Erməni hakerlər hücuma keçiblər Hadisə

Erməni hakerlər hücuma keçiblər

Azərbaycan XİN-in Beynəlxalq İnkişaf Agentliyinin və "Azərbaycanfilm" kinostudiyasının saytları dağıdılıb

Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Beynəlxalq İnkişaf Agentliyinin rəsmi internet səhifəsi (http://www.aida.az/) 19 fevral 2015-ci il tarixində kiber hücuma məruz qalıb. Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. O bildirib ki, saytın ön səhifəsində yerləşdirilmiş məlumatda bu kiber hücumun erməni terror təşkilatı ASALA-nın rəhbərlərindən biri olmuş terrorçu "Monte Melkonyan kiber qrupu" tərəfindən törədildiyi qeyd olunub. İnternet səhifəsinin fəaliyyəti qısa müddət ərzində bərpa edilib.
H. Hacıyevin sözlərinə görə, siyasi-iqtisadi və demoqrafik böhran şəraitində olan və cəbhədə törətdiyi təxribat əməlləri nəticəsində ardıcıl uğursuzluqla üzləşən Ermənistan bu cılız addımlarla özünə təsəlli tapmağa çalışır: "ASALA kimi terror təşkilatları vasitəsilə beynəlxalq terrorizmə dəstək verən Ermənistandan fərqli olaraq, AİDA dünyanın bir çox regionlarında humanitar nəcib missiya icra edir, ehtiyacı olan insanların həyata şəraitini yaxşılaşdırır və davamlı inkişafa, o cümlədən BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin qlobal səviyyədə həyata keçirilməsinə töhfə verir".
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının saytı da haker hücumuna məruz qalıb.
Kinostudiyanın beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Səmayə Əsgərovanın APA-ya verdiyi məlumata görə, sayt bu gün axşam hücuma məruz qalıb: "Saytı dağıdılan qurumlar içində Azərbaycan Rejissorlar Gildiyası da var. Erməni hakerlər dünən kinostudiyanın saytına hücumu edib, erməni zabiti Qurgen Markaryanın şəklini ora yerləşdiriblər. Biz bunu kinostudiyanın son illərdə Qarabağ mövzusuna geniş yer ayırması və beynəlxalq müsabiqələrdə bu filmlərə olan diqqətə qısqanclıq kimi qiymətləndiririk".
S.Əsgərova qeyd edib ki, hazırda saytın fəaliyyətinin davam etdirilməsi üçün tədbir görülür: "Müvafiq qurumlara müraciət etmişik və ümid edirik ki, bu problem tezliklə həll olunacaq. Bizim saytda böyük bir bazamız var və onu itirmək təhlükəsi ilə üz-üzəyik".
Qeyd edək ki, azərbaycanlı zabit Ramil Səfərov Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə Macarıstanda qətlə yetirib.