İtin dişi, motalın dərisi... Hadisə

İtin dişi, motalın dərisi...

Elçin Mirzəbəyli

Sağlam məntiqlə və düşüncə ilə iqtidar-müxalifət münasibətlərinə heç bir aidiyyatı olmayan bir mərasimdə - Müsavat partiyasından sabiq deputat İkram İsrafilin övladının toy mərasimindən çəkilən şəkillər populist müxalifət düşərgəsindəki münasibətlərin nə qədər saxta, ab-havanın isə nə qədər iyrənc olduğunu bir daha aşkara çıxardı...
Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzəzadənin və BQP sədri, millət vəkili Fazil Qəzənfəroğlunun İkram İsrafilin övladının şad günündə iştirak etməsi və birgə fotoşəkillər çəkdirməsi marığda dayanmış Əli Kərimliyə və yan-yörəsindəki küçə uşaqlarına öz ənənəvi tərbiyəsizliklərini nümayiş etdirməyə imkan yaratdı.
Əslində bu mövzuya toxunmaya da bilərdik... Məsəli bu yazının hədəflərindən uzaq, el arasında belə bir deyim var: "İtin dişi, motalın dərisi..." Yəni... biz də "yırtsa nə yaxşı, yırtmasa nə yaxşı deyib" baş verənləri uzaqdan seyr edərdik, vəssalam.
Amma olmur... Bizm fərqimiz də bundadır. Biz cəmiyyətə və onun gələcəyinə münasibətimizi fərdlərə görə dəyişmirik.
Əli Kərimli və onun əlaltıları, xüsusilə də həyata keçirdiyi özəl missiyadan diqqəti yayındırmaq üçün hər kəsdən daha çox şüvən qoparan Fuad Qəhrəmanlının sərgilədiyi bəsit, hər kəlməsindən yalan püskürən mövqe bu olaya seyrçi qalmağımıza imkan vermədi...
Nə deyir Fuad Qəhrəmanlı... Deyir ki, mən ona görə Əli Kərimlinin müaviniyəm ki, lider dediyim şəxsin heç vaxt bu rejimi... müdafiə edən YAP-çılarla bir masa arxasında oturmasını ona və müavini olaraq özümə rəva görmərəm. Mən Əli bəyi həm də ona görə lider sayıram ki, o da fotodakı şəxslər kimi YAP-çılarla duz-çörək kəsməz".
Adama deyərlər, yalançının...
O zaman, vaxtilə Əli Kərimlinin müavini, indi isə "Milli Şura" yoldaşı olan Cəmil Həsənlinin övladlarının toyunda Fuad Qəhrəmanlının bəh-bəhlə öydüyü liderinin nə işi vardı... YAP rəhbərliyinin və funksionerlərinin az qala tam tərkibdə iştirak etdiyi bu mərasimlərdə Əli Kərimli kimlərlə duz-çörək kəsirdi görəsən... Bəlkə onun üçün ətrafı şüşə ilə ortülmüş, özəl havalandırma sistemi olan xüsusi kamera quraşdırmışdılar...
Bu qədər həyasızlıq, bu qədər riyakarlıq olmaz...
Əli Kərimli nəinki YAP-çılarla çörək kəsib, illərlə "Azadlıq" qəzetinin səhifələrində yayımlanan kompramat savaşlarında iştirak edən, hakim partiyanın sıralarından qovuımuş, cinayətkar əməllərinə görə həbs edilmiş şəxslərin ötürdüyü vəsaitlərdən kəsib... kəsib və özünə güzaran düzəldib. Həm də gizlində, oğrun-oğrun... Sonra da Fuad Qəhrəmanlı kimi "qəhrəmanlıq" etmək niyyətinə düşüb, öz əməllərini ölkədə normal iqtidar-müxalifət münasibətlərinin formalaşması istiqamətində fikirlər səsləndirən, real addımlar atan insanların adına yazmağa çalışıb. Və atdığı çamurlar qayıdıb öz üzərinə, indi də altından... çıxa bilmir.
...Baş verənlər bir daha sübuta yetirdi ki, bu adamların iştirakı ilə normal siyasi münasibətlər sistemi formalaşdırmaq mümkün deyil. Çıxa bilmədikləri və heç zaman çıxmayacaqları uğursuzluq zolağı isə təkcə siyasi proseslərin nəticəsi deyil, həm də İlahi ədalətin təntənəsidir.