Təhsil haqlarının ödənilməsi qaydası dəyişdirilib Hadisə

Təhsil haqlarının ödənilməsi qaydası dəyişdirilib

Nazirlər Kabineti 2008-ci il 27 noyabr tarixli qərarı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları"nda dəyişikliklər edib. APA-nın verdiyi məlumata görə, dəyişiklik təhsil alanların xərclərinin dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlıdır.
İndiyədək Dövlət Proqramına əsasən xaricdə təhsil alanların təhsil haqqı, viza və qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması, yaşayış (yataqxana və digər), zəruri tədris ədəbiyyatı ilə təminat, tibbi sığorta və ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərcləri dövlət tərəfindən maliyyələşdirilib. Bundan sonra təhsil alanların yerli nəqliyyatdan istifadə, internet xidməti və telefon danışıqları ilə bağlı xərclər də dövlət tərəfindən maliyyələşdiriləcək. Bu xərclər təhsilalanın ölkəyə daxil olduğu tarixdən etibarən təhsil müddətinin sonunadək olan dövrü əhatə edir. Təhsilalan təhsil aldığı ölkəyə daxil olduqdan sonra həmin ölkə üzrə müvafiq təhsil səviyyəsinin standart tədris müddətinə uyğun olaraq bakalavr səviyyəsi üzrə Kanada və Böyük Britaniya - 8 ay, digər ölkələr - 9 ay, magistratura səviyyəsi üzrə Böyük Britaniya - 12 ay, digər ölkələr - 10 ay, aspirantura, doktorantura, rezidentura səviyyələri üzrə - 12 ay üçün ödəmələr həyata keçiriləcək.
Təhsilalanın təhsil müddəti tədris ili ərzində daha böyük dövrü əhatə etdiyi təqdirdə, təhsilalanın əlavə müddət üçün yaşayış xərcləri ilə bağlı problem də aradan qaldırılıb. Dəyişikliyə əsasən, bundan sonra təhsilalanın təhsil müddəti tədris ili ərzində daha böyük dövrü əhatə etdiyi təqdirdə, təhsilalanın əlavə müddət üçün yaşayış xərcləri xarici ölkənin ali məktəbləri, tərəfdaş qurumları və ya Azərbaycanın xarici ölkələrdəki səfirlik və digər nümayəndəlikləri tərəfindən Təhsil Nazirliyinə təqdim olunan məlumatlara uyğun olaraq maliyyələşdiriləcək. Əlavə müddət üçün yaşayış xərcləri hesablanarkən, xarici ölkənin ali məktəbləri, tərəfdaş qurumları və ya Azərbaycanın xarici ölkələrdəki səfirlik və digər nümayəndəlikləri tərəfindən Təhsil Nazirliyinə təqdim olunan məktubda qeyd edilən tədris ilinin başa çatma tarixinə qədər olan müddət əsas götürüləcək. Bu zaman tədris ilinin sonuncu ayı üçün yaşayış xərcləri aidiyyəti ölkə üzrə aylıq yaşayış xərci normasının bir günə düşən məbləğini təhsil müddətinin müvafiq ay üzrə başa çatma tarixinə qədər olan günlərin sayına vurmaqla müəyyən ediləcək. İxtisasartırma və yenidənhazırlanma səviyyələri üzrə təhsilalanların yaşayış xərcləri xarici ölkənin ali məktəbləri, tərəfdaş qurumları və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və digər nümayəndəlikləri tərəfindən Təhsil Nazirliyinə təqdim olunan məlumatlar əsasında ödəniləcək. Tərəfdaş qurumlarla bağlanan müqavilələr çərçivəsində təhsilalanların yaşayış xərcləri bu qurumların təqdim etdiyi məlumatlar əsasında ödəniləcək. Təhsil müəssisəsində tədrisin başlama tarixinə nisbətən təhsilalan hər hansı səbəbə görə gec qeydiyyatdan keçdiyi təqdirdə, təhsilalanın yaşayış xərci üçün nəzərdə tutulmuş təqaüdün məbləği gecikmə müddətinə uyğun olaraq azaldılacaq.