“Bu, regionların inkişafı baxımından çox önəmli sənəddir” İqtisadiyyat

“Bu, regionların inkişafı baxımından çox önəmli sənəddir”

““Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın regionların inkişafı baxımından çox önəmli bir sənəd ola biləcəyini düşünürəm. Çünki kənd təsərrüfatnın payının regional inkişafda yüksək olması və bu proqramın da məhz kənd təsərrüfatını əhatə etməsi düşünürəm ki, ümumi istiqamət üzrə yeni bir mərhələ kimi qiymətləndirilə bilər”.

Bunu xalqcebhesi.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

E.Əmirov qeyd edib ki, digər bir məsələ və əsas fakt odur ki, bu proqram həm də məhsuldarlıq kontekstində önəmli nəticələr ortaya qoya bilər: “Çünki biz hər dəfə qeyd edirik ki, Azərbaycanda torpaq resursları məhduddur. Yəni yararlı torpaq sahələrini digər ölkələrlə müqayisə etdikdə adambaşına kifayət qədər az düşür. Belə bir ortamda ənənəvi istehsal modeli uyğunsuz olur. Rəqabətqabiliyyətli və məhsuldar modelə çox böyük ehtiyac var”.

İqtisadçı hesab edir ki, bu modelin gerçəkləşməsində, ələlxüsus da ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından bu proqrama çox böyük ehtiyac var: “Diqqəti xüsusən bir məqama da cəlb etmək istəyirəm ki, balıqçılığın və akvakultura sahələrinin burada prioritet sahə kimi göstərilməsi düşünürəm ki, məsələyə kompleks yanaşmanın təzahürü kimi də qiymətləndirilə bilər”.

Röya İsrafilova