Zəngilanda öz evini yandıra bilməyən döyüşçünün acı xatirəsi... Hadisə

Zəngilanda öz evini yandıra bilməyən döyüşçünün acı xatirəsi...

"Erməni-rus birləşmələri ondan çox hərbi texnika və çox sayda piyada qüvvə ilə Cəbrayıl və Qudablı istiqamətlərindən kəndimizə, Zəngilanın Məmmədbəyli kəndinə hücuma keçmişdilər və vəziyyət olduqca gərgin idi.
Hər tərəfdən mühasirəyə alınmışdıq. Zəngilan qeyir-bərabər güclə döyüsürdü. Üç tərəfimiz erməni, rus, bir tərəfdə də İran ordusunun əsgərləri baş verənləri seyr edirdi... Adını müsəlman qoyub din qardaşlarına kömək etməyən ordu, elə düşmən ordusundan da betərdir"
Bu sözləri BayMedia-ya Qarabağ döyüşçüsü, könüllülərdən ibarət "Bozqurd" batalyonunun döyüşçüsü olmuş Xanoğlan Heydərov Zəngilan rayonunun işğalı ilə bağlı fikirlərini şərh edərkən dedi.
"Biz kənddə 12 nəfərdik, avtomat silahla heç nə edə bilməzdik. Patronumuz da az idi. Mən sonuncu dəfə evimizə gəldim ki, evimizi yandırım düşmənə qalmasın. Çünki hamı kəndən çıxmışdı və demək olar ki, heç yox idi.
Evdən heç nə çıxartmamışdıq, bir-iki dəst yorğan-döşəkdən başqa. Həyətimizdə motosikletdən benzin çəkib evə girdim ki, hər yerə benzin töküm yandırım... Amma nə qədər elədim benzini tökə bilmədim. Bunu etmək mənim üçün çətin idi. İnsan düşünəndə ki, öz dədə-baba yurdunu, əcdadlarının uyuduğu məzarları qoyub gedirsən, bu, dəhşətli faciə idi.
Yerə əyilərək öpə-öpə pilləkənlərdən həyətə düşdüm. Kənddən kənarlaşıb, Araz çayı tərəfə getdim. Yolda geriyə baxdım ki, artıq ermənilər evimizi və bütün kəndi yandırırlar. Çox dəhşətli bir mənzərə yaranmışdı. Boya-başa çatdığım ev və kəndimiz gözlərim qarşısında yanırdı".
Xanoğlan Heydərov həmin ərəfədə İran tərəfə keçmək istəyən zəngilanlıların Araz çayı kənarında hansı vəziyyətə düşdüklərini ürəkağrısı ilə danışdı: "Zəngilan əhalisi və bir də avtomat silahdan başqa bir silahı olmayan ordu Araz çayının kənarına yığışmışdı. Bütün kəndlər rus-ermənilər tərəfindən işğal olunmuşdu, tək Araz qırağı kəndlər qalırdı. Arazın bu tayında zəngilanlılar, o tayında güneyli qardaşlarımız və əksəriyyəti qanı-canı bir olan qardaşlarımızdan ibarət olan İran ordusunun hərbi hissələri yerləşirdi".
Xanoğlan Heydərov ilk zaman İran ordusunu görəndə sevdiyini qeyd etdi: "İran ordusunu görəndə çox sevindim, elə bildim ki, bizə köməyə gəliblər. Amma yanılmışdım. İran ordusu, sadəcə, olanları seyr edirdi və heç nəyə qarışmırdı. Çünki o orduda qızılbaşlıqdan, türklükdən, müsəlmançılıqdan əsər-əlamət yox idi.
O ordunun başında farslar, yəni ermənilərə dəstək verənlər dururdu. İran dövləti heç bir texnika vermədi ki, millət Arazı keçə bilsin. Tanıyan, tanımayan hamı bir-birinə kömək edirdi ki, heç kəs düşmən əlinə keçməsin. Arazın o tayındakıları da ancaq zəngilanlıların mal-heyvanını çox ucuz qiyməyə almaq maraqlandırırdı. Millətin olan-qalanını da demək olar ki, bu farsbaşlılar ucuz qiymətə alırdılar. Bir heyvanın qiymətinə beş heyvan alınırdı.
Qadın və uşaqlar traktorun qoşqusu ilə, kişilərin əksəriyyəti soyuq suda üzərək, Arazın o tayına yurdumuzun fars əlində olan Güneyinə keçirdi. Mən özüm Arazı üç dəfə hər iki tərəfə üzərək keçdim. Zəngilan tərəfdə qalan, tanıdığım və tanımadığım adamların mal-heyvanlarını keçirtmək üçün. Arazın kənarında dəhşətli mənzərə vardı. Ana və bacılarımız bir xəbər tuta bilmədikləri övladları, qardaşları üçün ağlayırdılar.
Əli adlı dostumla onun ata-anasını axtarırdıq. Söz-söhbət gəzirdi ki, onlar girov düşüblər və bunu Əliyə demirdilər. Amma nə qədər ağrılı olsa da, mən bunu Əliyə dedim. Əli ilə uşaqlardan qranat və patron götürüb, Arazın Zəngilan tərəfinə keçdik. Amma mən onların girov düşmələrinə inanmırdım. Dedim, əvvəlcə Arazın kənarını axtaraq, əgər tapa bilməsək, geri qayıtmayaq.
Əliyə dedim ki, meşə ilə Qafan tərəfə keçib, ermənilərdən girov götürüb valideynlərinlə dəyişməliyik, çünki başqa yolumuzyoxdur. Onları Arazın Zəngilan tərəfində nə qədər axtarmağa çalışsaq da, tapa bilmədik. Yenidən Araz kənarına gəlib, gecəni gözləmək qərarına gəldik. Tiri kəndi tərəfindən Araz kənarına enmək istəyirdik ki, birdən Əlinin atasını gördüm. Demək olar ki, Araz kənarında onlardan başqa kimsə yox idi. Onların bizi görüb necə sevinərək ağladıqları hələ də gözlərimin qarşısından getmir", - deyə döyüşçü bildirdi.
Döyüşçü Qarabağın tezliklə azad olunacağına ümid etdiyini söylədi: "Mən pessimist deyiləm. Hər zaman qisas almaq eşqi ilə yaşayıram. Yağılardan qisas alacağımıza əminəm. Qarabağ torpaqları işğaldan azad olunacaq. Yetər ki, müstəqil dövlətimiz daha da güclü olsun və əzab-əziyyətlə qurduğumuz müstəqil dövlətimizi qoruyaq.
Hamı bir şeyi bilməlidir ki, biz ermənilərlə yox, onlara dəstək verən rus imperiyası ilə üz-üzəyik. Bəzən deyirlər ki, bir-iki erməni ilə bacara bilmədik. Bu, tamamilə yanlış fikirdir. Unutmaq olmaz ki, ermənilərə nəinki Rusiya, hətta Amerika, İngiltərə, Avropa və hətta müsəlman İran dövləti dəstək verir. Onları Ermənistanı bəsləməklə məşğuldurlar. Müstəqil, güclü Azərbaycan dövləti bəzi güclərə sərf etmir. Əsas odur ki, müstəqil Azərbaycan dövləti var".

Elnur Eltürk