Türkiyə səfiri Saatlıda Ahıska türkləri ilə görüşüb Hadisə

Türkiyə səfiri Saatlıda Ahıska türkləri ilə görüşüb

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun Saatlı rayonunda Ahıska türkləri ilə görüş keçirib. Saatlı rayonunun Nəsimi kəndində keçirilən görüşdə Azərbaycanın digər rayonlarından gəlmiş Ahıska türkləri də iştirak edib. Toplantının əsas mövzusu Ahıska türklərinin Gürcüstan Respublikasında yerləşən tarixi torpaqlarına qayıdışının sürətləndirilməsi və bu istiqamətdə aparılan işlərə Türkiyə dövlətinin dəstəyi olub.
Jurnalistlərə açıqlama verən səfir bildirib ki, bugünkü görüş ötən günlərdə Azərbaycanda səfərdə olmuş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ahıska türkləri ilə görüşünün davamı olaraq keçirilir: "Bura gəlməkdə məqsədimiz Ahıska türklərinin ata-baba yurdları olan Gürcüstana köçürülməsi istiqamətində hansı problemlərlə üzləşdiklərini öyrənmək və bu istiqamətdə onlara yardımlar etməkdir. Mən belə qənaətə gəldim ki, onlar öz istəklərində inadlıdırlar. Artıq bir çoxları Gürcüstana qayıtmaq üçün status alsalar da, belələrinin sayının artmasını istəyirlər. Bu yöndə bəzi problemlərin olduğunu da bilirik və biz onlara söz verdik ki, Gürcüstan dövləti ilə bu məsələlərin çözülməsində əlimizdən gələni edəcəyik. Artıq danışıqlar gedir".