Tofiq Şahverdiyev və Rimas Tuminasın yaradıcılıq gecəsi keçirilib Mədəniyyət

Tofiq Şahverdiyev və Rimas Tuminasın yaradıcılıq gecəsi keçirilib

Moskvanın Mərkəzi Kino Evində Azərbaycanın Xalq artisti, Rusiyanın Əməkdar incəsənət xadimi, kinorejissor Tofiq Şahverdiyev və Vaxtanqov adına Rusiya Dövlət Akademik Teatrın bədii rəhbəri Rimas Tuminasın yaradıcılıq gecəsi keçirilib.
Azərbaycanın və Litvanın Rusiyadakı səfirliklərinin dəstəyi ilə təşkil olunmuş tədbir çərçivəsində rejissor Tofiq Şahverdiyevin Rimas Tuminasa həsr edilmiş "Bizim bütün həyatımız oyundur" adlı sənədli filminin premyerası olub.
Gecədə çıxış edən Litvanın bu ölkədəki səfiri Remiqiyus Motuzas qeyd edib ki, Azərbaycan səfirliyi ilə birlikdə iki xalqın tanınmış mədəniyyət xadimlərinin yaradıcılıq gecəsinin keçirilməsi əlamətdar hadisədir. Rimas Tuminasın səhnələşdirdiyi tamaşaların həm Rusiyada, həm də Litvada sevilərək baxıldığını qeyd edən səfir bildirib ki, rejissorun yaradıcılığında Litva və Rusiya mədəniyyətləri əksini tapıb.
Litva ilə Azərbaycan arasında sıx mədəni əlaqələrdən danışan diplomat deyib: "Bəlkə də bura toplaşanların bəziləri bilmirlər ki, Litva ədəbiyyatının klassiklərindən biri olan yazıçı Vinsas Kreve Mitskyavicus ən məşhur əsərlərini Azərbaycan mədəniyyəti və ədəbiyyatından ruhlanaraq məhz Bakıda yazıb. O, Bakıda gimnaziyada rus dilindən dərs deyib. Sonralar, 1919-cu ildə Litvanın Bakıdakı konsulu təyin edilib, Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib".
Ölkəmizin Rusiyadakı səfirliyinin nümayəndəsi Nigar Axundova səfir Polad Bülbüloğlunun tədbir iştirakçılarına müraciətini oxuyub. Müraciətdə qeyd olunub ki, rejissor Tofiq Şahverdiyevin "Bizim bütün həyatımız oyundur" filmi görkəmli rejissor Rimas Tuminasın adı ilə bağlı qeyri-adi fenomeni kəşf etməyə imkan verir. T.Şahverdiyev dram teatrının rejissoru Rimas Tuminasın "Qaratoxmaq qadın" operasını səhnələşdirməsini qeyri-adi hadisə adlandırıb.
"Dram teatrının rejissoru Rimas Tuminasın Pyotr Çaykovskinin "Qaratoxmaq qadın" operası üzərində işləməsi mənim diqqətimi cəlb etdi və onun Böyük Teatrda bu məşhur əsəri səhnələşdirməsi prosesini lentə almaq, bu yaradıcı insanın özünəməxsusluğunu tamaşaçılara çatdırmaq qərarına gəldim. Ümid edirəm ki, film tamaşaçıların ürəyincə olacaq", - deyə T.Şahverdiyev bildirib.
O, həmçinin bu yaxınlarda Prezident İlham Əliyevin Sərəncamı ilə ona "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adının verilməsindən qürur duyduğunu vurğulayıb, yaradıcılığına verilən yüksək dəyərə görə, dövlətimizin başçısına minnətdarlığını bildirib. Tədbir çərçivəsində Tofiq Şahverdiyevin foto işlərindən ibarət sərgi də təşkil olunub.
Gecədə Azərbaycan və Litvanın Moskvadakı səfirliklərinin, Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin əməkdaşları, habelə iki ölkənin Rusiyadakı diasporlarının nümayəndələri və Rusiyanın tanınmış mədəniyyət xadimləri iştirak ediblər.