10:38
476
“Məlumdur ki, hazırda İran parlamentində Hörmüz boğazı ilə bağlı və oradan keçəcək gəmilərin hərəkət marşrutu, eləcə də digər qaydaları tənzimləyən qanun layihəsi müzakirə olunur. Bu qanun layihəsi artıq Farz körfəzində, Yaxın Şərqdə yeni bir reallığın yarandığını göstərir. Çünki əgər ABŞ və İsrailin İrana hücumundan əvvəl Hörmüz boğazı bütün dünya ölkələrinin gəmiləri üçün tam azad və sərbəst keçid hüququna malik idisə, müharibə gedən bir dövrdə biz Hörmüz boğazının artıq təhlükəsiz keçid olmadığının dəfələrlə şahidi olmuşuq”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
T.Gəncəliyev söyləyib ki, İran və Oman arasında əldə edilmiş razılıq, üstəgəl, ABŞ və İran qarşıdurmasının davam etdiyi bir dövrdə Hörmüz boğazının İran tərəfindən rıçaq kimi ABŞ, Qərbə qarşı istifadə olunduğu bir daha görünür: “Çünki biz hər keçən gün Hörmüz boğazında və onun ətrafında neft və qaz daşıyan tankerlərin vurulduğunun şahidi oluruq, bu barədə xəbərlər alırıq. Həmçinin Bab-əl-Məndəb boğazı, hətta Qırmızı dənizdə də tankerlər, gəmilər Hörmüz boğazında olduğu kimi təhlükəli vəziyyətlə üz-üzə qalıb. Bu, bir daha göstərir ki, ABŞ-nin sırf Hörmüz boğazı ilə bağlı siyasəti hələ də öz hədəfinə çatmayıb”.
Deputat əlavə edib ki, İranın parlament səviyyəsində Hörmüz boğazı ilə bağlı rejimi müəyyənləşdirməsi bir daha göstərir ki, bu müharibənin nəticələri tamamilə gözlənildiyi kimi olmayıb: “Beləliklə, Hörmüz boğazında yeni reallıq yaranır ki, bu reallığın artıq yeni rejimlə, yeni qaydalarla, hətta qanun səviyyəsində İran tərəfindən irəli sürüldüyünün şahidiyik”.
Röya İsrafilova