Ötən il 559 nəfər zərərçəkmiş xilas edilib Hadisə

Ötən il 559 nəfər zərərçəkmiş xilas edilib

FHH-in Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən 556 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatları keçirilib

Ötən il Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən 556 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatları keçirilib. APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü ildə fəaliyyətinə dair hesabatında bildirilib.
Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 183-ü uşaq olmaqla 559 nəfər zərərçəkmiş şəxs xilas edilib, 77 nəfər zərərçəkmişə ilk yardım və təxirəsalınmaz yardım göstərilib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən 97 dəfə nəqliyyat və digər qəzalara çıxışlar olub, 233 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılıb. Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 160 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 217 nəfər olmaqla cəmi 377 nəfər xilas edilib. Nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə suda batmış 55 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.