Azərbaycan Ordusunun şəhid olmuş əsgəri dəfn olunub Hadisə

Azərbaycan Ordusunun şəhid olmuş əsgəri dəfn olunub

Erməni silahlı bölmələri tərəfindən açılan atəş nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun əsgəri, 1995-ci il təvəllüdlü Rüstəm İzzət oğlu Əzizov bu gün doğulduğu Astara rayonunun Tükəş kəndində torpağa tapşırılıb.
APA-nın cənub bürosunun məlumatına görə, dəfn mərasimində R.Əzizovun qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, Astara Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimində çıxış edənlər şəhidin Vətən uğrunda canından keçdiyini, əbədiyyətə qovuşduğunu bildirərək onun ailəsinə dərin hüznlə başsağlığı veriblər. Şəhid R. Əzizov əsgəri ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb. Qeyd edək ki, noyabrın 20-də saat 12.45 radələrində ermənilərin atəşkəsi pozması nəticəsində cəbhənin Ağdam bölgəsində "N" saylı hərbi hissədə xidmət edən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 19 yaşlı Rüstəm Əzizov döyüş postunda ikən düşmən gülləsinə tuş gəlib. Nəticədə əsgər aldığı güllə yarasından şəhid olub. R.Əzizov həqiqi hərbi xidmətə Astara rayonundan çağırılıb. O, 2015-ci ilin yanvar ayında tərxis olunmalı idi.