Fərid Şəfiyev: Azərbaycan-Türkiyə birliyinə qarşı mütəşəkkil dezinformasiya kampaniyaları aparılır Siyasət

Fərid Şəfiyev: Azərbaycan-Türkiyə birliyinə qarşı mütəşəkkil dezinformasiya kampaniyaları aparılır

Azərbaycan və Türkiyənin beyin mərkəzlərinin fəaliyyəti mühüm əhəmiyyət daşıyır və bu sahədə əməkdaşlıq davam etdirilir.

APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri Fərid Şəfiyev Bakıda keçirilən “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” adlı panel iclasında çıxışı zamanı deyib.

Dezinformasiyaya qarşı birgə mübarizə aparılmasının vacibliyini vurğulayan Fərid Şəfiyevin sözlərinə görə, Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri öz müstəqilliklərini gücləndirməyə çalışırlar.

O, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının digər dövlətlər üçün də nümunəvi rol oynadığını bildirib.

Fərid Şəfiyev qeyd edib ki, Azərbaycan-Türkiyə birliyinə qarşı müxtəlif məsələlər üzrə mütəşəkkil şəkildə dezinformasiya kampaniyaları aparılır.

“Yaxın Şərqdə baş verən hadisələri də qeyd etmək istərdim. Məsələn, İsrail məsələsində Azərbaycan və Türkiyənin qardaşlığına qarşı mütəşəkkil şəkildə dezinformasiya aparılır”, - o bildirib.

Fərid Şəfiyev 12 il əvvəl Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammitində baş verən hadisəni də xatırladıb. O bildirib ki, həmin tədbirdə Ermənistan prezidenti Türkiyəyə qarşı ittihamlar irəli sürüb və Azərbaycan Prezidenti İlham Əliyev buna cavab verib.

Fərid Şəfiyev Prezident İlham Əliyevin həmin vaxt səsləndirdiyi “Türkiyə burada yoxdur, mən varam” fikrini xatırladıb. O əlavə edib ki, Azərbaycan Yaxın Şərq məsələlərində Türkiyənin maraqlarını nəzərə alır.

O, İsrail parlamentində qondarma “erməni soyqırımı” ilə bağlı təşəbbüsün qarşısının alınmasında Azərbaycanın rol oynadığını qeyd edib.

“Eyni zamanda, biz vasitəçilik səyləri də göstəririk və bu səyləri davam etdirməyə hazırıq”, - o vurğulayıb.

BMTMM sədri 2015-ci ildə Türkiyə ilə Rusiya arasında yaşanan təyyarə böhranına da toxunub. O qeyd edib ki, Azərbaycan həmin dövrdə məsələnin həllinə kömək etmək məqsədilə vasitəçilik rolu oynayıb.

“Yaxın Şərqdə hər hansı bir vasitəçilik missiyasını üzərimizə götürəndə Türkiyənin maraqlarını nəzərə alırıq. Bu, belə olub və belə də olacaq”, - Fərid Şəfiyev əlavə edib.