DİM sədri: “Buraxılış imtahanlarının iyunda keçirilməsi nəzərdə tutulub” Hadisə

DİM sədri: “Buraxılış imtahanlarının iyunda keçirilməsi nəzərdə tutulub”

“Xüsusi rejimlə əlaqədar 15 növ imtahan təxirə salınıb. Bu il 9-cu siniflərin buraxılış imtahanında cəmi 120 min çox şagird iştirak etməli idi. İlk mərhələ martın 1-də keçirilib. Həmin imtahanda 40 min şagird iştirak edib”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Şura sədri əlavə edib ki, 9-cu siniflərin buraxılış imtahanlarının ikinci mərhələsi iyunda olacaq: "IX sinif buraxılış imtahanlarının iyun ayında bir mərhələdə bu imtahanın II mərhələsinin modeli əsasında keçirilməsi planlaşdırılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq, imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyənləşəcək. İmtahana buraxılış vərəqələri imtahan günündən 5-7 gün əvvəl DİM-in saytında yerləşdirilir. 1 mart 2020-ci il tarixində Bakı, Şirvan və Naxçıvan Muxtar Respublikasında I mərhələ üzrə imtahan vermiş məzunların imtahan nəticələri elmi-statistik hesablamalar tətbiq edilməklə 100 bala uyğunlaşdırılacaq.
Digər bölgələr üzrə məzunlar yalnız imtahanın II mərhələsində iştirak edəcəklər. Bu mərhələ üzrə maksimal bal hər fənn üzrə 70 deyil, 100 ballıq şkalaya uyğun hesablanacaq”.
DİM sədri deyib ki, nəticələri I mərhələ imtahanı əsasında hesablanmış məzunlar qiymətlərindən narazı olduqları halda II mərhələ imtahanında iştirak edə bilərlər. Buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur: “Bu il və əvvəlki illərdə üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyən məzunlar sentyabr ayında təşkil ediləcək imtahanlarda iştirak edə bilərlər. XI sinif buraxılış imtahanlarının da iyun ayı ərzində təşkil edilməsi planlaşdırılır. Məzunlar buraxılış imtahanında əvvəlki illərdə olduğu kimi hər fənn üzrə maksimum 100 bal toplaya bilərlər".