“Çox tez-tez soruşurlar: Azərbaycan harada yerləşir?” Hadisə

“Çox tez-tez soruşurlar: Azərbaycan harada yerləşir?”

Azad Rəhimov: "Avropa Oyunlarından sonra insanların çoxu bu sualın cavabını biləcək"

Nizami Süleymanov: "İlk Avropa Oyunları Azərbaycanın dünyada geniş formada tanınmasına səbəb olacaq"

Gənclər və idman naziri Azad Rəhimov açılışına sayılı günlər qalmış İlk Avropa Oyunları ərəfəsində Avropanın populyar "EurAktiv" portalına müsahibə verib. Nazir Avropa Oyunlarına hazırlıqdan, yarışların büdcəsindən və bu oyunların Azərbaycana nə verə biləcəyindən danışıb: ""Bu oyunlar cəmi 23 il əvvəl müstəqilliyini elan etmiş ölkəyə özünə Avropanın xəritəsində yer etmək üçün çox mühümdür. Çox tez-tez soruşurlar: Azərbaycan harada yerləşir. Bakıda keçirilən 2012-ci il "Eurovision" yarışmasından və indiki Avropa Oyunlarından sonra insanların çoxu bu sualın cavabını biləcək"- deyə nazir bildirib. Onun sözlərinə görə, olimpiya oyunlarını təşkil etmək istənilən ölkə üçün bahalı işdir:"Bəzən Olimpiya Federasiyasının tələbləri çox yüksək olur. Məsələn, olimpiya üzgüçülük hovuzunun zalı ən azı 15 min adam tutmalıdır. Əlbəttə, belə zalı tikmək çox bahalı işdir. Bakının üstünlüyü isə odur ki, biz əsasən mövcud idman meydançalarına kökləndik, orada bərpa işləri apardıq. Biz "Cristal Hall" kimi çoxfunksiyalı mərkəzlərdən istifadə edirik. İndi bu yerdə Avropa Oyunlarının beş növ üzrə yarışları keçiriləcək. Biz həmçinin yeni binalar tikdik. Ancaq son iki ildə tikdiyimiz üç böyük idman arenası oldu - Olimpiya futbol stadionu, Su İdmanı Mərkəzi və Atıcılıq Mərkəzi. Hansı ki, bunların hər üçünün tikintisi ideyası Avropa Oyunlarından əvvəl meydana çıxmışdı. Yəni onlar Avropa Oyunları üçün tikilməyib".
Bəs Avropa Oyunlarının keçiriləcəyi idman qurğularının sonrakı taleyi necə olacaq? Afinada 2004-cü il Olimpiya Oyunları üçün tikilmiş idman arenalarının indiki vəziyyətini əks etdirən sənədli film var. Bu obyektlər o dərəcədə dəhşətli kökə düşüb ki, sanki nüvə müharibəsindən sonrakı dünyanın təsvirlərini xatırladır. Təhlükə varmı ki, Bakıda da belə olacaq? Bu suala Rəhimovun cavabı maraqlı olub:
"Bu sual yeni tikilən üç arenaya aiddir. Mən əminəm ki, Su İdmanı Mərkəzi tamaşaçılarla tam dolu olacaq və xərclərini ödəyəcək. Atıcılıq Mərkəzində də belə olacağını gözləyirik, hansı ki, insanlar bu mərkəzdən üzvlük haqqı ödəmədən istifadə edə biləcəklər. Yeganə böyük risk Olimpiya futbol stadionu ilə bağlıdır, çünki çox nəhəng arenadır".
Azad Rəhimov Avropa Oyunlarının büdcəsi haqda da danışıb. Bildirib ki, əslində bu oyunlar üçün üç ayrı büdcə var. Biri infrastruktur büdcəsidir ki, Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. İkinci büdcə tikinti üçündür.
"Üçüncü büdcə isə əməliyyat xərcləri üçündür. Bu, 960 milyon manat (820 milyon avro) həcmindədir. Mən fəxrlə deyə bilərəm ki, biz bu büdcəni israf etmirik. Digər olimpiya oyunlarının təcrübəsindən məlumdur ki, planlaşdırılmış büdcə nəzarətdən çıxır. Lakin biz vəsaitin bir hissəsinə qənaət etmək imkanında olacağıq"- deyə A.Rəhimov bildirib.
Nazir onu da deyib ki, işlər qrafik üzrə gedir. İdman obyektlərinin hamısı hazırdır, otellər hazırdır. Hazırda davam edən yeganə iş təhlükəsizlik yoxlamaları, generatorlar, İT texnologiyaları üçün nəzərdə tutulan xüsusi çadırların quraşdırılması, digər bu kimi müvəqqəti obyektlərin hazırlanmasıdır.
Azərbaycan Milli Yaradıcılıq Akademiyasının (AMYA) prezidenti, akademik Nizami Süleymanov bildirib ki, İlk Avropa Oyunları Azərbaycanın dünyada geniş formada tanınmasına səbəb olacaq. Onun sözlərinə görə, indiyədək Azərbaycan öz tarixi və mədəniyyəti ilə dünyada tanınıb. N.Süleymanov deyib ki, ilk Avropa Oyunlarından sonra Azərbaycan dünyada idmanı ilə də geniş tanınacaq: "Artıq dünya dəyişib. Mən ötən il Avstriyada səfərdə olanda bir daha şahidi oldum ki, Bakıda təşkil olunan beynəlxalq tədbirlər Azərbaycanı dünyada tanıdır. Avstriyada mənə deyirdilər ki, biz Azərbaycanı "Eurovision" yarışmasından sonra daha çox tanımağa başlamışıq. İndi də beynəlxalq idman tədbiri ilk dəfə olaraq məhz Azərbaycanda keçiriləcək. Əminəm ki, Avropa Oyunlarını seyd edəcək milyardlarla insan Azərbaycanı tanıyacaq. Azərbaycan idman ölkəsi kimi dünyada özünü nümayiş etdirəcək. Bilirsiniz ki, Azərbaycan son 15 ildə idman sahəsində böyük uğurlar əldə edib. Avropa Oyunları dünya tarixində ilk dəfə təşkil olunur. Bu ilk tədbirin məhz Azərbaycana salınması əlbəttə ki, bizim üçün qürurvericidir. İnanıram ki, Avropa Oyunlarından sonra dünyada olan Azərbaycan diasporunun mövqeyi daha da güclənəcək".

Əli