“Aşıq musiqisi axşamları” layihəsinə yekun vurulub Mədəniyyət

“Aşıq musiqisi axşamları” layihəsinə yekun vurulub

Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsinin sonuncu konsert proqramı təqdim olunub.
Mayın 29-da keçirilən "Yeni səslər, qədim havalar" adlı konsertdə Əməkdar İncəsənət Xadimi Sənubər Bağırova çıxış edərək layihənin əhəmiyyətindən danışıb. O qeyd edib ki, "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində "Koroğlu" dastanına, Aşıq Ələsgərin saz-söz dünyasına həsr edilmiş tədbirlərlə yanaşı, Dədə Şəmşirin şeirləri səsləndirilib, Aşıq Ədalətin xatirəsi anılıb. Eyni zamanda, aşıq musiqisi sahəsində xidmətləri olan xanım aşıqlarımız hörmətlə yad olunub.
Qeyd edilib ki, layihənin məqsədi sənətkarlarımız haqqında yeni nəsildə maraq yaratmaq, onların yaradıcılığını gənclərə çatdırmaq olub. Bu ilin yanvar ayından başlayaraq Beynəlxalq Muğam Mərkəzində "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində beş konsert proqramı təqdim olunub. Həmçinin gənc aşıqlar tərəfindən bir sıra musiqilər ifa olunub.
Konsertdə Pərviz Cəfərov "Osmanlı divanisi", Ramin Qarayev "Təxmis", Samir Pənahov "Ruhani", Elçin Vəliyev "Misri", "Nemət" qrupu "Naxçıvani", Nicat Nemət "Yanıq Kərəmi", Əfsanə Kərimova "Ağır şərili", Əli Zeynalabdinov "Dilqəmi", Familə Göyçəli "Qəhrəmani" və Misri qrupu "Kərəm gözəlləməsi"ni ifa ediblər.