Mətbuat Şurası İlk Avropa Oyunlarına necə hazırlaşır? Hadisə

Mətbuat Şurası İlk Avropa Oyunlarına necə hazırlaşır?

İyunun 12-28-dək Bakıda I Avropa Oyunları keçiriləcək. Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışacaq. Oyunlar zamanı Azərbaycana xeyli sayda xarici jurnalistlər gələcək. Mətbuat Şurası Azərbaycana gələcək xarici jurnalistlərlə hansı şəkildə əməkdaşlıq edəcək?
Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının sədri, deputat Cavanşir Feyziyev bildirib ki, xarici jurnalistlərlə Mətbuat Şurası arasında oyunlar ərəfəsində görüşlər keçiriləcək: "Mətbuat Şurası artıq bir necə ay bundan əvvəl müxtəlif ölkələrin media nümayəndələrinin Azərbaycana gəlişini, hələlik onların oyunlarla bağlı hazırlıq işləri ilə tanışlığını təşkil edib. İndiyə kimi Azərbaycana İsraildən və Türkiyədən jurnalistlərdən ibarət böyük nümayəndə heyəti gəlib. Oyunlarda iştirak edəcək digər ölkələrin də jurnalist təşkilatları ilə əlaqələr var. Hazırda danışıqlar aparılır. Biz bilirik ki, oyunlarla bağlı Azərbaycana nə qədər jurnalist gələcək. Çox güman ki, bəzi jurnalistlər oyunlar başlamazdan bir necə gün öncə gələcəklər. Mütəmadi olaraq Mətbuat Şurası ilə həmin jurnalistlər əlaqədə olacaq, görüşlər keçiriləcək. Şura olaraq biz onların Azərbaycanda apardıqları fəaliyyət zamanı jurnalistlərə yaxından köməklik edəcəyik. Artıq müxtəlif ölkələrin jurnalistlərin çoxu akkreditasiya üçün müraciət ediblər. Hələ ki proses davam edir. Hazırda onların dəqiq sayını demək mümkün deyil. Çünki akkreditasiya prosesi hələ yekunlaşmayıb.
Jurnalistlərin bir qismi oyunlardan öncə, bir qismi isə oyunların gedişi zamanı Azərbaycana gələcəklər. Onların hər hansı məsələ ilə bağlı sualları çıxsa bizə müraciət edəcəklər. Çalışacağıq ki, xarici jurnalistlərlə görüşümüzdə Azərbaycan haqqında bütün ən yaxşı məlumatları onlara catdıraq. Çünki onların Azərbaycanın reallıqlarını düzgün əks etdirə bilməsi üçün bu cür görüşlər lazımdır.
Bizim jurnalistlər də oyunların işıqlandırılmasında fəal olacaqlar. Bizim jurnalistlərlə onların sıx təmasda olmaları təmin olunacaq. Həm də şuranın keçirdiyi görüşlərdə yerli jurnalistlər də iştirak edəcək. İstəyirik ki, onların bir-biri ilə şəxsi əlaqələri olsun. Onlar təkcə oyunlar zamanı deyil, gələcəkdə də qarşılıqlı şəkildə əməkdaşlıq edə bilsinlər.
Yaranan bütün fürsətlərdən istifadə edirik ki, Azərbaycan jurnalistlərinin xarici həmkarları ilə işbirliyi yaransın. Oyunlardan istifadə edəcəyik ki , bu əməkdaşlıq yaransın, aralarında indiyə kimi əməkdaşlıq edənlər isə bir az da möhkəmlənsinlər".