QHT-media əlaqələri müzakirə olunub Hadisə

QHT-media əlaqələri müzakirə olunub

Mövcud problemlərdən və mətbuatın üzərinə düşən vəzifələrdən söz açılıb

Dünən Milli QHT Forumu "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn aktual məsələlərlə bağlı növbəti ictimai müzakirəsini keçirib. Budəfəki müzakirə "Vətəndaş cəmiyyətinin inkişafı məqsədilə QHT-media əlaqələrinin gücləndirilməsi" mövzusunda olub.
Beynəlxalq Avrasiya Mətbuat Fondunda keçirilən müzakirədə Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, forum "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn aktual məsələlərlə bağlı ictimai müzakirələrini QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırır: "Bu, üçüncü müzakirəmizdir. Əvvəlki müzakirələr də aktual və strateji mövzulara həsr olunmuşdu. Belə müzakirələr bütövlükdə vətəndaş cəmiyyətinin inkişafına xidmət edir".
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında QHT-media əlaqələrinin hazırkı vəziyyətindən, mövcud problemlərdən və mətbuatın üzərinə düşən vəzifələrdən söz açıb.
Milli QHT Forumunun informasiya təminatı departamentinin rəhbəri Səbuhi Abbasov tədbirdə "Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin və medianın rolu" mövzusunda məruzə ilə çıxış edib.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, cəmiyyət QHT-nin nə demək olduğunu, onun hansı funksiyaları yerinə yetirdiyini aydın dərk etməlidir: "QHT vətəndaş cəmiyyətinin, hüquqi dövlətin əsas atributlarından biridir. Hər bir siyasi sistemin struktur elementi kimi QHT çıxış edir, ancaq QHT özü siyasi struktur deyil. QHT dövlətlə işləyir, ancaq dövlətdən asılı deyil. QHT cəmiyyətin özünüifadə formalarından biridir. QHT sosial, ictimai və ideal münasibətlər arasındakı nisbətin göstəricisidir. Hər bir cəmiyyətin sosial düşüncəsində bir idealizm var. Ancaq bu ideala biz heç vaxt çatmırıq. Əgər sosial idealla real ictimai vəziyyət arasındakı nisbət bir-birinə yaxındırsa, demək, biz vətəndaş cəmiyyəti qurmağı bacarmışıq".
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət qeyd edib ki, bütün QHT-lər xarici donorlarla rahat və şəffaf şəkildə işləyə bilər: "Amma elə QHT-lər var ki, onların fəaliyyəti şəffaf deyil. Aldıqları maliyyənin hara və necə xərclənməsi barəsində ictimaiyyətə məlumat vermirlər. Dövlət hesabat tələb edəndə də dünyaya car çəkirlər ki, bizə basqılar var. Xaricdən, ABŞ, Böyük Britaniya dövlətlərindən maliyyə alıb fəaliyyət göstərənlər Azərbaycan dövlətinin özündən – QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyə alanları gözümçıxdıya salmağa çalışırlar".
Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev və digərləri də çıxış ediblər.
Milli QHT Forumu "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn aktual məsələlərlə bağlı ictimai müzakirələrin təşkili layihəsini 2014-cü ilin mart ayından icra edir.