Avropa Oyunlarına dəstək dostluq qrupu dəyirmi masa keçirib Hadisə

Avropa Oyunlarına dəstək dostluq qrupu dəyirmi masa keçirib

Fəzail Ağamalı: "Hamımız qürur duyuruq ki, Azərbaycan ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi edəcək"

"Bakı-2015" Avropa Oyunlarına dəstək dostluq qrupu "Anti-Azərbaycan kampaniyası Avropa Oyunları müstəvisində" mövzusunda dəyirmi masa keçirib.
Tədbirdə çıxış edən Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı təəssüflə bildirib ki, Azərbaycan I Avropa Oyunlarının keçirilməsi ərəfəsində xoşagəlməz hadisə ilə üz-üzədir: "Hamımız qürur duyuruq ki, Azərbaycan ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi edəcək. Ancaq birdən məlum olur ki, uğurumuzu istəməyən qüvvələr bundan istifadə edərək, Azərbaycan qarşı geniş hücum kampaniyası aparır. Bunların qarşısını almaq üçün biz aprelin 25-də sosial şəbəkədə Avropa Oyunlarına dəstək dostluq qrupunu yaratdıq. Niyyətimiz oyunlara dəstək vermək, müdafiə etmək və bu istiqamətdə dövlətimiz yanında olmaqdır. Bütün imkanlardan istifadə edərək, sosial şəbəkələrdə oyunların əleyhinə olan qüvvələrə qarşı mübarizə aparmalıyıq".
F. Ağamalı hazırda ABŞ-ın dövlət katibi Con Kerrinin ofisində Azərbaycana qarşı bir kampaniya, böyük bir layihə hazırlandığını xatırladaraq, məqsədin Avropa Oyunlarının gedişinə mane olmaq, dünyada Azərbaycanın imicini zədələmək, ölkəyə qarşı mətbuatda şər və böhtan dolu məlumatlar yaymaqdan ibarət olduğunu qeyd edib. Onun sözlərinə görə, bu kimi niyyətlərin qarşısı alınacaq: "Eyni zamanda Azərbaycanın daxilində olan bəzi qüvvələrlə birlikdə ölkədə sabitliyi pozmağa çalışır. Biz buna qarşı qətiyyətli mövqe göstərməliyik. Çünki bu, bizim milli maraqlarımıza ziddir və biz buna qarşı öz iradəmizi qoymalıyıq. Sosial şəbəkələrdə müxtəlif dillərdə Avropa Oyunlarını təbliğ etməli, dövlətimizin və dövlət başçımızın yanında olmalıyıq. Bütün imkan və potensialımızı bu istiqamətə cəmləyərək, dövlətimizə xidmət göstərməliyik".
Layihənin koordinatoru Nicat Müslümov isə qeyd edib ki, qrupun 10 mindən artıq izləyicisi var və onların sayı gündən-günə artır. O deyib ki, Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və digər ölkələrin vətəndaşları da izləyicilər sırasındadır: "Bütün soydaşlarımızı qrupda aktiv fəaliyyətə çağırıram. Müxtəlif dillərdə statuslar yazaraq, oyunları, Azərbaycanı təbliğ etməliyik. Biz gənclər prezident İlham Əliyevin yanında sıx birləşəcəyik. Düşünürəm ki, bu oyunların keçirilməsi həm Azərbaycanın piarıdır, həm də Dağlıq Qarabağ probleminin həllinə öz töhfəsini verəcək".
Digər çıxışçılar da I Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətini qeyd edərək, anti-Azərbaycan kampaniyasına qarşı ölkə vətəndaşlarını birgə mübarizəyə çağırıblar.