11:56
518
Rusiya-Ukrayna atəşkəs danışıqlarının amerikalı vasitəçiləri, tərəflərin ərazilərinin dərinliklərinə endirilən zərbələrin intensivləşdiyi bir vaxtda, müəyyən bölgələrdə qismən atəşkəs təklif ediblər. Bu cür təşəbbüslərdən ilki – qlobal miqyasda dizel yanacağı çatışmazlığının yaranması ilə əlaqəli olan – enerji sahəsində atəşkəs təklifidir.
Bunu xalqcebhesi.az-a Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, politoloq Vyaçeslav Potapenko deyib.
"Xüsusilə də Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi zərbələrlə əlaqəlidir. Hər iki tərəf danışıqların aparıldığını təsdiqləsə də, hər iki ölkənin ali baş komandanları enerji sahəsində atəşkəsin əldə olunması perspektivlərinə ciddi şübhə ilə yanaşırdılar. Donald Trampın bəyanatından qısa müddət əvvəl Putinin mətbuat katibi Peskov bildirmişdi ki, enerji sahəsində atəşkəslə bağlı heç bir əsaslı danışıqlar aparılmır.
Ukrayna Prezidenti bəyan etdi ki, əgər tərəfdaşlar Rusiyanın elektrik enerjisi sistemimizə, digər enerji obyektlərinə, kritik infrastruktura və ərzaq daşımalarına zərbə endirməkdən çəkinmək barədə real niyyətini təmin etməyə hazırdırlarsa, o zaman biz də, təbii ki, öz tərəfimizdən müvafiq olaraq zərbələrin endirilməməsini təmin etməyə hazırıq.
Beləliklə, demək olar ki, ABŞ və Avropa ölkələri tərəfindən təminatların, Ukrayna tərəfindən isə ərazi güzəştlərinin olmaması, həmçinin Rusiyanın enerji, ərzaq və infrastruktur obyektlərinə zərbələri dayandırmaq niyyəti göstərməməsi müşahidə olunur. Ümumilikdə, mən "klaster" (qismən) atəşkəs — məsələn, yalnız enerji sektorunu əhatə edən atəşkəs — ehtimalını son dərəcə aşağı qiymətləndirirəm" - o, qeyd edib.
Potapenko deyib:
"Təbii ki, ABŞ Ukrayna və Rusiya məsələsində moderator və qarant qismində çıxış edə bilərdi. Fikrimcə, yeni sərhədləri müəyyən edən hərtərəfli sülh sazişinin bağlanması ehtimalı hazırda sıfıra yaxındır.
Hazırkı məqamda mümkün olan yeganə forma – SSRİ ilə Yaponiya və ya Şimal və Cənubi Koreya arasındakı razılaşmalara bənzər şəkildə – dövlət başçılarının rəsmi iştirakı olmadan, heç bir təminat verilmədən və qeyri-müəyyən müddətə hərbi rəhbərlik səviyyəsində əldə edilən atəşkəs razılaşmasıdır".
Cavid