Klassik yazılı mətnlərimiz Mədəniyyət

Klassik yazılı mətnlərimiz

Oğuz mifi xalqın inkişaf mərhələlərində milli şüurun genetik strukturunu təşkil edib

Oğuz mifi düşüncə tipi etibarilə türk mifoloji dünya modelini özündə inikas edən mətn hadisəsidir. Onun aktual olduğu çağ oğuz kosmoloji epoxasıdır. Bu epoxa üçün səciyyəvi olan düşüncə tipi elmdə "mifopoetik təfəkkür" adlanır. Mifoloji təfəkkür tipi "öz ömrünü" başa vurduqdan sonra yerini tarixi (tarixi-elmi) düşüncəyə verir. Mifoloji düşüncədən tarixi düşüncəyə keçid minilləri əhatə edir. Əsatiri-kosmoqonik (mifoloji) düşüncə bu keçiddə yox olmur. O, tarixi düşüncənin əsasını təşkil edərək, onun strukturunun arxitektonik dərinliklərində yaşamaqda davam edir. Mifi bu zəmində tarixi düşüncənin mədəniyyət laylarının hamısında bərpa etmək mümkündür. Bu, eyni dərəcədə oğuz mifinə də aiddir.
Oğuz mifi oğuz xalqlarının sonrakı inkişafının bütün mərhələlərində milli şüurun alt qatını, genetik strukturunu təşkil etməkdə davam edib. Biz oğuz mifinin struktur bərpası ilə bağlı ardıcıl araşdırmalar aparırıq. Bərpa bizə oğuz mifini milli mədəniyyətimizin müxtəlif səviyyələrində görməyə, aşkarlamağa və mədəniyyətimizi həmin mifin transformativ inkişaf səviyyəsi kimi "oxumağa" imkan verir.
Oğuz mifinin bərpa oluna biləcəyi iri mədəniyyət səviyyələrindən biri ədəbiyyatdır. Ədəbiyyat özünün tarixi inkişaf modelinin bütün strukturu ilə mifə bağlıdır: onu öz struktur elementləri və funksional fəaliyyətinin arxitektonikasında qoruyur. Qədimlərə doğru qayıtdıqca mifin izləri ədəbiyyatda daha da aşkar görünməyə başlayır. Çünki tarixi düşüncə inkişaf etdikcə ona mifdən xas olan struktur düşüncə tərzindən daha da uzaqlaşır.
Azərbaycan klassik yazılı ədəbiyyatının orta əsrlər dövrü ona xas olan təsəvvüfi-irfani düşüncə modelləri baxımından əlamətdardır. Təsəvvüfi-hürufi düşüncə tərzi xarakteri etibarilə struktur düşüncədir. Başqa sözlə, struktur elementlərinin qapalı, təkrarlanan funksionallığına söykənir. Bu da öz növbəsində onun miflə əlaqəsini ortaya qoyur. Təsəvvüfi-hürufi dünya modeli mifoloji dünya modelində olduğu kimi öz qapalılığını, təkrarlanan ritmini qoruyur. Bu dünya modelində Allah, Dünya və İnsan ünsürləri qapalı struktur sistemi təşkil edir. Allah təsəvvüfi dünya modelinin əsasında durur. Onun ilahi strukturu Dünya və İnsan ünsürlərinin strukturunda təkrar olunur. Belə təkrarlanma həm bütöv modelin, həm də onun ayrı-ayrı ünsürlərinin funksional hərəkətinin əsasında durur. Bu halda mifoloji və təsəvvüfi dünya modellərinin struktur birgəliyi meydana çıxır. Mifoloji dünya modelində insanların gerçək (profan) dünyası sakral (müqəddəs) dünyanın struktur törəməsidir. Sakral dünyanın struktur və funksiyası uyğun olaraq profan dünyanın struktur və hərəkət sxemlərini təşkil edir. Bu hərəkət qapalı ritmə malikdir. Sakral mərkəzdən başlayıb, profan gerçəklik şəklində təşkil olunur və ritmin başa çatması ilə yenə də sakral mərkəzə dönür. Bu halda mifoloji düşüncənin qapalılığı təsəvvüfi dünya modelində maddi varlıq və onun ünsürlərinin hərəkətinin Allahdan başlayıb, yenə də ona qayıtmasında ifadə olunur. Oğuz mifinin klassik yazılı mətnlərdən bərpa olunması məsələsi "Oğuz mifi və Azərbaycan ədəbiyyatı" (daha konkret olaraq "mif və ədəbiyyat") probleminin tərkib hissəsidir. Mövzu çox geniş və mürəkkəbdir.
Klassik yazılı mətnlərimiz mifin bərpası üçün zəngin material verməklə, eyni zamanda zəngin yanaşma üsulları və bərpa metodlarını tətbiq etməyə imkan yaradır. Biz belə bir bərpa işini Nəsiminin "Məndə sığar iki cahan..." qəzəli əsasında aparmışıq. Oğuz mifinin Nəsimi poeziyasından bərpası Nəsiminin mənsub olduğu təsəvvüfi-poetik düşüncə tərzinin öz arxetipi etibarilə oğuz mifinə bağlanmasına söykənir. Nəsimi bir oğuz türkü idi və etnik ənənənin daşıyıcısı kimi, oğuz etnokosmik ənənələri əsasında pərvəriş tapmışdı. Onun yaşadığı XIV əsr oğz etnik-mədəni ənənələrinin şüurlarda canlı şəkildə yaşadığı dövrdür. Bu halda Nəsiminin etnokosmik düşüncəsinin Oğuz mifi ənənəsinə bağlılığının üç semantik layı aşkarlanır.
1. Canlı etnokosmik ünsiyyətə dayanan birbaşa bağlılıq: Nəsimi bir oğuz türkü olaraq oğuz etnik-mədəni mühitində böyüdüyü üçün onun etnik kimliyi, təbii olaraq həmin mühitin göstəricilərini özündə əks etdirirdi. O, canlı bir oğuz idi və bununla da ən azı folklorun simasında oğuz etnokosmik ənənəsinin daşıyıcısı (subyekti) idi. Bu əlaqə görünən və subyektin özü üçün dərk ediləndir.
2. Yaddaş simvollarına dayanan arxetipik bağlılıq: Nəsimi oğuz türkü kimi eyni zamanda oğuz etnokosmik yaddaşının daşıyıcısı idi. Bu əlaqə görünməyən və subyektin özü tərəfindən dərk olunmayan, ancaq onun etnokosmik davranışlarında qeyri-ixtiyari üzə çıxandır.
3. Təsəvvüfi-irfani dünya modelinə dayanan bağlılıq: Türk təsəvvüfünün ümumşərq təsəvvüfü kontekstində özünəməxsusluğu onun həm də əski türk inamlarını, düşüncə modellərini özündə əks etdirməsində ifadə olunur. Təsəvvüf dini-fəlsəfi düşüncənin təlimi və onun ritual praktikasıdır. Nə həmin təlim, nə də onun mərasimləri öz-özünə meydana çıxmayıb. Bu baxımdan, türk təsəvvüfünün dini-mərasimi əsaslarını həm də türk ritual-mifoloji sistemi təşkil edir. Buna uyğun olaraq oğuz türklərinin ritual-mifoloji düşüncə modelləri Nəsiminin təsəvvüfi-irfani düşüncə modeli üçün arxetipik baza rolunu oynayıb.
Nəsimi öz məşhur "Məndə sığar iki cahan..." qəzəlində deyir:

Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkana sığmazam.

Beytdə təsəvvüfi dünya modelinin məkan-zaman strukturu bəyan olunur. Onların hərəkəti isə təsəvvüfi düşüncənin funksional dinamikasını yaradır. Diqqət edək: "Mən" ilahi-kosmoqonik başlanğıc. "İki cahan" "Mülk" və "Mələkut" aləmlərini bildirməklə ilahi "Mən"in maddi aləmdəki dual paradiqmaları. Bu halda birinci misrada "Mən"in "iki cahan"a sığmaması maddi yaradılışın məkan-zaman strukturunun ilahi başlanğıcın paradiqma törəməsi olmaqla Ondan ("Mən"dən) kiçik, Ona ("Mən"ə) aid və Ondan ("Mən"dən) törənən olması deməkdir.
"Gövhəri laməkan" məkansız gövhər olan ilahi başlanğıc.
"Laməkan"lıq məkansızlıq; ilahi Əbədiyyət aləminin atributu.
"Gövhər" maddi aləmə məxsus kateqorial ünsür.
"Kövn" və "Məkan" maddi aləmin Allahın strukturu əsasında yaradılmış qatları. Bu halda ikinci misrada "Gövhəri laməkan"ın "Kövnü məkan"a sığmaması maddi yaradılışın məkan-zaman strukturunun ilahi başlanğıcın paradiqması olmaqla Ondan ("Mən"dən) kiçik, Ona ("Mən"ə) aid və Ondan ("Mən"dən) törənən olması deməkdir.
Qəzəlin poetik strukturunda Allah-Dünya-İnsan qatlarının ierarxik düzümünü aydın şəkildə müşahidə edirik. Qəzəlin poetik məkanın zirvəsində Allahı simvollaşdıran "Mən" struktur vahidi yerləşir. İkinci pilləni "Dünya" vahidi təşkil edir. Həmin poetik məkan "İnsan" vahidi ilə tamamlanır:

Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Bundan uludur ayətim, ayətü şanə sığmazam.

... İndi isə oğuz mifinin bərpası kontekstində qəzəlin başqa bir səciyyəvi beytinə diqqət edək:

Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm,
Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.

Beytdəki təsəvvüfi dünya modelinin struktur elementlərinin semantikasını və həmin elementlərin funksionallaşmasında hasilə gələn mənanı aşkarlamağa çalışaq: "Mühiti-əzəm" hərfi anlamda "böyük mühit"; Allahın varlıq aləmindəki təcəllasının qlobal səviyyəsi; "Adəm" "Mən" ilahi-kosmoqonik başlanğıcının təcəllasının antropoloji modeli; "Oğuz" kosmoloji universumu oğuz mifoloji dünya modelinin kosmos qatının bütün səviyyələrini əhatə edərək, onu məhz "Oğuz" adı ilə işarələyir. Kosmosun məkan-zaman strukturunun elə bir sahəsi qalmır ki, o, "Oğuz" adlanmasın. Kosmosun məkan, zaman, insan, etnos, təbiət və s. elementlərinin hamısı "Oğuz" adlanır. "Kitabi-Dədə Qorqud" dastanından örnəklərə diqqət edək:
İnsan Oğuz: "Oğuz xanın ilqıçısı gəlüb xəbər gətirdi".
Məkan Oğuz: "Dədə Qorqud döndi, Oğuza gəldi".
Etnos Oğuz: "Oğul, Təpəgöz, Oğuz əlində zəbun oldu..."
Zaman Oğuz "Oğuz zəmanında Qanlı qoca derlərdi bir gürbiz ər vardı".
Göy və Zaman Oğuz Mahmud Kaşqarlı "Divani-lüğət-it-türk"də "Oğuz" sözünün "Günortac" anlamını qeyd edib (Yeri gəlmişkən, bu fakta diqqətimizi cəlb etmiş Azərbaycan kaşqarlışünası Ağaverdi Xəlilə öz təşəkkürümüzü bildiririk). "Günortac" astronomik baxımdan Günəşin göyün ortasında durduğu vəziyyyəti, zaman baxımından isə bu vəziyyətə müvafiq olaraq günortanı bildirir. Qəzəlin başqa bir səciyyəvi beytinə diqqət edək:

Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
Gör bu lətifeyi ki, mən dəhrü zəmana sığmazam.

"Can" ruh, "Cahan" ruhun mövcud olduğu məkandır. Bunların ikisi birlikdə varlığın ikili strukturunu təşkil edir. Bu ikili strukturun sonrakı paradiqmatik törəmə səviyyəsini "Dəhr" və "Zaman" təşkil edir. Bu, uyğun olaraq "məkan" və "zaman" deməkdir. Beytin təsəvvüfi məzmununa görə, "Mən" ilahi-kosmoqonik başlanğıcı "Can-Cahan", "Məkan-Zaman" paradiqmatik törəmə səviyyələrində gerçəkləşsə də, ilahi başlanğıc olaraq həmin törəmələrin fövqündə (onlardan "böyük" varlıq olaraq) qalır, onlara "sığmır".
Beytin məzmununa görə, "Mən"in zamana sığmaması yenə də ilahi kosmoqonik başlanğıcın öz paradiqmasına (maddi aləmdəki törəməsinə) sığmaması, ondan ulu hadisə olması deməkdir. Oğuz dünya modelinin kosmos, etnos qatları olduğu kimi, zaman qatı da var və həmin qat "Oğuz" adı ilə işarələnir. Mifoloji dünya modelində zaman maddi kateqoriyalarla dərk olunur və onun obrazı var.
Vahid kosmoqonik başlanğıc olan Oğuz kağan yaradılışın, kosmoetnik təşkilolunmanın ikinci pilləsində öz altı oğluna, üçüncü pilləsində 24 nəvəsinə çevrilir. Ancaq kosmoqonik pillələrin heç birində "Oğuz" dünya modelinin kosmosemantik strukturu dağılmır: etnik vahidlərin "oğuz" olmaq ("Oğuz" adı ilə adlanmaq) statusu onların mövcudluğunun başlıca funksional dəyəri olaraq qalmaqda davam edir.
Etdiyimiz qeydlər əyani şəkildə göstərdi ki, oğuz mifinin klassik yazılı ədəbiyyatdan bərpası geniş elmi perspektivlər vəd edir.

Seyfəddin Rzasoy,
filologiya üzrə elmlər doktoru