Hindistanın Bakıdakı Səfirliyi xüsusi yoqa sessiyası təşkil edib Hadisə

Hindistanın Bakıdakı Səfirliyi xüsusi yoqa sessiyası təşkil edib

Hindistanın Bakıdakı Səfirliyi qarşıdan gələn Beynəlxalq Yoqa Günü 2026 tədbirləri çərçivəsində Hindistan Evində xüsusi yoqa sessiyası təşkil edib.

Tədbirdə Azərbaycan Milli Məclisinin üzvü, müxtəlif ölkələrin səfirləri, diplomatlar, müxtəlif sahələri təmsil edən tanınmış şəxslər, Azərbaycandan olan yoqa həvəskarları və Hindistan diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

Sessiyaya tanınmış azərbaycanlı yoqa mütəxəssisi İradə Əliyeva rəhbərlik edib. Proqram çərçivəsində Suryanamaskar da daxil olmaqla müxtəlif yoqa asanaları, pranayama (nəfəs məşqləri) və dhyana (meditasiya) icra olunub.

İştirakçılar qarşısında çıxış edən Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar qonaqlara iştirak və dəstəyə görə təşəkkürünü bildirib. O, yoqanın fiziki, zehni və mənəvi faydalarını vurğulayaraq hər kəsi onu gündəlik həyatının bir hissəsinə çevirməyə təşviq edib. Səfir qeyd edib ki, BMT-nin 21 iyun tarixini Beynəlxalq Yoqa Günü elan etməsindən sonra bu qədim ənənə bütün dünyada sürətlə populyarlaşıb.

Səfir həmçinin bütün iştirakçıları 21 iyun 2026-cı il tarixində keçiriləcək genişmiqyaslı Beynəlxalq Yoqa Günü tədbirlərinə qatılmağa dəvət edib.

Tədbir istedadlı azərbaycanlı sənətçilərin canlı performansları ilə daha da rəngarəng olub və Hindistan mətbəxinin ləziz təamlarından ibarət ziyafətlə yekunlaşıb.

Bu xüsusi yoqa sessiyası Hindistanın Bakıdakı Səfirliyinin sağlam həyat tərzinin təşviqinin və yoqanın əsrlər boyu yaşadılan ənənəsi vasitəsilə Hindistan ilə Azərbaycan arasında insanlararası əlaqələrin möhkəmləndirilməsi istiqamətində davamlı səylərinin göstəricisidir.

Cavid