“Bir ürək umurdum“... Mədəniyyət

“Bir ürək umurdum“...

Şair-publisist Avdı Qoşqar "Bu çay bu yatağa sığmaz" ("Şur", 2018) adlı şeirlər və publisistik qeydlərdən ibarət kitabını mən belə bir avtoqrafla bağışladı. "Həyata ümidsiz gözlərlə baxan Şakir qardaşıma sevgi və inam dolu sabahlar arzulayıram". Şair Musa Ələkbərlinin redaktorluğu ilə çıxan kitaba akademik Nizami Cəfərovun yazdığı "Ön söz və ya "yatağına sığmayan çay"ın poeziyası"adlı irihəcmli girişdən başlayıb professor Rüstəm Kamalın "Avdı Qoşqar: ömür və söz sınağında" adlı son sözə qədər oxuyub qurtardıqdan sonra düşüncələrə daldım. Müəllimim Nizami Cəfərovun, iş yoldaşım Rüstəm Kamalın kifayət qədər dolğun, analitik şərhlərindən sonra daha mənə yazmağa bir şey qalmadı dedim özlüyümdə. Amma yenə ürəyim durmadı, "Avdının yalnız poeziyasında yox, ümumən təfəkküründə, düşüncəsində, həyat tərzində bir ailə-əxlaq (etnoqrafiya) filosofluğu var" deyən N. Cəfərovun fikirlərinin üstündən ötüb keçə bilmədim. R.Kamalın "Avdı Qoşqarın təcrübə obyekti öz ömrdür. Demək olar ki, bütün şeirləri ömrünün dərkinə və dəyərləndirilməsinə həsr olunub" cümlələrindəki sərrast deyimlərindən təsirləndim. Doğrudan da "öz ömrünü yazılarının təcrübə obyekti kimi" götürən Avdı Qoşqarın dilində "ailə-əxlaq (etnoqrafiya) fəlsəfəsi" daşınır. Bu amil, məncə, hər şeydən əvvəl, Avdı Qoşqarın davranış-danışıq təbiətini öz yazılarında da pozmaması ilə bağlıdır. O, mənə belə gəlir ki, həyatda kimdirsə, necə danışırsa, necə düşünüb-daşınırsa, yazılarında da elə odur.Yəni bir müəllif kimi duyğusunu, düşüncəsini təbii şəkildə necə gəlirsə, eləcə də ortaya qoyur, yazanda qələmini yersiz yerə zora salmır. Bu isə onun yazdıqlarında oxucularda ikili baxış yaradır, daha doğrusu, ikili tərəf formalaşdırır. Nədir bu?
Dil çox geniş bir məsələdir.Var ümumi standart norma və çərçivələrə salınmış ədəbi dil, var bir də ayrı-ayrı dialekt-şivə və hətta ləhcə xüsusiyyətlərini özündə daşıyan müəyyən bir regional-məhəlli səciyyəli danışıq dili. Avdı Qoşqarın üslubunda bu ikinci dil amili-mənsub olduğu bölgənin canlı danışıq-ifa tərzinə üstünlük verməsi amili daha qabarıqdır. Bəlkə də Nizami müəllim də, Rüstəm Kamal da, hətta kitabın redaktoru Musa Ələkbərli də Avdı Qoşqarın doğulub-boya-başa yetdiyi Qazax bölgəsi ilə qonşu ərazilərin adamları-yəni demək olar ki, yaxın, eyni dialekt, şivə, ləhcə xüsusiyyətləri ilə danışmış olduqlarından, bu məqam onlara adi təsir bağışlayır. Amma kənar bölgədən olanlar üçün, yəni başqa dialektdə danışanlar üçün bu dialekt, şivə, ləhcə ünsürləri bir qədər fərqli təsir yaradır. Başqa sözlə, yazarın, ələlxüsus da şairin mənsub olduğu bölgə dialektini öz əsərlərində qoruyub saxlaması ümumoxucu kütləsi arasında iki cür səviyyədə özünü təzahür etdirir. Belə ki, bu hal həmin dialektin daşıyıcıları olan oxucularda nə qədər xoş ovqat yaradırsa, ləhcənin doğmalığı, şirinliyi onların diqqətini özünə daha çox çəkirsə, eyni dərəcədə də bu, başqa dialektin daşıyıcıları olan oxucular üçün anlaşılmazlıq yaradır. Bəli, şeir dilində müəllifin özünə xas olan danışıq dialektini, şivə, ləhcə xüsusiyyətlərini əks etdirməsi bir tərəfdən mətnə (şeir dilinə) şirinlik qatırsa, digər tərəfdən də kənar dialekt, şivə daşıyıcıları olan oxucularda ifadə olunmuş fikir yükünün tam anlaşılmasında fəsad yaradır. Bu fəsad publisistikada, nəsr dilində çox nəzərə çarpmasa da, bədii dildə, poeziyada sərt şəkildə özünü göstərir. Misal üçün, Avdı Qoşqarda belə bir misra var: "yaxşı ki getməyib üzüyün suyu". Qazax-Borçalı dialektinə tanış olmayan oxucu üçün anlaşılmazlıqdır: "Üzüyün" ifadəsinin kökü burada "üzük" sözü kimi düşünülür. Halbuki burada əslində heç "n" səsi ilə də yox, bizim yazı qrafikamızda əksini tapmayan və Azərbaycanımızın bəzi bölgələrində isə ümumiyyətlə heç işlənilməyən "sağır nun" səsi ilə ifadə olunan "üzünün" (sifətinin) sözündən söhbət gedir. Yiyəlik, yönlük, təsirlik hal şəkilçisi qəbul edən sözlərdəki bitişdirici "n" samitinin yerinə "y" səsinin (eləcə də dialektlərdə "sağır nun" səsinin) bir-birini əvəz edə bilməsi dilimizin orfoepik normalarında çox təsadüf olunan haldır. Bax bu mənada şeir dilində vahid orfoqrafiya prinsipinin (ümumiyyətlə isə ədəbi dilin qaydalarının) gözlənilməməsi bir tərəfdən şeirə şirinlik qatırsa, o biri tərəfdən də asan, tezliklə anlaşılması baxımından ümumoxucu kütləsi arasında fəsad törədir. O ki qaldı yuxarıdakı misranın başa düşülməsinə, burada açar rolunu el dilindən gələn abır-həyanın itməməsi mənasına gələn "üzün suyunun getməməsi" ifadəsi oynayır. Yəni oxucu "üzüyün" ifadəsinin kökünü ilk baxışda "üzük"sözü kimi götürdükdə, anlaşılmazlıq görür və sonradan intuisiyasının və təfəkkürünün sayəsində burada Avdı Qoşqarın el dili ilə nə dediyinin fərqinə varır.

Yaxud da başqa bir yerdə: "cavanı, əryəni, qarısı doğma" ifadəsini işlədir. Burada da "əryən" sözü "ərgən" ifadəsinin müəllifin mənsub olduğu dialektin danışıq xüsusiyyətini əks etdirir.

Məni yaxınlarım əyib-əyirdi,
Məni doğmalarım sındırdı,
burax!
Ətimdən ət kəsdi
Doğma göz yaşı,
Ruhuma dağ basdı,
Yandırdı, burax.
Gördüm cahilliyyin yüz fəsadı var,
Nə doğma, nə yaxın-
Acı dadı var.
Ürəyin duyana ehtiyacı var,
Qanmaz bu həyat qandırdı,
Burax!

Doğma, yaxın bildiklərindən çəkdiyi acıların ifadəsini verən bu misralar "sapı özümüzdən olan baltalar" deyimimizin bədii həqiqət şəklində təsirli ifadəsidir.
Ayrılıq mövzusunda çox yazılıb, amma Avdı Qoşqar bu ayrılığa da özünəxas məzmun verib, özü də bu məzmunu dialekt sözdən istifadə yolu ilə gerçəkləşdirməyə nail olub:

Nə gözəl qocalıb üzün, qamətin,
Bir az cavanlığın
Ətri var üstdə.
Bir ürək umurdum-
Əlim gəlmədi,
Peşkəşdi-
Gəl indi ömrümü istə.

Ayrılıq söz deyil,
Can yonqarıdı;
daşıdım aylarla, illərlə "qoşa".
Sən olan ürəyi
Sənə vermədim,
Sən olan ürəyi
Döndərdim daşa...

Şair ayrılığı dialektsəciyyəli "can yonqarı" ifadəsilə obrazlaşdırıb. "Yonqar" ağaca rəndə çəkərkən, taxtanı rəndələyərkən, yonarkən, rəndənin ağzına gəlib tökülən taxta qırıntılarıdır. Necə ki ağacı rəndələyərkən, ağac hər rəndəni çəkərkən qatbaqat soyulur, necə deyərlər, ağacın canından can gedir və bu can getmədə ağac (taxta) da yonulub-hamarlanır, zərif görkəm alır, zərifləşir-incələşir, bax eləcə də sevgi(li)sindən ayrı düşən aşiq də bu ayrılıq ahı-naləsi içində beləcə əzab çəkir, sanki canı-ruhu rəndənin ağzına gəlmiş taxta parçaları kimi qiymə-qiymə doğranır, nəticədə canı rəndələnib-əriyir, "yonqarlanır" - incəlir, ruhu isə bu ağrı-acılar məngənəsində sızıldaya-sızıldaya zərifləşir, həssaslaşır, incə-kövrək duyğulu bir qəlb-könül sahibinə çevrilir. Bax, Avdı Qoşqar "Ayrılıq can yonqarıdı" dedikdə, belə həssas, incə mətləblərə işarə edib və çox maraqlı, orijinal bir təşbeh fonunda poeziya örnəyi yaradıb...
Amma orası da var ki, Avdı Musa oğlu Həsənovu bir şair, bir publisist edən – Avdı Qoşqar edən də elə onun öz danışıq dilinə-mənsub olduğu elinə-obasına dialekti, ləhcəsi, şivəsi ilə birgə bütövlükdə bağlı olmağından qaynaqlanır. Çünki onu doğulduğu mühit qələm adamı kimi yetişdirib və o da öz silahı-sənəti olan qələmi ilə bu bağlılığı – el-oba sevgisini ifadə edir. Çünki yalnız şeirlərində yox, publisistikasında da o, el dilinin incəliklərindən yararlanır: "Tam Amerika qanunları ilə işləyir. Hünərindi, zərrə qədər qanunları poz, o an cəzanı alacaqsan. Ərəb kimi qanundan qaçan səhra bədəvisini gör qanunlar necə yonur-yontalayır. Bizimkilər də ilk əvvəl bir qədər cərimələndikdən sonra, nəhayət ki, yonulub "qanunun yoluna" düzəldilər. İndi bəy balası kimi yaşayır, öz işlərilə məşğul olur, oturaqlıq alıb, yaxın vaxtda "qlinkartı" və "vətəndaşlığı" qəbul edəcəklər. Demək, əsas qanunun işləməyidi. Müsəlmanlığa, "mən ölüm, sən öl"ə düşdüsə, apar qaytar"....
"Mən gördüyüm Amerika" adlı yol qeydlərindən gətirdiyim yuxarıdakı cümlələrdə də biz Avdı Qoşqarın dilinin şirinliyini - "yonur-yontalayır", " bəy balası kimi yaşamaq", "mən ölüm, sən öl" və s. tipli xəlqi ruhlu ifadələrə üstünlük verməyini tez-tez müşahidə edirik. Bu da Nizami Cəfərovun dediyi kimi, onun "həyat tərzində olan ailə-əxlaq (etnoqrafiya) filosofluğunun" göstəricisi kimi özünü göstərir. Və bir də R.Kamalın onun haqqında dediyi "bütün şeirlərinin (əslində isə elə bütün yaradıcılığının – Ş.A.) ömrünün dərkinə və dəyərləndirilməsinə həsr olunduğunu" göstərir.
Özündən – öz yurdundan – obasından başlayıb bütün cəmiyyətə və həyata, bütövlükdə isə bəşəriyyətə və dünyaya boylanan və bu nisbətdə görüb-duyqularını oxucuları ilə paylaşan Avdı Qoşqar yaradıcılığı məhz buna görə də təbiətin özü kimi oxucularına saf və təbii duyğular aşılayır!.

Şakir Albalıyev
fəlsəfə doktoru, dosent