Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığa dair müzakirələr Hadisə

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığa dair müzakirələr

Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə milli müdafiə nazirinin müavinini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dekabrın 11-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Hasan Yardımcının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və hər iki tərəf üçün faydalı olduğunu qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Z.Həsənov işğal edilmiş torpaqlarımızın azad edilməsinin bölgə üçün vacibliyini vurğulayıb.
H.Yardımcı Azərbaycana səfərdən məmnun qaldığını bildirərək, qarşılıqlı münasibətlərin möhkəmlənməsində bu cür səfərlərin rolu və əhəmiyyətindən danışıb.
Sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkun iştirak edib.