XİN-dən “Azadlıq” radiosuna etiraz Hadisə

XİN-dən “Azadlıq” radiosuna etiraz

"Bu radio qondarma rejimi, işğal və təcavüzün nəticələrini təşviq edir"

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev "Azadlıq" radiosunun öz əməkdaşını Azərbaycanın işğal olunmuş ərazilərinə ezam etməsinə münasibət bildirib.
Gün.Az-ın məlumatına görə, H.Hacıyevin açıqlamasında deyilir ki, "azadlıqradiosu.az" ünvanda fəaliyyət göstərən internet saytında bu il 5 yanvarda verilmiş xəbərdə "Azadlıq" radiosunun əməkdaşı kimi təqdim olunan Margot Buff adlı şəxsin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə səfər etməsi və orada foto çəkilişlər aparması barəsində xəbər verilir.
"Azərbaycan Respublikasının rəsmi icazəsi olmadan "Azadlıq" radiosunun öz əməkdaşını Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə ezam etməsi qeyri-qanuni xarakter daşıyır və bu hal Azərbaycan Respublikasının Dövlət sərhədi haqqında qanununun pozulmasıdır.
"Azadlıq" radiosunun bu cür qərəzli davranışı, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətsizliyin daha bir nümunəsidir", - XİN rəsmisi bildirib.
H.Hacıyev əlavə edib: "Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalı, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkününün problemləri və Ermənistan tərəfindən girov götürülmüş soydaşlarımız ilə əlaqədar məsələlərə daim laqeyd və etinasız münasibəti ilə fərqlənən "Azadlıq" radiosu bu fotolar vasitəsilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimi, işğal və təcavüzün nəticələrini təşviq edir və azərbaycanlı qaçqın və məcburi köçkünün həssas hisslərinə toxunur".