Mikayıl Cabbarov Koreyada səfərdədir Hadisə

Mikayıl Cabbarov Koreyada səfərdədir

Nazir Dünya Təhsil Forumunda iştirak edib

Təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda iştirak etmək məqsədilə Koreyanın İnçon şəhərinə səfər edib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, 2000-ci ilin dekabrında keçirilmiş Dünya Təhsil Forumunda "Minilliyin İnkişaf Məqsədləri" müzakirə olunub və "Hamı üçün təhsil" sənədi qəbul edilib. 2015-ci ildə "Minillik İnkişaf Məqsədləri"nin icra müddəti başa çatır və bu sahədə yeni bir sənədin qəbul olunması nəzərdə tutulur. Bununla əlaqədar UNESCO və Koreya Respublikasının birgə təşkilatçılığı ilə 19-22 may tarixlərində keçirilən Dünya Təhsil Forumunda 2015-ci ildən sonrakı dövr üçün təhsil sahəsində "Davamlı İnkişaf Məqsədləri" müzakirə edilib.
Mayın 19-da Azərbaycan nümayəndə heyəti forumun açılış mərasimində iştirak edib. Mayın 20-də forumun 1-ci sessiyasında çıxış edən təhsil naziri Mikayıl Cabbarov prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən təhsil islahatları və bu çərçivədə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası barədə məlumat verib.
Təhsil nazirinin Koreya baş nazirinin müavini, təhsil naziri Hvanq Voo-yea ilə görüşü zamanı iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyi, hər iki ölkə rəhbərliyinin qarşılıqlı əməkdaşlığın genişlənməsinə böyük əhəmiyyət verdiyi, ölkələrin təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğu vurğulanıb və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Sonra nazir "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Koreya Respublikasının ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Görüş zamanı tələbələrin təhsil prosesi ilə maraqlanan təhsil naziri onların xaricdə əldə etdikləri bilik və bacarıqların böyük əhəmiyyət kəsb etdiyini bildirib. Nazir Dövlət Proqramı çərçivəsində tələbələrin xaricdə təhsilinin maliyyələşdirilməsinin ölkənin gələcəyinə yönəlmiş investisiya olması və bu səbəbdən onların məzun olduqdan sonra Azərbaycana dönərək öz sahələri üzrə çalışmasının və ölkəmizin gələcək iqtisadi inkişafına layiqli töhfələr verməsinin əhəmiyyəti barədə söhbət açıb.
Təhsil nazirinin Koreyanın İqtisadi İnkişaf Əməkdaşlıq Fondunun baş direktoru Kim Tae-soo ilə görüşündə 2014-cü ilin 11 aprel tarixində Bakıda imzalanmış Azərbaycan Hökuməti və Koreya İxrac-İdxal Bankı arasında kredit sazişi çərçivəsində Peşə Tədrisi Mərkəzinin yaradılması layihəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Hankuk Xarici Dillər Universitetinin prezidenti Kim İn Çul ilə görüşdə isə bu ali təhsil müəssisəsində Azərbaycan dilinin tədris olunması və bu prosesə azərbaycanlı professorun cəlb olunması təqdirəlayiq hal kimi qiymətləndirilib.
Mikayıl Cabbarov həmçinin, Koreya Təhsilin İnkişafı İnstitutu (KEDİ), Peşə Təhsili və Təlimi üzrə Koreya Tədqiqat İnstitutu (KRİVET) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) prezidentləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı Koreyanın təhsil sahəsində təcrübəsinin öyrənilməsi, ölkələr arasında hazırda həyata keçirilən layihələr və qarşılıqlı əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub.
Səfər çərçivəsində işçi qaydada əlavə bir sıra görüşlər də keçirilib.