10:37
441
İsrailin "Kanal 12" telekanalının məlumatına görə, "Mossad"ın yeni rəhbəri Roman Qofman İran rejimini devirmək məqsədilə hazırlanmış, lakin sonradan ABŞ rəsmiləri tərəfindən qeyri-real hesab edilməsi və digər siyasi maneələrin ortaya çıxması səbəbindən imtina edilmiş uğursuz planın hazırlanmasında iştirak edən iki yüksək vəzifəli şəxsi vəzifəsindən kənarlaşdırıb.
Sözügedən plan kürd qüvvələrinə dəstək verməklə ölkə miqyasında üsyan başlatmağı nəzərdə tuturdu.
Xalqcebhesi.az xəbər verir ki, bunu gürcü, iranşünas ekspert Vasili Papava deyib.
"Məlumatlar İran məsələsi ilə bağlı Vaşinqton və Təl-Əviv arasındakı fikir ayrılığını açıq şəkildə əks etdirir. Amerika tərəfinin bu ideyanı rədd etməsi Vaşinqtonun zorakı yolla rejim dəyişikliyini nəzərdə tutan ssenariləri yüksək riskli hesab etdiyini göstərir; belə bir addım regionda "idarə olunan xaos"a deyil, əksinə, tam qeyri-sabitliyə və silahlı qruplaşmaların nəzarətsiz şəkildə güclənməsinə səbəb ola bilər" - o, yazıb.
Papavanın fikrincə, kürd amilindən yararlanmaq cəhdi, özlüyündə, geosiyasi baxımdan həssas bir addım idi. Etnik azlıqlar vasitəsilə İranda ümummilli üsyan qaldırmağa çalışmaq real deyil; üstəlik, kürd silahlı qruplaşmalarının səfərbər edilməsi qaçılmaz olaraq regional oyunçuların – ilk növbədə Türkiyənin – sərt reaksiyasına səbəb olacaq və İsrail üçün regionda əlavə diplomatik çətinliklər yaradacaqdı:
"Roman Qofmanın qəbul etdiyi kadr qərarı "Mossad"ın strateji kursunda dəyişikliyə işarə edir. Uğursuz və qeyri-real planın arxasında duran şəxslərin vəzifədən kənarlaşdırılması təsdiqləyir ki, agentliyin yeni rəhbərliyi illüziyaya əsaslanan layihələrdən imtina edərək diqqəti yenidən ənənəvi, hədəfə yönəlmiş xüsusi əməliyyatlara və hibrid üsullara yönəldir".
Cavid