“Qarayaxanlar indi də Avropa Oyunlarını boykot çağırışları edirlər” Hadisə

“Qarayaxanlar indi də Avropa Oyunlarını boykot çağırışları edirlər”

Tahir Rzayev: "Ancaq bu çağırışların heç biri reallığı əks etdirmir və həqiqətə söykənmədiyinə görə ağıllı insanlar tərəfindən qəbul olunmur"

Jalə Əliyeva: "Mən inanıram ki, hər şey stabil şəraitdə keçəcək"

"Baku 2015" Avropa Oyunları "Avroviziya" mahnı müsabiqəsindən sonra Azərbaycanda keçiriləcək ən böyük tədbirdir. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir. Yerli və beynəlxalq ekspertlərin qənaətinə görə, bu möhtəşəm tədbirin Azərbaycan üçün bir sıra üstünlükləri var. Belə ki, ilk Avropa Oyunları Vətənimiz olan Azərbaycanın Avropada tanınması üçün çox önəmli tədbirlərdən biridir. Odur ki, Azərbaycan yaranmış fürsətdən istifadə edib doğma Vətənimizin Avropada daha yaxından tanınması üçün lazımi tədbirləri həyata keçirməkdən çəkinmir. Bunun üçün paytaxtımızda binaların bərpası, təmir işləri, yolların tikintisi, yeni yolların çəkilməsi və s. hazırlıqlar görülür. Şəhərimizdə yeni stadionlar, idman obyektləri inşa olunur, mövcud məkanlar rekonstruksiya edilir. Bunun müsbət tərəfi odur ki, paytaxt Bakımız günü gündən gözəlləşir.
Mütəxəssislərin fikrincə, "Bakı-2015" Avropa Oyunları gənclərə daha çox fayda verəcək, çünki 13000 gənc Avropa oyunlarına könüllü kimi cəlb olunub. Avropa Oyunlarında könüllük fəaliyyəti gənclərə iş təcrübəsi, yeni vərdişlər, yeni dostlar qazandıracaq, həmçinin gənclər ölkəmizə gələcək turistlərlə birbaşa ünsiyyətdə olmaqla xarici dil biliklərini daha da təkmilləşdirəcəklər. Ümumiilikdə Avropa Oyunları ölkəmizdə gənc kadrların yetişməsində müstəsna əhəmiyyətə malik olacaq. Bu baxımdan, sözügedən möhtəşəm idman bayramı Azərbaycan üçün dünyaya açılan yeni üfüqlər hesab oluna bilər. "Bakı-2015" I Avropa Oyunlarının İşçi Qrupunda çalışan yerli mütəxəssislər təcrübəli əcnəbi kadrlar yanında daha da peşəkarlaşacaq və ölkəmiz artıq bu kimi irimiqyaslı tədbirlərin keçirilməsində gələcəkdə problem yaşamayacaq. Nəzərə alaq ki, Azərbaycan 2017-ci ildə İslam Həmrəylik Oyunları və bir sıra qitəmiqyaslı idman tədbirlərinə də ev sahibliyi edəcək. Bu Avropa Oyunlarının verdiyi faydanı bir qədər də dəyərli edir. Həmçinin, 20000-ə yaxın könüllünün ölkəmizdə əksəriyyətinin gənclərdən, daha dəqiq desək tələbələrdən ibarət olmasının nə demək olduğunu təxmin etmək elə də çətin deyil. Maraqlısı odur ki, bir çox gənc könüllü ilk dəfə iş təcrübəsini məhz bu irimiqyaslı tədbirdə qazanacaq. Bu maraqlı və bir o qədər də öyrədici könüllü iş təcrübəsindən sonra ölkə gəncləri gələcəyə daha ambisiyalı, daha həvəsli baxacaq, bəziləri xarici dil biliklərini artırmağa səy göstərəcək. Təbii ki, bu onların dərslərinə də öz faydasını verəcək. Digər tərəfdən, Avropa Oyunları ölkəmizə bütün dünya ölkələrinə nümunə ola biləcək idman kompleksləri bəxş edir. Bu isə o deməkdir ki, açılış və bağlanış mərasimlərinin keçiriləcəyi 65 min tutuma malik Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Mərkəzi, tamamilə yenilənmiş Heydər Əliyev adına İdman Arenası, Bakı İdman Zalı və.s sonda Avropa Oyunları qədim mədəniyyəti və zəngin tarixi olan Azərbaycanımızı, doğma Bakını bütün dünyaya tanıtdıracaq. Çox təəssüf ki, Azərbaycanın bu nailiyyətləri bir sıra beynəlxalq dairələri narahat edir. Elə bu səbəbdən Azərbaycanı gözü götürməyən qüvvələr Avropa Oyunlarının keçirilməsi tarixi yaxınlaşdıqca daha da fəallıq nümayiş etdirirlər.
Millət vəkili Tahir Rzayev bildirib ki, Azərbaycan Respublikasının müstəqil siyasəti və inkişafı bu gün çoxlarını narahat edir. Çünki böyük dövlətləri müstəqilliyə qədəm qoymuş ölkələrin inkişafının sürəti, demokratik ab-hava, sərbəst siyasət yeritməsi insanların hüquqlarının, sabitliyin qorunması, qayda-qanunun möhkəmləndirilmısi deyil, öz maraqları, mənafeləri, bu dövlətləri öz təsir dairəsinə salmaq, dediyini etdirmək daha çox düşündürür. Onun sözlərinə görə, Azərbaycana qarşı aparılan qaryaxmalar, böhtan-şantaj kampaniyası Azərbaycanın beynəlxalq imicinin artmasının nəticəsidir. Çünki bu gün ədalətsizliyin hökm sürdüyü dünyada böyüklər kiçik-müstəqil siyasət aparan dövlətləri qəbul etmirlər və onlara etinasız mövqe sərgiləyirlər: "Yeri gəldikcə, demokratiya, insan hüquqları, söz azadlığı pərdəsi altında həmin dövlətlərə təsir edir, bəzən müdaxiləyə, hətta çevrilişlərə belə imkanlar yaradırlar. İraqda, Suriyada, Əfqanıstanda, Misirdə və digər ölkələrdə baş verənlər bunu deməyə əsas verir. Azərbaycan da heç kimin diktəsini qəbul etməyən və təsir altına düşməyən bir ölkə olduğu üçün saxta uydurmaların, böhtanların, süni bəyanatların hədəfindədir və bu kampaniya respublikamızda böyük tədbirlərin, beynəlxalq görüşlərin, idman yarışlarının keçirilməsi ərəfəsində daha da sürətlənir. Birinci Avropa Oyunları da bu qəbildəndir və bu yarışların Azərbaycanda keçirilməsi barədə qərar qəbul edildikdən hazırkı günə kimi bu oyunların təsirini azaltmaq istəyən qüvvələr mövcuddur və onlar bütün həqiqətləri inkar edərək, yarışların ölkəmizdə keçirilməsinin baş tutmaması üçün bütün vasitələrdən istifadə edirlər. Erməni lobbisi ilə birləşən və bir mərkəzdən idarə olunan bu qüvvələrin içərisində təəssüflər olsun ki, özümüzünkülər də var. Bir vaxtlar Birinci Avropa Oyunlarının təşkili üçün Azərbaycanın hazır olmadığını söyləyənlər, sonralar tikilən bu idman qurğularının, stadionların, idman meydançalarının qüsurlu olduğu barədə şayiələr yaymağa başladılar. Ancaq heç kimin gözləmədiyi az bir müddətdə nəhəng işlərin görüldüyünün şahidi olan bədxahlar bir azdan çəkilən xərclərin Azərbaycanın büdcəsinə, xalqın rifahına ziyan vurduğunu gündəmə gətirdilər. Bunun da bir nəticə vermədiyini görəndə onlar ölkədə sahibsiz heyvanların əzizlərinə çevrildilər və oyunları boykot etmək üçün bəyanatlar səsləndirdilər. Heyvanların incidilməsinin təsirli mexanizm olmadığını hiss edən qarayaxanlar indi də ölkədə insan hüquqlarının pozulmasını önə çəkərək Avropa Oyunlarını boykot çağırışlar edirlər. Ancaq bu çağırışların heç biri reallığı əks etdirmir və həqiqətə söykənmədiyinə görə ağıllı insanlar tərəfindən qəbul edilmir. Azərbaycanı istəyən insanlar Avropa Oyunlarının ölkəmiz üçün bir fayda verəcəyi qənaətindədirlər və fikirlərində haqlıdırlar". T. Rzayev əlavə edib ki, bu oyunlar Azərbaycanı tanıtdırmaq, inkişafımızı təsdiqləmək, demokratik bir dövlət olduğumuzu sübut etmək baxımından çox əhəmiyyətlidir: "Bu, həm də mədəniyyətimizin, milli dəyərlərimizin, intellektual səviyyəmizin, məişətimizin, bəşəri mövqeyimizin, düşüncələrimizin öyrənilməsinin, dərk edilməsinin təbliğidir. İdman yarışlarının ölkədə turizmin inkişafına, beynəlxalq münasibətlərin, idman tədbirlərinin genişləndirilməsinə, idmançılar arasında əlaqələrin və dostluğun möhkəmləndirilməsinə imkanlar yaradır. Ölkədə idmanın inkişafı üçün bir stimuldur. Avropa Oyunlarına qatılanların və ölkəmizin inkişafının şahidi olanların müsbət fikirləri, yarışlar zamanı çəkilən, göstərilən, reklam olunan meydançalar, idman qurğuları, gözəlliklər ölkənin imicinin yüksəldilməsi üçün faydalıdır. İqtisadi və mənəvi baxımdan Azərbaycan üçün böyük əhəmiyyətə malik olan Birinci Avropa Oyunları bir daha dövlətimizin nəyə qadir olduğunu bütün dünyaya göstərəcək və gələcək inkişafımıza təkan verəcək".
"I Avropa Oyunları ölkəmizin mövqeyinin dünyada bir daha təsdiqlənməsi baxımından əhəmiyyətli tədbirdir", deyən millət vəkili Jalə Əliyeva belə bir etimadın göstərilməsi, ilk dəfə Avropa idman oyunlarının keçiriləcəyi məkan olaraq müstəqilliyini cəmi 20 il bundan əvvəl elan edən Azərbaycanın seçilməsini böyük uğur adlandırıb: "Bu, Azərbaycan dövlətinə, ziyalılığına olan inam və etimaddır. Hər bir azərbaycanlı bu oyunlarla fəxr edir. I Avropa Oyunları ev sahibliyi etdiyimiz ilk beynəlxalq tədbir deyil. Bu sahədə böyük təcrübələrimiz olub. Çox sayda beynəlxalq konfransları təşkil etmişik. Hər bir tədbirə Azərbaycan öz imzasını atıb. 3 il öncə "Eurovision" mahnı müsabiqəsi keçirildi. İnanırıq ki, oyunlardan əldə etdiyimiz uğurlar bir daha ölkəmizə başucalığı gətirəcək".
Millət vəkilinin sözlərinə görə, bu həm də Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mübarizəsinin həllində əhəmiyyətli addım olacaq: "Bu günədək Azərbaycan reallığını görməzlikdən gələn ölkələr və fövqəldövlətlər bir daha əmin olacaq ki, Azərbaycan sülh tərəfdarıdır, ölkəmizin heç bir ölkənin torpağında gözü yoxdur. Əksinə, bütün bunları Azərbaycana qarşı ediblər. Təəssüflər olsun ki, dünya birliyi bu ədalətsizlik qarşısında susur. İnanırıq ki, Avropa Oyunlarında milyonların gözünün Azərbaycana çevrilməsi ölkəmizin haqlı mövqeyini daha da möhkəmləndirəcək, Qarabağ probleminin həllinə aparan yola əhəmiyyətli bir işıq saçacaq".
J. Əliyevanın sözlərinə görə, Azərbaycan I Avropa oyunları ilə bir daha tolerant, dünyəvi, sülh tərəfdarı olan ölkə olduğunu nümayiş etdirəcək: "Oyunlara yüksək səviyyədə hazırlıq gedir. Məşəl alovlandırıldı, bizi bu gözəl oyunlardan sayılı günlər ayırır. Mən inanıram ki, hər şey stabil şəraitdə keçəcək".

Əli