
“Sosial şəbəkələrdə qeydiyyat zamanı yaşın təsdiqi mexanizminin tətbiqi uşaqların fiziki, psixoloji və rəqəmsal təhlükəsizliyinin qorunması baxımından mühüm əhəmiyyət daşıya bilər”.
Bunu Xalqcəbhəsi.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
Ekspert bildirib ki, sosial şəbəkələrdən erkən yaşlarda intensiv istifadə uşaqlarda ekran asılılığı, diqqət dağınıqlığı, yuxu pozuntuları, narahatlıq və digər psixoloji problemlərin yaranması riskini artırır: “Yaş məhdudiyyəti və yaşın yoxlanılması mexanizmi uşaqların bu risklərlə daha gec qarşılaşmasına və onların sağlam inkişafı üçün daha əlverişli mühitin formalaşmasına xidmət edir. Uşaqların şəxsiyyətinin formalaşdığı dövrdə real ünsiyyət, ailə münasibətləri, məktəb və sosial mühit əsas rol oynayır. Sosial şəbəkələrə çıxışın müəyyən yaşadək məhdudlaşdırılması onların ünsiyyət bacarıqlarının, tənqidi düşüncə qabiliyyətinin və emosional dayanıqlığının təbii şəkildə inkişafına şərait yarada bilər. Sosial media platformalarında zorakılıq, kibertəzyiq, dezinformasiya, fırıldaqçılıq, yaşa uyğun olmayan məzmun və digər risklər mövcuddur. Yaşın yoxlanılması sistemi uşaqların bu cür məzmunlarla qarşılaşma ehtimalını azalda bilər”.
Onun sözlərinə görə, 16–18 yaş qrupu üçün valideyn razılığı mexanizminin tətbiqi ailələrin uşaqların rəqəmsal həyatına nəzarət imkanlarını genişləndirə və valideynlə övlad arasında rəqəmsal təhlükəsizlik, şəxsi məlumatların qorunması və sosial mediadan məsuliyyətli istifadə ilə bağlı dialoqu gücləndirə bilər: “Yaş məhdudiyyəti sosial şəbəkələrdən tam imtina demək deyil. Əksinə, bu yanaşma uşaqların rəqəmsal mühitə daha hazırlıqlı şəkildə daxil olmasını, yetkinlik yaşına yaxın dövrdə isə valideyn nəzarəti ilə rəqəmsal davranış qaydalarını daha düzgün mənimsəməsini hədəfləyir.
Ekspert bildirib ki, bu cür yanaşma dövlətin uşaqların müdafiəsi siyasətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Azyaşlıların siqaret, alkoqol və digər zərərli vasitələrə çıxışının qanunla məhdudlaşdırıldığı kimi, rəqəmsal mühitdə də onların təhlükəsizliyini təmin edən mexanizmlərin tətbiqi eyni məntiqə əsaslanır.
Rizvan Fikrətoğlu əlavə edib ki, bir sıra ölkələrdə uşaqların sosial şəbəkələrdə qeydiyyatı zamanı yaşın yoxlanılması, valideyn razılığı və digər təhlükəsizlik mexanizmləri artıq tətbiq olunur və ya bu istiqamətdə qanunvericilik təşəbbüsləri həyata keçirilir. Bu baxımdan yaşın təsdiqi mexanizmi beynəlxalq rəqəmsal təhlükəsizlik tendensiyalarına uyğun addım hesab oluna bilər”.
Ekspertin fikrincə, uşaqların təhlükəsiz rəqəmsal mühitdə böyüməsi gələcəkdə daha məsuliyyətli internet istifadəçilərinin formalaşmasına, kibertəhlükəsizlik mədəniyyətinin inkişafına və rəqəmsal mühitdə hüquq pozuntularının azalmasına müsbət təsir göstərəcək: “Təklif olunan yanaşma sosial şəbəkələrə qadağa deyil, qeydiyyat zamanı istifadəçinin yaşının yoxlanılması və uşaqların yaş xüsusiyyətlərinə uyğun qorunmasının təmin edilməsinə yönəlmiş profilaktik mexanizmdir. Bu cür təşəbbüslərin mümkün müsbət təsirləri ilə yanaşı, onların tətbiq mexanizmi, şəxsi məlumatların qorunması, yaşın necə yoxlanılması və uşaqların hüquqlarının təmin olunması kimi məsələlər də diqqətlə nəzərdən keçirilməlidir. Bu balansın qorunması həm uşaqların müdafiəsi, həm də rəqəmsal hüquqlar baxımından böyük əhəmiyyət daşıyır”.
Günel Elxan