"Ukraynanın bu taktikası özünü doğruldur" Gündəm

"Ukraynanın bu taktikası özünü doğruldur"

Ukrayna Rusiyanın hərb maşınının yanacağını kəsmək üçün Rusiya ərazisindəki neft emalı zavodlarını ardıcıl olaraq dron və raketlərlə vurmaqda davam edir. Artıq Rusiyada yanacaq qıtlığı ciddi xarakter alır. Ölkədə yanacaq çatışmadığı üçün kənardan yanacaq alınmasına qərar verilib. Ukraynanın bu yolla işğal olunmuş Krımda xüsusilə kritik durum yaratdığı görünür.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.

"Krımın bütün mümkün lojistik yolları nəzarət altındadır. Yanacaq daşıyan avtomobillər belə məhv edilir. Görünən odur ki, Ukraynanın bu taktikası özünü doğruldur.
Ukrayna Rusiyanın dərinliklərindəki Neft Emalı zavodlarına zərbələr vurmağa qadir dron və raketlərə sahibdir. Bu, müharibənin gedişində həlledici məqamdır" - o, qeyd edib.

A.Qasımov deyib ki, Rusiya kimi böyük bir ölkənin bütün ərazisində artıq təhlükəsiz yer yoxdur. Rusiya üçün bu, qarşısıalınmaz haldır:

"Hesab edirəm ki, Ukrayna bu yolla müharibədə dönüş edə bilsə də, hələ çox iş görməlidir".

Cavid