Paşazadə terrorçuların əməllərini pisləyib Hadisə

Paşazadə terrorçuların əməllərini pisləyib

"Bu gün dünyada, xüsusilə İslam coğrafiyasında müsəlmanlar bir-birinin qanını axıdır"

21-24 fevral tarixlərində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanında səfərdə olub.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləzizin himayəsi ilə Məkkədə İslam Aləmi Liqasının "Terrorizmə qarşı mübarizə" adı altında təşkil etdiyi beynəlxalq konfransda iştirak edib.
Konfransa dünyanın bir çox ölkələrindən ali dini liderlər, İslam alimləri, dini işlər üzrə nazirlər, müxtəlif elm və beyin mərkəzlərinin rəhbərləri qatılıb. Konfransı giriş sözü ilə İslam Aləmi Liqasının Baş katibi Abdullah bin Əbdüllmühsin ət-Türki açıb. Daha sonra Səudiyyə Ərəbistanı kralı, İki Müqəddəs Məscidin xadimi Salman bin Əbdüləzizin müraciəti konfrans iştirakçılarına çatdırılıb.
Konfransda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün dünyada, xüsusilə İslam coğrafiyasında müsəlmanların bir-birinin qanını axıtdığını təəssüflə qeyd edib. Terror bəlasının Azərbaycan xalqından da yan keçmədiyini bildirən Allahşükür Paşazadə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının erməni ekstremizmi və terrorunun aydın nümunəsi olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Konfrans çərçivəsində Şeyxülislamın İslam Aləmi Liqasının baş katibi Abdullah bin Əbdüllmühsin Əl-Türki ilə təkbətək görüşü olub. Görüş zamanı bu günlərdə Azərbaycan xalqının Xocalı faciəsinin 23-cü il dönümünü qeyd etməyə hazırlaşdığını bildirən Allahşükür Paşazadə müsəlman dünyasının bu soyqırımı faktına laqeyd qalmamasının vacibliyini bildirib.
Daha sonra Şeyxülislam İordaniyanın Baş Qazisi Məhəmməd Həlil, Küveyt Əmirinin dini işlər üzrə müşaviri Adil Fəlah, bir sıra ərəb və müsəlman ölkələrinin baş müftiləri və dini işlər nazirləri ilə görüşlər keçirib.