MM Ali Məhkəmə hakiminin səlahiyyət müddətini uzadıb Hadisə

MM Ali Məhkəmə hakiminin səlahiyyət müddətini uzadıb

Azərbaycan parlamentinin ötən gün keçirilən iclasında Ali Məhkəmənin hakimlərindən birinin səlahiyyət müddətinin uzadılması barədə məsələ müzakirə olunub.
Bununla bağlı layihə barədə Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verərək bildirib ki, prezident İlham Əliyevin təqdimatına əsasən Əli Məhəmməd oğlu Rüstəmovun yenidən Ali Məhkəmənin hakimi təyin edilməsi təklif olunur.
Bildirilib ki, Ə. Rüstəmov 21.07.2000-cu il tarixindən Ali Məhkəmənin hakimidir. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinə əsasən hakim vəzifəsinə hakimlər ilk dəfə beş il müddətinə təyin olunurlar.
Həmin müddət ərzində onlar ildə ən azı bir dəfə tədris kurslarına cəlb edilirlər. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinə - 65 yaşınadək uzadılır. Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər.
Səsvermə nəticəsində layihə qəbul olunub.