“İnformasiya təhlükəsizliyilə bağlı sənəd yerində qəbul edilib” Hadisə

“İnformasiya təhlükəsizliyilə bağlı sənəd yerində qəbul edilib”

Osman Gündüz: "İnformasiya cəmiyyətinin formalaşması bu sahədə olan təhlükənin qarşısının alınması üçün yeni addımların atılmasını tələb edir"

Dövlət başçısı tərəfindən "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" Fərman imzalandı. Bəs ötən iki il ərzində fərmanda nəzərdə tutulan işlər hansı səviyyədə icra edilib?
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Azadinform"a açıqlanmasında bu fərmanı yerində qəbul edilmiş sənəd kimi qiymətləndirib: "Hesab edirəm ki, bu yerində qəbul edilmiş sənəd idi. Son dövrlər Azərbaycanda informasiya texnologiyalarının inkişafı, informasiya cəmiyyətinin formalaşması bu sahədə olan təhlükənin qarşısının alınması üçün yeni addımların atılmasını tələb edirdi. Bu baxımdan elə bir vaxtda bu sənədin qəbul edilməsi vacib, aktual idi. Sənədin qəbul edilməsindən sonra 2 yeni dövlət qurumu yaradıldı. Dövlət sektorunda informasiya təhlükəsizliyinin qorunması və qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyinin qorunması ilə bağlı qurum, strukturlar formalaşdı, əsasnamələr təsdiqləndi, tədbirlər planı müəyyən edildi. Bundan sonra bu istiqamətdə müəyyən addımlar atıldı. Həm dövlət sektorunda dövlətə məxsus olan internet resursların, informasiya resursları təhlükəsinin qorunması və o cümlədən qeyri-dövlət sektorunda da".
Ekspert informasiya təhlükəsizliyi sahəsində çatışmazlıqların da mövcud olduğunu bildirib və bu sahədə monitorinqlərin aparılmalı olduğunu qeyd edib: "Azərbaycan müharibə şəraitində olan ölkədir. Sabah elə bil şərait ola bilər ki, bu resurslara daha ciddi hücum ola bilər. İndi araşdırılmalıdır ki, resurslar bu cür hücumlara hazırdırmı? Belə monitorinq aparılmalıdır".