İranlı sahibkar məhkəmə qarşısına çıxacaq Hadisə

İranlı sahibkar məhkəmə qarşısına çıxacaq

O, saxta aksiz markalarını satış məqsədilə əldə etdiyi üçün saxlanılıb

Vergidən yayınan iranlı sahibkar barəsində cinayət işinin istintaqı tamamlanıb.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, nazirlik yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən araşdırılan ibtidai istintaq zamanı İran İslam Respublikası vətəndaşı Talebian Oveis Nemat oğlu alkoqollu içkilər üçün nəzərdə tutulmuş 27 491 ədəd saxta aksiz markalarını satış məqsədilə əldə etdiyi üçün saxlanılıb.
O.Talebian istintaqa məlum olmayan mənbədən əldə etdiyi saxta aksiz markalarını özünün idarə etdiyi "Dong Feng" markalı 77B819-10/77B820-10 qeydiyyat nömrəli yük avtomobilinin kabinəsində sürücünün oturacağının altında gizlədərək 18 sentyabr 2014-cü il tarixdə İran İslam Respublikasına aparmaq məqsədilə Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" Gömrük postunun ərazisinə gətirib. Dövlət sərhədini keçərkən gömrük əməkdaşları tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92 və 99-cu maddələrinə əsasən yük avtomaşınına baxış keçirilib və gizlədilmiş 27 491 ədəd saxta aksiz markaları aşkar edilərək götürülüb.
Qeyd olunan cinayətin O.Talebian tərəfindən törədilməsi ibtidai araşdırma zamanı toplanmış təkzibolunmaz sübutlarla – ilkin sənədlər, şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə tam təsdiqini tapıb. İstintaq zamanı Talebian Oveis Nemat oğlu təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci (Saxta aksiz markalarını hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham elan olunub, barəsində Yasamal Rayon Məhkəməsinin 4 dekabr 2014-cü il tarixli qərarına əsasən həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ittiham aktı Respublika Baş Prokurorluğunda təsdiq olunub və iş baxılması üçün məhkəməyə göndərilib.