“İqtisadi qeyri-müəyyənlik doğum səviyyəsinə təsir edir” İqtisadiyyat

“İqtisadi qeyri-müəyyənlik doğum səviyyəsinə təsir edir”

“Doğum səviyyəsinin azalmasının əsas səbəblərindən biri iqtisadi qeyri-müəyyənlikdir”.

Bunu Xalqcəbhəsi.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Onun sözlərinə görə, yüksək inflyasiya ailələrin gündəlik xərclərini artırır, uşağın böyüdülməsi ilə bağlı maliyyə yükünü daha da ağırlaşdırır: “Gəlirlərin həyat bahalılığı ilə eyni tempdə artmaması gənclərin ailə qurmaq və ya ikinci, üçüncü uşaq sahibi olmaq qərarını təxirə salmasına səbəb olur.
Mənzil problemi də mühüm amillərdən biridir. Ev qiymətlərinin və ipoteka ödənişlərinin yüksək olması, xüsusilə gənc ailələrin müstəqil yaşayış qurmasını çətinləşdirir. Sabit iş yeri və kifayət qədər gəliri olmayan insanlar uzunmüddətli öhdəliklər götürməkdən çəkinirlər. Bununla yanaşı, təhsil, səhiyyə və uşaq baxımı xərclərinin artması valideynlərin daha az uşaq sahibi olmağa üstünlük verməsinə təsir göstərir.Nəticədə iqtisadi sabitlik, əlverişli mənzil imkanları və ailələri dəstəkləyən sosial siyasətlər gücləndirilmədiyi halda doğum səviyyəsində azalma meylinin davam etməsi mümkündür”.

Günel Elxan