“Vətəndaşın sağlamlığı əsas götürüldü” Hadisə

“Vətəndaşın sağlamlığı əsas götürüldü”

“Koronavirus pandemiyası yaranandan bəri ən mütəşəkkil tədbirlər görən ölkələrdən biri cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan oldu”. Bunu millət vəkili Musa Qasımlı deyib. Deputatın sözlərinə görə, o zaman Azərbaycan iki seçim qarşısında dayanmışdı: “Ya Azərbaycan vətəndaşının sağlamlığı əsas götürülməli idi, ya da müəssisələr işləməli, vətəndaşların sağlamlığına zərər gəlməli və dövlət büdcəsi ziyan görməli idi. Cənab Prezidentimiz qəti şəkildə bildirdi ki, dövlət büdcəsinə nə qədər ziyan dəysə də belə onun siyasətinin təməlində Azərbaycan vətəndaşının sağlamlığı dayanır. Ölkə iqtisadiyyatına müəyyən zərər dəydi amma vətəndaşın sağlamlığı əsas götürüldü. Ötən müddət ərzində Azərbaycanda maska istehsal edən müəssisə işə salındı, spirt istehsalı qaydaya düşdü, eləcə də modul tipli xəstəxanaların quraşdırılması üçün vəsait ayrıldı. Bütün bunlarla bərabər yolların inşasına, su kanallarının tikintisinə, subartezian quyularının qazılmasına, məktəb tikintisinə, təbii qaz çəkişilinə dövlət büdcəsindən vəsaitlər ayrıldı. İlk baxışda, dildə bunları söyləmək çox asandır. Amma dövlət büdcəsinə vəsaitlərin gəlmədiyi bir şəraitdə dövlətimiz bunları etdi. Yəni ilk növbədə vətəndaşın sağlamlığı qorundu və böyük məharətlə iqtisadi, sosial layihələr üçün də vəsait ayrıldı. İyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı bir örnək idi. Hesab edirəm ki, vətəndaşlarımız ondan ibrət almalıdırlar. Birdəfəlik başa düşmək lazımdır ki, Azərbaycan hökuməti hər bir hündürmərtəbəli binanın giriş qapısına bir nəfər polis işçisi qoya bilməz. Eləcə də hər metro qatarının vaqonuna polis işçisi təyin etmək mümkün deyil. Həmçinin hər bir bazara, dükana polis işçisi təhkim etmək olmaz. Hətta insanlarımızın bəzisi deyir ki, toylarımız qaldı. Bu vəziyyətdən çıxmaq üçün vətəndaş hökumətin tələblərinə cavab verməlidir və tövsiyyələrə riayət etməlidir. Amma nə dərəcədə bu tövsiyyələrə riayət olunur? Hökumət özündən asılı olan hər şeyi edir. Amma çox şey vətəndaşdan asılıdır. Vətəndaş Operativ Qərargahın tövsiyyələrinə ciddi şəkildə riayət etməlidir. Vəziyyətin belə davam etməsi həm ölkə iqtisadiyyatına ziyan gətirir, həm də vətəndaşın dolanışığına çətinlik yaradır. Biz mütəşəkkil olmalıyıq. Mən başqa bir məsələyə də açıq şəkildə münasibətimiz bildirmək istəyirəm. Polis dövlətin orqanıdır. Polisi təhqir etmək, başına butulka, zibil atmaq olmaz. Polis dövlətin nümayəndəsidir. Axı necə olur ki, insanın evi oğurlananda, nəyisə itəndə, çətinə düşəndə polisə müraciət edir. Polis günün istisində, yağışda, qarda küçələrdə ictimai asayişi qoruyur. Polisi necə təhqir etmək olar və ona necə butulka atmaq olar? Bunu edənlər hərəkətlərinin fərqində olmalıdırlar. Birdəfəlik bilməliyik ki, bizim hamımız bu dünyada faniyik amma millətimiz, dövlətimiz əbədidir. Bizim heç birimiz dövlətin əsaslarını sarsıda biləcək addımlar atan insanlara qarşı laqeyd olmamalıyıq. İctimai qınaq olmalıdır. Avtobusda insanlar tibbi maska taxmırlar. Çayxanalarda insanlar az qala bir-birinə yapışmış halda otururlar. Onlar dezinfeksiya vasitələrindən istifadə etmirlər. Bunu da hökumət hər bir vətəndaş üçün edə bilməz. Vətəndaş məsuliyyətli olmalıdır. Biz dünyada nəyin baş verdiyini ciddi şəkildə başa düşməliyik. Bu gün dünyada ölkələr gözümün qarşısında çökürlər. Axı nə qədər məsuliyyətsiz hərəkətlər davam edə bilər? Kim dövlətin onurğa sütununu təşkil edən ordu, polis, təhlükəsizlik, hüquq-mühafizə orqanlarına qarşı qanunazidd hərəkət edirsə, qanun qarşısında cavab verməlidir”.