“Ermənistanın qaz idxalının tammiqyaslı şaxələndirilməsindən danışmaq tezdir” Gündəm

“Ermənistanın qaz idxalının tammiqyaslı şaxələndirilməsindən danışmaq tezdir”

“2025-ci ildə Ermənistanın təbii qaz idxalı 2024-cü illə müqayisədə 0,8% azalaraq ümumi həcmi 2,707 milyard kubmetr təşkil edib. Ermənistanın qaz balansında Rusiya əsas təchizatçı olaraq qalır və 2025-ci ildə qaz idxalında Rusiyanın payı 2024-cü ildəki 83,8%-dən 82,4%-ə enib və 2025-ci ildə Rusiyadan qaz tədarükü 2,6% azalaraq 2,23 milyard kubmetr təşkil edib”.

Bunu xalqcebhesi.az-a enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev söyləyib.

Z.Vəliyev qeyd edib ki, eyni zamanda, 2025-ci ildə İrandan idxal 8,5% artaraq 477 milyon kubmetrə çatıb: “Beləliklə, İrandan təchizatın payı tədricən artır, baxmayaraq ki, bu, hələlik ölkənin qaz təchizatı strukturunu kökündən dəyişmir. Göründüyü kimi Rusiya qazı Ermənistanın qaz təchizatının əsasını təşkil etməkdə davam edir. İran marşrutu isə ilk növbədə təchizatın şaxələndirilməsinə və balanslaşdırılmasına xidmət edir. Lakin İran illərdir daxili bazarın artan tələbini qarşılaya bilmədiyindən bir çox hallarda Türkiyə və İraq istiqamətinə qaz ixracında müqavilə öhdəliklərini yerinə yetirə bilmir. Bundan əlavə, bu marşrutun genişləndirilməsi potensialı birbaşa infrastrukturla – xüsusilə İran-Ermənistan qaz kəməri və "qaz müqabilində elektrik enerjisi" razılaşması çərçivəsində enerji sektoru üzrə əlaqələrin inkişafı ilə bağlıdır. Buna görə də, Ermənistanın qaz idxalının tammiqyaslı şaxələndirilməsindən danışmaq hələ tezdir”.

O həmçinin deyib ki, son bir neçə ildə şaxələndirmənin yalnız ayrı-ayrı elementləri formalaşmaqdadır: “Ermənistan iqtidarı əsas alternativ mənbələrdən biri kimi TRIPP layihəsi üzrə çəkiləcək qaz kəmərini görür. Bu isə artıq Azərbaycan qazı deməkdir. Sentyabr ayının 15-dən 25-nə kimi " Şimali Qafqaz -Zaqafqaziya " Magistral Qaz Kəmərində planlaşdırılan təmir işləri ilə əlaqədar Ermənistana qaz tədarükünün dayandırılması ilə əlaqədar istehlakçılar Abovyan Yeraltı Qaz Anbarındakı aktiv qaz həcmlərindən və İrandan əlavə qaz tədarükü hesabına fasiləsiz qaz təchizatı ilə təmin oluna bilər. "Qazprom" təbii qaz təchizatında Ermənistana təzyiq göstərə bilər. Nəzərə almaq lazımdır ki , Ermənistanın qaz infrastrukturu bütövlükdə “Qazprom”-un aktivindədir”.

Röya İsrafilova