“Azərbaycan ilk Avropa Oyunlarının açılışını necə yüksək səviyyədə təşkil etmişdisə, o cür də, bağlanış mərasimini keçirdi” Hadisə

“Azərbaycan ilk Avropa Oyunlarının açılışını necə yüksək səviyyədə təşkil etmişdisə, o cür də, bağlanış mərasimini keçirdi”

Eldar İbrahimov: "İstər açılış, istərsə də bağlanış mərasimdə yeni kompozisiyalar göstərildi"

Azər Badam: "Bizdə təşkil olunan bu mərasimlər dünyanın heç bir ölkəsində belə yüksək təşkilatçılıqla olmamışdı"

Rauf Əliyev: "Avropa Oyunların yüksək səviyyədə təşkili Azərbaycanın inkişafının, gücünün təsdiqi idi"

Birinci Avropa Oyunlarının istər açılışı, istər oyunların davam etdiyi 17 gün və bağlanış mərasimi birmənalı şəkildə Azərbaycan dövlətinin gücünün, qüvvətinin nümayişi oldu. Bu oyunlar vasitəsilə ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə, yüksək intellektə malik olan xalq kimi dünyaya təqdim olunması sözün həqiqi mənasında qürurverici idi. Açılış və bağlanış mərasimlərində nümayiş etdirilən bütün elementlər, orada təqdim olunan proqramın detalları və şou izləyicilərin hər birinə sevinc gətirdi. Qətiyyətlə qeyd etmək olar ki, bu oyunları keçirməklə Azərbaycan bütün imkanlarını dünyaya təqdim edə bildi. Eyni zamanda, Azərbaycanın dünyaya inteqrasiya olunmasında, mədəniyyətimizin təbliğində, gələcək əməkdaşlıq imkanlarında var olduğunu göstərdi. Həmçinin dünyaya nümayiş olundu ki, Azərbaycan potensialını dinc məsələlərə qoymağa hazırdır. Azərbaycan bu oyunlarla həm özünün ədalətli prinsiplərini göstərə bildi, həm mədəniyyətini təbliğ etdi, həm də tolerant, multikulturalizmə əməl edən bir ölkə olduğunu göstərə bildi. Ümumiyyətlə bu oyunlar təkcə idman tədbiri kimi deyil, ümumiyyətlə ölkənin təbliğatı üçün əhəmiyyətli tədbir idi.
Millət vəkili, Milli Məclisin aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib ki, Azərbaycan ilk Avropa Oyunlarının açılışını necə yüksək səviyyədə təşkil etmişdisə, o cür də, bağlanış mərasimini keçirdi: "İstər açılış, istərsə də bağlanış mərasimdə yeni kompozisiyalar göstərildi. Sonda da Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın yüksək səviyyəli çıxışı, həmçinin, Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikkinin çıxışı yadda qalan oldu. Mən özüm də, şərəf duydum ki, mənsub olduğum Azərbaycan xalqı və ölkə başçımız İlham Əliyev belə bir tədbiri çox yüksək səviyyədə keçirdi. Bundan başqa Azərbaycan idmançıları bu oyunlarda öz sözlərini deyə bildilər". Komitə sədrinin sözlərinə görə, Birinci Avropa Oyunlarını təşkil etməklə ölkəmiz sübut etdi ki, Avropa elə məhz Azərbaycandan başlanır: "Avropa artıq Azərbaycan standartlarını həyata keçirməlidir. Azərbaycan standartlarına uyğun olaraq növbəti Oyunları keçirməlidirlər. Görək, keçirə biləcəklər, ya yox?! Mən inanmıram ki, hansısa Avropa ölkəsi gələcəkdə Azərbaycanın bu standartlarına cavab verə biləcək yüksək səviyyəli Avropa Oyunları keçirə bilsin". E. İbrahimov qeyd edib ki, Oyunlar ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası təşkil edən qüvvələrə cavab olaraq bağlanış mərasimi xüsusi yadda qalan oldu: "Onlar özləri də başa düşdülər ki, boş-boş danışdılar, lakin Azərbaycan öz işini gördü. Azərbaycan dünyaya sübut etdi ki, biz güclü dövlətik və idman yüksək səviyyədədir. İdmanla da biz güclü siyasətimizi dünyaya göstərə bildik. Onlar danışıb neynədilər? Kim nə danışır, danışsın, bu qarayaxma ilk dəfə deyil. Azərbaycanda hansısa böyük tədbirlər keçiriləndə onlar "fəaliyyətə" başlayırlar. Artıq ölkəmizə gələn turistlər haqqımızda xoş fikirlər səsləndirirlər. Başqa ölkələrdə 5-7 ilə keçirilə biləcək Avropa Oyunları bizdə 2 il yarıma yüksək səviyyədə hazır oldu. Hamı biləcək ki, Azərbaycanda bu oyunlar necə yüksək səviyyədə keçirildi".
Millət vəkili Azər Badamovun sözlərinə görə, həm açılş mərasimi və oyunların gedişatının təşkili, həm də bağlanış mərasiminin yüksək səviyyədə keçirilməsi uzun müddət dünya ictimaiyyətinin yaddaşında qalacaq: "28 iyunda Bakı Olimpiya stadionunda I Avropa Oyunlarının bağlanış mərasimi oldu və mərasim çox möhtəşəm təşkil olunmuşdu. Deyə bilərəm ki, bizdə təşkil olunan bu mərasimlər dünyanın heç bir ölkəsində belə yüksək təşkilatçılıqla olmamışdı. Bunu ölkəmizə gələn 10 minlərlə qonaq da etiraf edir. Bağlanış mərasimində ölkənin 1-ci xanımı Mehriban Əliyevanın çıxışının geniş tamaşaçı auditoriysı tərəfindən böyük maraqla və alqışlarla qarşılanması bir növ Azərbaycan xalqının oyunların təşkilatından və keçirilməsindən məmnunluğun ifadəsi idi". A.Badamov deyib ki, I Avropa Oyunlarında iştirak edən idmançıların stadion səhnəsində bir araya gəlməsi dostluq və birliyin nümayişi kimi yadda qalacaq: "Azərbaycan hər zaman tolerantlıqda bütün dünyaya bir nümunə olub və bu oyunlar Avropa qitəsindəki 50 ölkənin nümayəndələrini bir araya gətirməklə dostluq və birliyin simvolu olan yeni bir yarışmanın əsasını qoydu. Ümumiyyətlə, bu yarışma Avropaya yeni standartlar gətirdi və bundan sonra keçiriləcək yarışmalarda bir etalon, nümunə kimi istifadə olunacaq. Oyunların bağlanış mərasimində səhnənin Qız qalası, Atəşgah məbədi, Butalarla bəzədilməsi və nümayiş olunan müxtəlif kompozisiyalar Azərbaycan mədəniyyətinin təqdimatı olmaqla yanaşı, həm də Azərbaycanın qədimiliklə müasirliyin məkanı olduğunu dünyada tanıtmasında çox böyük əhəmiyyəti oldu. Bir sözlə, biz I Avropa Oyunlarını keçirməklə dünya tarixinə yeni bir imza atdıq". Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadənin sözlərinə görə, 17 gün Azərbaycanda gənclik və idman bayramı keçirilib: "Bu tədbir çox yüksək səviyyədə təşkil olundu. Azərbaycan bu oyunları keçirməklə dünyaya öz mədəniyyətini, dövlətini, imkanlarını nümayiş etdirmək imkanı qazandı. Avropalılar oyunlara gələrək xalqımızın qonaqpərvərliyini, mədəni səviyyəsinin yüksək səviyyədə olduğunu gördü. Ona görə də hesab edirəm ki, bu tarixi bir hadisə idi. Həmçinin Azərbaycanın oyunlarda idmançılarımızın uğurları ölkəmizdə idmanın inkişafının təzahürüdür".
Deputat Rauf Əliyev bildirib ki, Avropa Oyunların yüksək səviyyədə təşkili Azərbaycanın inkişafının, gücünün təsdiqi idi: "Artıq Azərbaycan dünyəvi yarışlara hazır olduğunu sübuta yetirdi. Bəlkə də Avropa dövlətlərinin əksəriyyətinin Azərbaycandakı kimi idman infrastrukturları yoxdur ki, belə möhtəşəm yarışlar keçirsinlər. Bu oyunları keçirməklə Azərbaycan böyük idman ölkəsi kimi özünü təsdiqlədi. Oyunlar Azərbaycan gənclərini müxtəlif idman növlərinə axın etməsinə ruhlandıracaq".
İqtisadçı ekspert Vüqar Bayramov söyləyib ki, Azərbaycan I Avropa Oyunları kimi möhtəşəm idman yarışlarına ev sahibliyi etdi: "Cəmi iki il yarım öncə ölkəmiz bu möhtəşəm oyunların təşkilinə başlayanda Avropadakı bəzi dairələr gənc dövlətin qısa zamanda bu işin öhdəsindən gələcəyinə inanmırdılar. Lakin Azərbaycan əksər ölkələrin edə bilməyəcəyini reallaşdırdı. Qısa zamanda nəinki qədim qitəni, bütövlükdə dünyanı heyran edəcək möhtəşəm yarışlar üçün infrastruktur və real baza formalaşdırdı. Cənubi Qafqaz iqtisadiyyatının 75 faizindən çoxuna sahib olan Azərbaycanın Avropada ilk dəfə olaraq bu Oyunlara ev sahibliyi etməsi və qitə tarixində yeni mərhələnin əsasını qoyması, məhz onun iqtisadi və siyasi gücünün sintezi nəticəsində baş verdi. Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və şəxsi təşəbbüsü ilə reallaşan bu möhtəşəm yarışların kifayət qədər uğurlu təşkil edilməsinin əsas səbəbi, hazırlıq, eləcə də yarışların təşkili işinə məhz Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərlik etməsi oldu. Azərbaycan Prezidentinin və onun xanımının idman yarışlarında milli komandamızın yanında olması, onlara dəstək verməsi məhz birinci Avropa Oyunlarında əldə etdiyimiz uğurların təməlini formalaşdırdı. Yarışlardan əvvəl və Oyunlar müddətində müxtəlif daxili və xarici qərəzli qara "piar" kampaniyalarının aparılmasına baxmayaraq, Azərbaycan xalqının həmişəki kimi cənab Prezidentinin təşəbbüsünü tamamilə dəstəkləməsi və müdafiə etməsi bu möhtəşəm Oyunlarının uğurunun digər səbəbi idi. Siyasi iradə, mükəmməl təşkilatçılıq, xalqın dəstəyi və təbii ki, güclü iqtisadiyyat, məhz bu uğur zəncirinin əsas tərəfləri oldu. Artıq geridə qalan möhtəşəm idman yarışlarına yalnız geosiyasi deyil, eyni zamanda iqtisadi bir təşəbbüs kimi baxılmalıdır.
Regional və qlobal yarışları təşkil edən zaman hər bir dövlət çalışır ki, daha çox turist cəlb etməklə iqtisadiyyatına sərmayə axınını genişləndirsin. Hər zaman xarici kapitala əlverişli biznes mühiti formalaşdıran ölkəmiz birinci Avropa Oyunları zamanı da öz imkanlarını xaricilərə bir daha tanıtdı. Etiraf etmək lazımdır ki, ölkəmiz müstəqillik tarixində heç zaman qısa müddətdə bu qədər çoxlu turist cəlb etməmişdi. Əslində, turizm sektoru Avropa Oyunlarının keçirilməsindən ən çox qazanan sahə kimi qiymətləndirildi. İlkin qiymətləndirmələr göstərdi ki, turizm sektoru I Avropa Oyunlarının təşkilindən ən çox faydalanan sahələrdən biri oldu. Turizm üçün sözügedən Oyunların təşkili həm cari, həm də strateji baxımdan əlverişlidir. Əvvəla, I Avropa Oyunları keçirilən müddətdə xeyli sayda turist ölkəmizə səfər etdi. Razılaşaq ki, Azərbaycan heç zaman bu qədər çoxlu turist cəlb etməmişdi. Turistlərin sayının çox olması məhz qərəzli qara "piar" kampaniyalarına baxmayaraq, xaricdə də sözügedən Oyunlara marağın yüksək olduğunu göstərdi. Beynəlxalq standartlara görə, Azərbaycanda olan hər bir turistin həftəlik orta xərcləməsi 1000 dollardır. Avropa Oyunlarının iki həftə davam etdiyini nəzərə alsaq, bu o deməkdir ki, Oyunlar keçirilən hər bir turist ölkə iqtisadiyyatına 2000 dollardan artıq sərmayə yönəltdi. Bu isə o deməkdir ki, turizm sektoru Oyunların keçirilməsindən birbaşa gəlir əldə edə bildi. Gəlirlər təbii ki, heç də turizm şirkətləri, hotellər ilə tamamlanmadı, daha geniş miqyası əhatə etdi. Bizim apardığımız monitorinqlər göstərdi ki, ölkəmizə gələn turistlər sadəcə paytaxtda deyil, eyni zamanda bölgələrə də səfər edərək bütövlükdə ölkə iqtisadiyyatına töhfə verdilər. İkincisi, turistlərin Azərbaycanda olmasından xidmət, nəqliyyat, bank sektoru belə gəlir əldə etmək imkanı qazandı. Ölkəyə gələn turist müxtəlif xidmətlərdən faydalandı və bu da həmin sahələrə əlavə sərmayəni yönəldilməsi deməkdir. Üçüncüsü, I Avropa Oyunlarını təşkil etməklə ölkəmizi daha yaxından tanıda bildik. Turizm sektorunun spesifik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, ölkəyə gələn hər bir turist digər potensial turistin gəlməsinə əsas yaradır. Bütün bunlar isə ölkəyə turist axınının güclənməsini və turizm sektorunun iqtisadi baxımdan strateji inkişafını stimullaşdıracaq. Turizm sektorunun prioritet olduğunu nəzərə aldıqda sözügedən sahə belə mötəbər yarışların keçirilməsindən ciddi şəkildə taktiki və strateji gəlirlər əldə edə bildi".

Əli