FHN Astarada təlim keçirib Hadisə

FHN Astarada təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsi dünən Astara rayonunda "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçiriib.
APA-nın cənub bürosunun məlumatına görə, təlimin başlıca məqsədi fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunmasının və mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar üzrə komissiyaların fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığının yoxlanılması, fövqəladə hallar zamanı əhalinin və işçilərin mühafizəsinin təşkili, mülki müdafiə idarəetmə orqanlarına, qüvvələrinə, fövqəladə hallar üzrə komissiyalara, rəhbər heyət və işçilərə fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanması olub. Təlimə Astara Rayon İcra Hakimiyyəti, rayon Fövqəladə Hallar Komissiyası, Mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri cəlb ediliblər. Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğının söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, epidemiya və epizootiyaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi ilə bağlı tapşırıqları yerinə yetiriblər. Əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına yönəldilib. Kompleks təlimdə rayonun hərbiləşdirilməmiş dəstələrinin 228 nəfər şəxsi heyəti və 37 ədəd texnikası iştirak edib.