9 Sentyabr 23:45
9 Sentyabr 23:12
11:29
273
“ABŞ nümayəndə heyətinin Moskova və Kiyevə səfərini Rusiya-Ukrayna müharibəsində diplomatik proseslərin yeni bir mərhələdə başlanğıcı kimi qiymətləndirmək olar. Bilirik ki, daha öncə bu danışıqlar prosesi davam edib və müəyyən müddətdə, xüsusən İran müharibəsinin başlanmasından sonra Ukrayna məsələsi bir qədər arxa plana keçdi. Bu, o demək deyil ki, proses dayanmışdı, amma diplomatik səylər əvvəlki qədər deyildi”.
Bunu xalqcebhesi.az-a politoloq Asif Nərimanlı deyib.
A.Nərimanlı bildirib ki, ABŞ tərəfi səyləri yenidən aktivləşdirməyə çalışır: “Fikrimcə, bu səfərlərin edilməsi, görüşlərin keçirilməsi, o deməkdir ki, ABŞ yenidən Rusiya və Ukrayna məsələsinin həlli ilə bağlı diplomatik səyləri artıracaq. Lakin bunun real diplomatik nəticələr verəcəyi hələ də sual altındadır. Çünki tərəflər arasında ziddiyyətli mövqelər hələ də bəllidir. Yəni bir çox məsələdə razılaşmalar əldə olunsa belə, əsas ziddiyyətli məqam ərazi məsələsi yenə də qalır. Rusiya tərəfinin Donbassa tamamilə nəzarət etmək tələbi dəyişmir”.
Politoloq əlavə edib ki, Rusiya istəyir ki, Ukrayna Rusiyanın işğal etmədiyi digər ərazilərdən çıxsın və onu da Rusiyaya təhvil versin, amma Ukrayna tərəfi bunu qəbul etmir: “ABŞ tərəfi bu məsələnin həlli üçün Rusiyanın tələb etdiyi ərazilərdən Ukrayna ordusunun çıxarılmasını, lakin həmin ərazilərin Rusiyaya verilməməsini təklif edir, yəni bir növ orada azad iqtisadi zonanın yaradılması təklifləri var. Bu kontekstdə baxdıqda tərəflərin diplomatik masadakı müzakirəsi real həll yolu tapılacağı gözləntisini yaratmır”.
Onun fikrincə, bu səfəri diplomatik prosesin davam etməsi, danışıqlarla bağlı yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar: “Ümumiyyətlə, Ukrayna məsələsində belə görünür ki, tərəflərdən biri tamamilə geri çəkilmədiyi müddətdə razılaşmanın əldə edilməsi ehtimalları zəifdir. Təbii ki, ABŞ tərəfinin təzyiqi və müəyyən tələbləri var. ABŞ çalışır, həll etməyə səy göstərir. Bu da nəticə etibarı ilə diplomatik fəallığın yaranmasına səbəb olur. Amma bu diplomatik fəallığın qısa müddətdə nəticə əldə edilməsinə imkan verəcəyi ehtimalı zəifdir”.
Röya İsrafilova
10:43
385
9 Sentyabr 23:45
763
9 Sentyabr 23:12
812