Azərbaycanda əhalinin təbii artım əmsalı artıb Hadisə

Azərbaycanda əhalinin təbii artım əmsalı artıb

Azərbaycanda əhalinin sayının artmasına baxmayaraq, son illər ərzində təbii artım əmsalı getdikcə azalırdı. Lakin ötən il ərzində ölkə əhalisinin təbii artım səviyyəsində nisbətən yüksəlmə baş verib.

2019-cu ildə Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən təbii artım əmsalı 8,7 (85263 nəfər) olub. 2018-ci illə müqayisədə çox olmasına baxmayaraq, bu əmsal 2014-2017-ci illərlə müqayisədə azdır.

2014-cü ildə Azərbaycanda əhalinin artım əmsalı 12,2 (əhali sayı 114 855 nəfər artıb) olduğu halda, 2015-ci ildə bu göstərici 11,7-ə (111 513 nəfər), 2016-cı ildə 10,6-a (102 816 nəfər), 2017-ci ildə 8,9-a (86 932 nəfər), 2018-ci ildə 8,4-ə (81 732 nəfər) enib.

Son 29 ildə Azərbaycanda əhalinin ən yüksək təbii artım əmsalı 1990-cı ildə qeydə alınıb. Həmin ildə Azərbaycanda əhalinin təbii artım sayı 140 170 nəfər olub.

Qeyd edək ki, BMT-nin orta ssenari proqnozuna əsasən, Azərbaycan əhalisinin ümumi artımı növbəti illərdə davam edəcək və 2030-cu ildə 10,7 milyon nəfərə çatacaq. Əhalinin yaş strukturu üzrə proqnozlar əsasında müəyyən olunub ki, növbəti illərdə təbii artım nisbətən azalacaq və bu, 15 yaşadək olanların xüsusi çəkisinin 2025-ci ildən sonra aşağı düşməsi ilə nəticələnəcək.