“Naxçıvan 90 il” Hadisə

“Naxçıvan 90 il”

Fotoalbomun təqdimat mərasimi keçirilib

Tural

Oktyabrın 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının sərgi zalında "Naxçıvan 90 il" adlı fotoalbomun təqdimat mərasimi keçirildi. Tədbirdə hökumət nümayəndələri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak edirdi. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, fotoalbom ölkə Prezidentinin "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında" 14 yanvar 2014-cü il tarixli sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunub. Layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, məsləhətçilər nazirin birinci müavini Vaqif Əliyev və təhsil nazirinin müavini Firudin Qurbanovdur.
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq təqdim olunan nəşrin əhəmiyyətini vurğuladı, Naxçıvanın Azərbaycanın dövlətçilik tarixindəki yerindən, rolundan danışdı.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev "Naxçıvan 90 il" fotoalbomunun bu il may ayının 12-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində muxtar respublikanın 90 illik yubileyinə həsr edilmiş sərginin davamı olduğunu diqqətə çatdırdı. Nəşrdə Naxçıvanın qədim və zəngin tarixinin, müasir inkişafının əks olunduğunu qeyd etdi.
Vaqif Əliyev qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasındakı sürətli inkişaf edir: "Naxçıvanın bugünkü inkişaf səviyyəsinə çatması ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ona görə ki, Naxçıvan Azərbaycan xalqına dünya şöhrətli şəxsiyyət, ulu öndər Heydər Əliyevi bəxş edib. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı muxtar respublikaya hər səfəri zamanı orada aparılan genişmiqyaslı quruculuq, abadlıq işləri ilə tanış olur, infrastruktur obyektlərinin açılışında iştirak edir. Aparılan bu işlərindən Naxçıvanın nüfuzunun dünyada, eləcə də İslam aləmində artmasına səbəb olub. Belə ki, Naxçıvan şəhəri 2018-ci ildə "İslam Mədəniyyətinin Paytaxtı" kimi böyük bir missiyanı yerinə yetirəcək. Qədim diyar möhtəşəm tədbirlərin keçirildiyi məkanlardan birinə çevriləcək".
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov bildirdi ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə bağlı keçirilən silsilə tədbirlər bu qədim diyarın tarixinin öyrənilməsi, müasir inkişafının təbliği baxımından mühüm əhəmiyyət daşıyır. "Naxçıvan 90 il" adlı fotoalbom da bu yubileyə böyük töhfədir. Təhsil Nazirinin müavini Firudin Qurbanov da muxtar respublikanın tarixindən və sosial-iqtisadi inkişafından danışdı. Son illər Naxçıvanda 200-dən çox məktəbin və məktəbəqədər tərbiyə müəssisənin tikildiyini və ya əsaslı təmir olunduğunu diqqətə çatdırdı. "Naxçıvan 90 il" fotoalbomunda bu inkişafın da əksini tapdığını vurğuladı.
AMEA-nın vitse-prezidenti, millət vəkili, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli fotoalbomda yer alan məlumatlara diqqəti çəkərək bildirdi ki, sovet tarixşünaslığında Naxçıvanın 3500 illik tarixindən söz açılırdı: "Bu, sabitləşmiş şəhər mədəniyyətinin tarixi idi. Ancaq son illər tarixçilərimizin apardığı araşdırmalar, aşkar olunan maddi mədəniyyət nümunələri Naxçıvanda şəhərsalma mədəniyyətinin 5 min ildən artıq yaşının olduğunu deməyə əsas verir. Təqdim olunan yeni nəşrdə də müasir elmin Naxçıvanın tarixi, mədəniyyəti haqqında ən ümumiləşdirilmiş yekun qənaətləri əksini tapıb".
İsa Həbibbəyli qeyd etdi ki, hazırda AMEA-nın Naxçıvan Bölməsi tərəfindən 1200-dən çox tarixi abidə qeydə alınıb ki, onlardan da 100-ü dünya əhəmiyyətlidir. Oxucular yeni nəşrdə bu qədim diyarla bağlı zəngin məlumatlar əldə edəcəklər. Millət vəkili, yazıçı-publisist Elmira Axundova nəşrin əhəmiyyətini vurğulayaraq belə çap məhsullarının əcnəbi dillərə tərcümə olunaraq xarici ölkələrdəki səfirliklərimizə göndərilməsinin faydalı olacağını bildirdi.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ümummilli liderin hakimiyyətə yenidən qayıdışında sonra ölkəmizdə həyata keçirilən mühüm layihələrdən söz açdı. Ulu öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin Azərbaycana, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına göstərdiyi diqqət və qayğıdan bəhs etdi. Qeyd olundu ki, Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində Naxçıvan Muxtar Respublikasının inkişafının 2003-cü ildən sonrakı dövrü ümummilli liderimiz Heydər Əliyevin quruculuq xəttinin yaradıcı gücünün daha bir əyani ifadəsidir. Bu xəttin davam etdirilməsi blokada şəraitində yaşayan muxtar respublikada dinamik inkişafı təmin edib. Sonda tədbir iştirakçıları "Naxçıvan Muxtar Respublikası-90" adlı kitab sərgisi ilə tanış olublar.