Özbəkistan və Azərbaycan arasında ticarətin artırılması üçün informasiya platforması hazırlanır İqtisadiyyat

Özbəkistan və Azərbaycan arasında ticarətin artırılması üçün informasiya platforması hazırlanır

Özbəkistanın Proqressiv İslahatlar Mərkəzi Azərbaycan Xəzər Analitik Mərkəzi ilə birgə qarşılıqlı ticarətin artırılması məqsədilə informasiya platforması hazırlayır.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mərkəzin CEO-su və həmtəsisçisi Mirşohid Aslanov bildirib.

Onun sözlərinə görə, iki ölkənin dövlət başçıları qarşılıqlı ticarət dövriyyəsinin 1 mlrd. dollara çatdırılması vəzifəsini qarşıya qoyublar. Ötən ilin yekunlarına görə, bu göstərici artıq 800 mln. dolları ötüb.

“Biz biznesə bazar imkanlarını daha yaxşı anlamağa və mövcud potensialdan istifadə etməyə kömək edəcək informasiya platforması üzərində işləyirik. Analitik mərkəzlər sahibkarları hər iki ölkənin bazarlarına çıxış üçün zəruri məlumatlarla təmin edəcəklər. Mövcud analitika əminliklə deməyə imkan verir ki, potensialımız artıq 1 milyard dolları ötür”, - Mirşohid Aslanov qeyd edib.

O əlavə edib ki, platformanın hazırlanmasında Özbəkistanın Proqressiv İslahatlar Mərkəzinin fəaliyyət göstərən ots.proreforms.uz resursundan istifadə olunur. Saytda Türk Dövlətləri Təşkilatı üzrə statistika toplanıb.

“Bu platforma əsasında türk dövlətlərinin real məlumatlar əsasında ticarət-iqtisadi əlaqələri necə inkişaf etdirə biləcəyini göstərmək, analitik mərkəzlərin isə bu prosesə necə dəstək verə biləcəyini nümayiş etdirmək istəyirik”, - Mirşohid Aslanov vurğulayıb.