmaq lazımdır ki, Silkway-da dünyanın qabaqcıl professorları ilə müqavilə imzalansın. Belə olan halda, Azərbaycan elm idxal edən yox, ixrac edən ölkəyə çevrilə bilər".
Anar Şükürov əmindir ki, belə bir layihə Azərbaycan iqtisadiyyatına böyük töhfə verməyə qadirdir: "Təsəvvür edin, belə bir universitetin regionda tikilməsi kənardan şirkətlərin cəlb olunması deməkdir. Tələbə olacaqsa, yataqxanası tikiləcək, regiona digər infrastruktur yönəldiləcək. Həmçinin, yüksək səviyyəli elmi mütəxəssislər hazırlamaq imkanımız olacaq. Yəni, Azərbaycana beyin axınını təmin etmiş olacağıq". Onun fikrincə, xarici professorların Dövlət Proqramı səviyyəsində Azərbaycana dəvət edilməsi, onların mütəmadi və ya daimi olaraq Azərbaycan universitetlərində master-klass və mühazirələr oxuması çox effektiv olar: "Bir professor gətirmək xaricə 50-100 tələbə göndərmək effektini verə bilər. Hazırda Azərbaycan yüzlərlə tələbəni xarici ölkələrə göndərir, xüsusi sistem qurulub, müsahibələr keçirilir, tələbələr oxudulur. Lakin həmin yüzlərlə tələbəyə dərs deyə biləcək professorları bura gətirmək daha sərfəlidir".

Ülviyyə Tahirqızı