“Ermənistan Rusiyanın enerji təsirindən yaxa qurtarmaq istəyir” Gündəm

“Ermənistan Rusiyanın enerji təsirindən yaxa qurtarmaq istəyir”

““Qazprom”un Ermənistana qaz tədarükünü 15–21 sentyabr tarixlərində “planlı profilaktik və təmir işləri” adı altında dayandırması rəsmi qaydada texniki amillərlə izah edilsə də, bu addım İrəvanın Rusiyadan asılılığı azaltmaq və alternativ mənbələr axtarmaq istiqamətində verdiyi bəyanatlar fonunda baş verir”.

Bunu xalqcebhesi.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, Rusiya ilə Ermənistan arasında enerji amili üzrə yaranan yeni vəziyyət iki ölkə münasibətlərində siyasi ziddiyyətlərin iqtisadi müstəviyə qədəm qoyduğunu göstərir: “Digər yandan isə Nikol Paşinyan İran qazının artırılması, alternativ tədarükçülərin axtarılması, habelə TRIPP layihəsi çərçivəsində Ermənistan ərazisindən qaz kəmərinin çəkilməsi imkanlarını gündəmə gətirir. Deməli, İrəvan enerji təhlükəsizliyi siyasətini şaxələndirməklə əslində siyasi manevr imkanlarını da genişləndirir. Ermənistan tədricən Rusiyanın enerji təsirindən yaxa qurtarmaq istəyir və beləliklə də Qərblə inteqrasiyanı dərinləşdirmək yolunu tutur”.

Politoloqun fikirlərinə görə, Moskva isə məsələyə öz prizmasından yanaşır: “Belə ki, Rusiya rəsmilərinin Ermənistan Aİİ-dən çıxacağı təqdirdə güzəştli qaz qiymətlərinin ləğv edilə biləcəyi barədə xəbərdarlıqları onu göstərir ki, enerji amili Rusiyanın Ermənistana münasibətdə önəmli təsir alətlərindən biridir “Kommersant”ın məlumatında qaz, neft məhsulları və almazların güzəştli tədarükünə dair güzəştlərin də yenidən nəzərdən keçirilə biləcəyinin bildirilməsi təzyiqin sadəcə enerji sektoru ilə məhdudlaşmayacağından xəbər verir. Deməli, Ermənistanın qarşısında enerji təchizatının şaxələndirilməsi və Rusiya ilə mövcud iqtisadi əlaqələrin qorunması arasında mürəkkəb bir seçim müəyyənləşir”.

Röya İsrafilova