Şıxəli Qurbanovun pasport aldığı Novruz... Hadisə

Şıxəli Qurbanovun pasport aldığı Novruz...

Moskvaya donos yazaraq Şıxəli Qurbanovu millətçilikdə, dini bayrama milli don geydirməkdə günahlandırmışdılar

Novruzun üç min il yaşı var. Üç min illik bir bayramın Azərbaycanda 22 illik keşməkeşli tarixi var, müəmmalı. 11-ci ordunun süngüləri üstündə Azərbaycana sovet hakimiyyəti gətiriləndən sonra bir çox bayramlar kimi Novruz da represiyaya məruz qaldı. Rəsmi bayram olmasa da, bəzən qadağan edilsə də, bəzi hallarda qorxulu olsa da, xalq Novruzu qeyd edirdi. 1960-cı illərdə Azərbaycan kommunist partiyası mərkəzi komitəsinin katibi Şıxəli Qurbanov Novruz bayramına "bəraət" verilməsi, Novruzun rəsmi bayram kimi qeyd edilməsi üçün mübarizəyə başladı. Təhlükəli təşəbbüs idi. Mərkəzi Komitənin 1-ci katibi Vəli Axundov da Şıxəli Qurbanovu təhlükəli iş gördüyü barədə xəbərdarlıq etdi, amma o, geri çəkilmədi.
1967-ci ildə Novruz ilk dəfə rəsmi bayram kimi dövlət səviyyəsində qeyd edildi: "1967-ci ilin Novruz tonqalları yalnız küçələri, meydanları yox, həm də ən başlıcası illərin dözülməz ağırlığı altında sıxılan, boğulan, mühitin qaranlıqlarına bürünən ürəkləri, beyinləri işığa qərq etdi...
"Şıxəli Novruz bayramı ilə bağlı hazırlıq işləri görəndə heç ailəsinin də bundan xəbəri yox idi. Bilirdi ki, mənim xəbərim olsa, həyəcanlanacağam, narahat olacağam. Axı o dövrdə belə bir addım atmaq çox təhlükəli idi"- həyat yoldaşı Xavər Qurbanova belə deyir. Təhlükəli olsa da, Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq oldu.
"Məqsədi Azərbaycan xalqının milli şüurunu oyatmaq idi. Şıxəli bu istəyinə nail oldu. Həmin gün sanki bütün insanlar oyanmışdı, kim olduqlarını dərk etmişdilər. Qız qalasına doğru insanların axını dayanmırdı, hamının üzündə ürkək sevinc hissləri var idi. Şıxəli istəyinə nail olmuşdu, amma həyatı bahasına...
Düşünülmüş şəkildə tərtib olunmuş Novruz bayramı şənlikləri Azərbaycanın bütün bölgələrində, xüsusən Bakı şəhərində ümumxalq şənliyi səviyyəsinə qaldırıldı. Möhtəşəm Qız qalasının ətrafı Novruz bayramının qeydolunma mərkəzinə çevrildi. Axın-axın insanların toplaşdığı Qız qalası qarşısında xalq oyun-tamaşaları böyük rəğbət hissi ilə qarşılandı. Həmin ilin Novruz bayramına Azərbaycan mətbuatı da xüsusi səhifələr ayırdı. O vaxt yeganə olan Azərbaycan Dövlət televiziyası və radiosu verlişlərini bilavasitə Novruz bayramına həsr etdi. Vertolyotlardan "Yaz - Novruz bayramınız mübarək!" yazılmış vərəqələr Bakının küçə-meydanlarına səpələndi. Ağpaltarlı Bahar qızı keçdiyi yerlərdə hamı tərəfindən gül-çiçəklə qarşılandı. Dənizkənarı bulvarda, şəhər meydanlarında bayram yarmarkaları təşkil olundu. Bakı əhalisi Şıx çimərliyində Novruz bayramı - ağacəkmə bayramı iməciliyi keçirdi.
Azərbaycana Şıxəli Qurbanovun adına Novruz bayramının belə təntənəli keçirilməsi münasibətilə Özbəkistandan, Qırğızıstandan, hətta İraqdan təbrik teleqramları gəlmişdi... Təbii olaraq sonrakı illərdə sovet rejimi Novruz bayramının, eləcə də digər xalq ayin-mərasimlərinin qarşısına öz keçilməz sipərini çəkdi. Bununla belə, Şıxəli Qurbanovun təşəbbüsü, cəsarəti ilə 1967-ci ildə böyük təntənə ilə qeyd olunmuş Novruz bayramı ürəklərdə kövrək iz qoydu....
Həyat yoldaşı Xavər xanım danışır ki, bayramın axşamı Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. "O zaman vəzifə başına keçmək istəyənlər Moskvaya donos yazaraq, Şıxəli Qurbanovu millətçilikdə, sovet rejiminə qarşı çıxmaqda, sosializmə zidd olan adət-ənənələri yenidən dirçəltməkdə, dini bayrama milli don geydirməkdə günahlandırmışdılar.
Təbii ki, Azərbaycanda Novruzun yüksək səviyyədə qeyd olunması Moskvada da böyük həyəcanla qarşılanmışdı. Ona görə də dərhal Şıxəli Qurbanov Moskvaya çağırılaraq, ondan Novruzla bağlı izahat tələb olunmuşdu. O, Moskvaya gedəndə həbsə alınacağı və ya ən azından işdən azad ediləcəyi gözlərilirdi. Şıxəli Qurbanov Sov. İKP MK-nin din şöbəsində 22 vərəqdən ibarət izahat yazır və özü alim olduğu üçün Novruz bayramının dini bayram olmadığını sübut və dəlillərlə şərh edir. İzahat qəbul olunmuş və hər şey öz yerini tutmuşdu. Şıxəli Qurbanov həm də yaxın dostu olan tanınmış şərqşünas İosif Samuiloviç Braginskiyə müraciət edir ki, Novruz bayramının dinlə əlaqəsi olmadığını geniş və əsaslı surətdə öz məqaləsində əks etdirsin. Həqiqətən də belə bir məqalə "Pravda" qəzetində çap olunur. Bir qədər sonra həmin yazı Azərbaycan dilində 20 may 1967-ci il tarixli "Ədəbiyyat və incəsənət" qəzetində dərc edilir. Məqalə dərc edildikdən sonra Şıxəli Qurbanov deyir: "Novruz pasport aldı".
Şıxəli Qurbanova qədər Azərbaycanın ali dairələrində belə bir fədakarlıq göstərən, milli təəssübkeşlik nümayiş etdirən, milli varlığı bütün ittifaq səviyyəsində müdafiə edən, "Biz min illər tarixi olan və bəşər sivilizasiyanın inkişafına öz töhfəsini verən Novruz kimi ən qədim bir bayramın sahibi olan millətik", -deyə var gücü ilə nəinki Moskvaya, həm də bütün dünyaya hayqıra bilən bir rəhbər olmamışdı. Şıxəli Qurbanov bu addımları ilə SSRİ subyektlərini təşkil edən bütün respublikalarda şok effekti əmələ gətirmişdi.
Qurbanovlar ailəsi hər an səksəkədə idi, bilirdilər ki, Şıxəli Qurbanovun başı hələ çox ağrıyacaq. "Üç dəfə həyatına qəsd olundu. Bayramdan sonra maşında gedərkən güllə atmışdılar ona, əlinə dəyib sıyırmışdı. Daha sonra üstünə maşın sürmüşdülər, özünü güclə ağacın dibinə atıb canını qurtara bilmişdi. Bir dəfə də zəhərləmək istəyiblər alınmayıb".
1967-cü il, mayın 24-də səhər tezdən Şıxəli Qurbanovun dişi ağrıyırdı. Ona görə də adəti üzrə ailə üzvləri ilə sağollaşaraq çoxdan dostluq etdiyi diş həkiminin yanına getməyi qərara aldı. Amma o, evdən çıxanda bilmirdi ki, bu onun son gedişidir və bir daha geri qayıda bilməyəcək, qatili də dostluq etdiyi həkim Əliağa Əhmədov olacaq. Məhz onun tərəfindən vurulan iynə Şıxəli Qurbanovun həyatına son qoydu. Şıxəli Qurbanovun ölümünə səbəb ona sianid turşusunun vurulması ehtimal edilir. Sonradan məlum olmuşdu ki, Şıxəli Qurbanovun öldüyünü görən həkim pəncərədən düşərək birbaşa Vəli Axundovun evinə qaçıb.
Ailəsi onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edir. Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova: "Aydın məsələdir ki, Şıxəli Qurbanovu öldürüblər. Novruz bayramı onu aradan götürmək üçün sadəcə səbəb idi. O zaman vəzifəyə gəlmək istəyənlər dövlət səviyyəsində bunu təşkil etdilər. Məlum oldu ki, ona sianid turşusu vurublar".
Gülnarə Qurbanova: "Atam səhər saat 9.40-da rəhmətə getmişdi, saat 10-da isə Vəli Axundovun göstərişi ilə ailəsinə xəbər vermədən yarmışdılar onu. Moskvadan təyyarə ilə komissiya Bakıya gəlmişdi, amma ailəsi hələ də xəbərsiz idi. Gülnarə xanımın dediyinə görə, atasının cənazəsi bir gecə evlərində qalıb və həmin gecə övladlarının başqa yerdə gecələməsi məsləhət görülüb: "Məni həmin gecə Vəli Axundovun evinə göndərdilər. O vaxt qızı ilə bir sinifdə oxuyurdum. Sonradan bildim ki, həmin gecə qonşu otaqda da atamın dişinə iynə vuran həkim yatıbmış".
Gülnarə Qurbanova danışır ki, atası son bir ildə öldürüləcəyini bilirdi: "Anama demişdi ki, bilirəm məni öldürəcəklər, amma xalq elə həmin gün qatili parça-parça edib tikələrini qapımızın ağzına qoyacaq. Xalq qoymaz ki, qanım yerdə qalsın".
Şıxəli Qurbanovun ölümündən 40 gün sonra xanımı Xavər Qurbanova Moskvada prokurorluqda olur. Onun təkidindən sonra prokurorun müavini məsələni aydınlaşdırmaq üçün Bakıya göndərilir. Amma nəticədə Xavər xanıma onun fikirləri ilə şərik olduğunu desə də, həqiqət rəsmi surətdə üzə çıxarılmır. Çünki ixtisasca həkim olan Mərkəzi Komitənin birinci katibi Vəli Axundov diaqnozunda israrlı idi "Şıxəli Qurbanovun "anafilaktik şok"dan ölməsi ilə bağlı dörd nəfər mütəxəssisin imzası ilə qəzetdə yazı da dərc olunmuşdu".
Novruz bayramı ilə bağlı araşdırmaların müəllifi, filologiya elmləri doktoru, professor Azad Nəbiyev Şıxəli Qurbanova qəsd olunduğu və onun Novruz bayramının təşəbbüskarı olması ilə bağlı deyilənlərlə razılaşmır. Onun dediyinə görə, 1967-ci ildə bayramın Azərbaycanda keçirilməsi elə sovet ideoloji sisteminin təşəbbüsü idi. "Bu təkcə Şıxəli Qurbanovun təşəbbüsü ola bilməzdi. O zaman ona kim icazə verərdi ki, belə bir addım atsın? Elə bayramdan öncə - açıqçalar çap etdirən zaman onu aradan götürərdilər".
Azad Nəbiyev deyir ki, Şıxəli Qurbanovun həyatına qəsd olunmasaydı, bu mütləq üzə çıxardı: "Vəli Axundov dəfələrlə öz açıqlamalarında deyib ki, Şıxəli Qurbanovu onlar hakimiyyətə gətirmişdilər, onun xalq arasında çox böyük hörməti var idi. İnana bilmirəm ki, bu boyda qəsd təşkil olunsun. Belə olsaydı istintaq mütləq nəsə üzə çıxarardı".
Mayın 24-ü vəfat edən günü Azərbaycan Dram Teatrında Şıxəli Qurbanovun "Sənsiz" dramının ictimai baxışı idi. Gülnarə Qurbanova deyir ki, hələ bir gün öncə - mayın 23-də Şıxəli Qurbanov tamaşanın məşqini yarımçıq qoyub getməli olmuşdu, xaricdən qonaqlar gəlmişdi. Qapıdan çıxanda isə demişdi ki, ""Sənsiz"ə baxarsız mənsiz"... Elə belə də oldu. Gülnarə xanım danışır ki, səhəri gün tamaşaya gələnlərin hamısı xəstəxanada idi: "Tamaşaya gələnlərə elan etmişdilər ki, müəllif rəhmətə gedib".

Ülviyyə Tahirqızı