Şumer mifologiyası:  şumer tanrılar panteonu -3-cü yazı Mədəniyyət

Şumer mifologiyası:  şumer tanrılar panteonu -3-cü yazı

Enlil İsmə Dağan adlı bir Şumer şairinin şumer-türk dilində üç şeiri var

Günəş tanrısı Utu və sevgi, məhəbbət, doğub-törəmə, nəsilartırma tanrısı İnanna əkiz bacı-qardaşdılar. Əkizlər bürcü bu əkizliyi ifadə edir. Enlilin rəmzi Buğa olub. Şumer miflərində onu həmişə Buğayla müqayisə ediblər. Buğa bürcünün adı onun şərəfinə qoyulub. Enlilin oğlu Ninurta bütün miflərdə atasının əsgəri, döyüş¬çüsü kimi qələmə verilir. Oxatan bürcü məhz Ninurtanın adını daşıyır. Qız bürcünə tanrı Anın qızı, Enki və Enlilin bacısı, Enlilin ilk arvadı, ilk insanın yaranmasında Enkiylə birgə iş görən (ilk insanı doğan) Ninmax/Ningursağın şərəfinə bu ad verilib. Ninqursağın ləqəbi Qız olub. Bütün tanrıların məhvinə qərar vermiş Tiamatı Enkinin oğlu Xıdır (Marduk) öldürdüyünə görə, onu qoça bənzədib və bürclərdən birinə onun şərəfinə Qoç bürcü deyiblər.
Gördüyümüz kimi, bütün bürclərin tanrılarla bağlılığı var. Bürcləri tanrılar özləri düşünüb və onlara adlar qoyublar. Öncə deyək ki, ulduz topalarına ilxı deyilib. Bu söz “işıq saçan sürü” mənasındadır. “İlxı” sözü bu gün dilimizdə at dəs¬təsinə deyilir.
Bürclərin adları da maraq doğurur. Onlardan bir çoxunun mənaları bu gün də dilimizdə saxlanmaqdadır. Məsələn, Şumer mətnlərində Qoç bürcü Kamal adlanıb. Bu sözün mənası çöllərdə gəzən, otlayan deməkdir. Hazırda dilimizdə işlənən mal, mal-qara və qaramal sözləri məhz şumer dilində Qoç bürcünün adını bildirən Kamal sözünün təxminən eyni mənada işlənən variantlarıdır. Şumer dilində qara sözü ka, qapı sözü ka şəklində yazılıb. Deməli, Kamal elə qaramal mənasında işlənib.
Dolça bürcü şumer dilində Qu adlanıb, mənası suların yiyəsi deməkdir. Qu adı dilimizdə Qu quşunun adında saxlanıb. “Məlikməmməd” nağılındakı “Qa deyəndə ət verərsən, qu deyəndə su” ifadəsində qu-su anlaşması da Dolça bürcünün şumer dilindəki adıyla səsləşir. Deməli, “Məlikməmməd” nağılındakı qu sözü su demək olub, dilimizdə işlənmiş, sonralar arxaikləşib. Buğa bürcü Qud.Anna adlanıb. Qud buğa, An göy deməkdir ki, Qud.Anna “göyün buğası” anlamına gəlir. Qud sözü türk dillərində çox işlənib. Qorqud adındakı “qud” hecası da həmin sözdür.
Qız bürcünün adını Şumer mətnlərindən Ab.Sin kimi oxuyublar. Məncə, bu ad Ab.Su kimi oxunmalıdır. Absu yerlə göy bir-birindən ayrılarkən ilk dəfə yerə endirilmiş dənizin adıdır. Bu dənizin indiki Xəzər olduğu haqqında inandırıcı bilgilər var. Absu suların atası deməkdir. Ab hecası abba-baba-ata sözünün Şumer dilinin xüsusiyyətindən doğan qısa yazılış şəklidir. İlk insan Xəzər dənizinin sahilində doğulub, miflərdə guya insanın gildən yaradıldığı yalnız insanın tanrı övladı olduğunu gizlin saxlamaq üçün Enkinin özü tərəfindən uydurulub. İlk insanın anası Ninqursaq/Ninmax/Mama hesab olunub.
Şumer tanrılar panteonu zəngin bir xəzinədir. Avropa, Amerika və Rusiya alimləri bu sahədə çox geniş tədqiqatlar aparıb, yüzlərlə kitab yazıblar. Azərbaycan elmində Şumerlə bağlı böyük boşluq var. “Bilqamıs” dastanı ətrafındakı söhbətləri, yazıları nəzərə almasaq Azərbaycan elmində Şumer tanrılar panteonu ilə bağlı tədqiqat aparılmayıb, söz deyilməyib. Ona görə bir çox şumer tanrıları haqqında yığcam bilgilər verməyi lazım bilirəm.

* * *

Ab – Şumerəqədərki tanrılardan birinin adıdır. Göylərin tanrısıdır. Absu/Xəzər dənizi onun göydəki məskəni olub. Absu da onun adından götürülüb.
Bir Şumer mifinə görə, Ab öz sularını Tiamatın sularıyla qarışdırıb, ondan ilk tanrılar yaranıb. Tiamat eybəcər qadın kimi təsvir edilib. Sonra tanrılar arasında qısqanclıq davası başlayıb. Bu dava başlıca olaraq hakimiyyət uğrunda gedib. Enki Abı öldürüb, Absu/Xəzər dənizində özünə məbəd tikdirib. Başqa bir mifdə Abu ilə Tiamatın evlənməsindən və bütün tanrıların onların törəmələri olduğundan söhbət gedir. Hətta Şumerin baş tanrısı An da onların övladıdır. Miflərdə Absu şirin, Tiamat duzlu dəniz kimi təsvir edilir.
Sonralar Şumer tanrılar panteonunda Abın görünməməsi miflərin mətninə uyğun gəlir.
Tanrı Abın adı sonra insanlara qoyulub. Şumer mixi yazılarında “Ab” kökündən yaranmış çoxlu şəxs adları var. Ur şəhərindəki arxeoloji qazıntılar zamanı çar Abarginin qəbri tapılıb. Onun I Ur sülaləsinin çarı olduğu müəyyənləşdirilib. Adın kökü “Ab”dır. Onun e.ə. 3000-ci ilə qədər yaşadığı bəlli olub. III Ur sülaləsinin çarlarından birinin adı Ur-Abbadır. Burda Ur şəhərin yaxud tayfanın, Abba çarın öz adıdır.
Babil çarı Samsuilu taxtdan salındıqdan sonra onun yerinə oğlu Abis çar olub.
Türklər arasında geniş yayılmış Abay, Abdal adları bizə yaxşı tanışdır. İtil (Volqa) çayı boyunda yaşamış qədim bulqar türklərinin gəlib bizə çatmış yadigarları olan qəbirlərinin üstündəki yazılarda Abu kişi adlarına rast gəlinir.
Qədim türkyut xaqanlarından biri Abu xan adlanıb. L.Qumilyov türkyutlarla çinlilər arasındakı müharibələrdən danışarkan yazır: “583-cü ilin yayı çinlilərin vəziyyətini daha da yüngülləşdirdi - Lintaoya soxulan toqonlar qılıncdan keçirildi, bunun ardınca isə Abu xan məğlubiyyətə uğradıldı”.
Rus alimi Meşaninov isə yazır ki, abu etnonim olub, tayfa adıdır. Özü də alim bu etnosun türklər olduğunu yazır. Onun fikrincə, qədim qaynaqlardakı abuni etnonimi məhz abu türk tayfasının adıdır. Həm də bu tayfa Qafqazda yaşayıb. Əgər abu etnosdursa, onda onun Ab tanrısıyla bağlılığını söyləmək üçün hər cür əsas var. Bir çox türk etnoslarının tanrı başlanğıcı ilə bağlılığını bilirik. Onda abu tayfasının tanrı Abın törəmələri olmadığını və adını da onun adından götürmədiyini necə sübut etmək olar?! Hətta belə güman etmək olar ki, bu günkü avarlar məhz həmin abulardır. Avarların ilk adının ab+ar(ər) olduğu, sonradan b-v səsəvəzlənməsi nəticəsində avar şəklinə düşməsi mümkündür. Eyni sözləri abxazlar haqqında da demək olar. Bu etnonim də ab+kaz/kas komponent-lərindən düzəlib.
Bəzi qaynaqlarda Abas tayfasının adı çəkilir və onların peçeneklərin tərkibində olduğu göstərilir. Bu etnonimin ab+az morfemlərindən yarandığı şübhə doğurmur. Deməli, abaz etnonimi iki tanrı adından yaranıb. Hazırda qaraqalpaqların, noqayların, həmçinin Özbəkistanda və Tacikistanda yaşayan karlukların tərkibində də abazların yaşadıqları haqqında bilgilər verilir.
Ab tanrı adının izlərini çox yerdə görürük. İki-çayarasında Adab şəhəri olub. Bu adı Abad kimi oxumaq daha doğrudur. Sonralar toponim yaradıcı-lığında sıx-sıx işlənmiş “abad” topo¬morfu da bu fikri söyləməyə əsas verir. Hazırda Ağdaş rayonunda Abad, Salyan rayonunda Abadkənd adlı kəndlər var. Digər rayonlarda da “ab” kökündən yaranmış çoxlu toponimlərə rast gəlinir. Abşeron adının Absu sözündən yarandığını söyləmişik. Deməli, tanrı Abın adı Azərbaycanda öz izlərini qoruyub saxlayıb.
Adap – Enkinin oğlu, Anın nəvəsidir. Şumer mifologiyasında əsas tanrılardan sayılıb. Şumer miflərində adı çəkilən yeddi müdrikdən biridir.
Şumer miflərindən birində Adap haqqında maraqlı bir rəvayət var. Bir gün Adap balıq tuturmuş, qəfildən güclü külək qalxır və onun qayığını çevirir. Bundan əsəbiləşən Adap küləyin qanadlarını sındırır. Bu külək isə xeyirli külək imiş, həmişə cənub tərəfdən əsərək yağış gətirərmiş. Onun qanadları sınandan sonra ölkə bir müddət yağışsız qalıb, ruzu-bərəkət yoxa çıxıb, aclıq baş verib, insanlar ölümlə üz-üzə qalıblar. Babası, göylərin yiyəsi, Şumerin baş tanrısı An bundan bərk qəzəblənib, Adapı cəzalandırmaq üçün yanına çağırtdırıb. Anın fikrini başa düşən Adapın atası Enki ona qəti şəkildə tapşırır ki, babasının verdiyi yeməyi yeməsin, suyu içməsin. O başa düşür ki, bu yemək və su onun ölümünə səbəb ola bilər. Adap Anın yanına gəlir, hər şeyə göz qoyur, özünü qorumaq üçün babasının hərəkətlərini diqqətlə izləyir. Enkinin dediyi kimi də olur. An Adapa yemək və su təklif edir. Onu duyuq salmamaq üçün deyir ki, bu yeməyi yeyib, suyu içsən əbədi ölməyəcəksən. Əlbəttə, An doğru demirdi, bu bir hiyləydi, onun məqsədi Adapı cəzalandırmaq idi. Ona görə yeməyə və suya zəhər qatılmış ola bilərdi. Adap yeməyi yeməkdən və suyu içməkdən boyun qaçırır, bun¬dan qəzəblənən An onu göydən yerə qovur, özünü də ölməzlikdən məhrum edir. Bundan sonra Adap daimi yerdə yaşayır və insan kimi ölümlü olur.
An – Şumer tanrılar panteonunda böyük tanrıdır. Bütün tanrıların atasıdır. İlk üçlükdə onun özü və iki oğlu yer tutur: An, Enlil, Enki.
Onun ilk evi Urukda olub, lakin özü göydə yaşadığına görə İnanna/İştara bağışlayıb. Eanna adlanan bu evin açımı “Anın evi” deməkdir. Bir Şumer mifinə görə An Absu və Tiamat dənizlərinin oğludur. Öncə qadın olmuş, sonra kişi funksiyası daşıyıb. Panteonda An bütün tanrılara başçılıq edir, onların ağsaqqalıdı. Ağsaqqallar yığıncağında həmişə başda oturur. İnsanın yaranması haqqında mifdə bunu aydın görürük. Davakar Enlil ona qarşı üsyan qaldırmış annunakları məhv etmək istəyərkən An qoymur və insanın yaradılmasına razılıq verir.
An haqqında maraqlı miflərdən birində deyilir ki, şumerəqədərki tanrılardan biri Alala (Alulu) olub. Allah sözü də Alala adından yaranmışdır. Deməli, Allah ərəb sözü deyil. An doqquz il Alalanın qulluğunda durub, ona qulaq asıb. Doqquz ilin tamamında An Alalaya qarşı çıxıb, onu sıxışdırıb panteondan qovub, özü baş tanrı statusu qazanıb. Bu zaman Kumarbi Anın qulluqçusu olmuş, ona qulaq asıb. Yenə Kumarbi Ana qarşı çıxıb onu qovmuş, özü baş tanrı statusuna yiyələnib.
Başqa bir mifdə bu əhvalatın daha geniş təsvirinə rast gəlinir. Orda belə deyilir ki, ilk böyük tanrı Alala olub, An onun köməkçisi, qulluqçusu vəzifəsini yerinə yetirib. Qalan bütün tanrılar Ana tabe olmuş, onun dediklərinə qulaq asıblar. An doqquz il Alalanın qulluğunda durub. Doqquz ilin tamamında ona qarşı çıxıb. Alalanı qovub qaranlıq dünyaya göndərmişdir. Onun taxtında oturub Şumer tanrılar panteonuna başçılıq edib. İndi də Kumarbi Anın köməkçisi olub, ona qulluq göstərib. Yenə doqquz ilin tamamında Kumarbi Ana qarşı çıxaraq, onu qovub. Öncəkindən fərqli olaraq burda qəribə hadisələr baş verib. An bir quşun qanadında göyə uçub, Kumarbi onu izləyib, tutub kişilik orqanlarını dişləyib yeyib. Anın özünü göydən yerə atıb, lakin An yenə qaçıb göydə gizlənib.
Antu – Göy tanrısı, bütün Şumer tanrılarının atası, panteonun başçısı Anın arvadıdır. Enlilin anasıdır. Bəzi miflərə görə, Anın öz bacısıdır. Enlilin panteona başçılıq etməsi də məhz onun Antunun oğlu olması ilə bağlıdır. Ancaq onun adı çox az çəkilir. Antu tanrıların ilk üçlüyündə, yeddiliyində və on ikiliyində yoxdur.
Araz – Şumerin tikinti tanrısıdır. Bütün dülgərlərə, dəmirçilərə, bənnalara və s. tanrı Araz rəhbərlik edib. Onun adına Şumer miflərində çox az rast gəlinir.
Aruru – Şumerəqədərki qadın tanrılardan biridir. Bəzi miflərə görə ilk insanı gildən o yaradıb. Buna əsaslanıb onu Ninmax/ Ninqursaqla eyniləşdirirlər. Şumer panteonunda görünmür.
Asallahı – bax: Xıdır (Marduk)
Ayya – Günəş tanrısı Utu/Şamaşın arvadıdır. Onun ləqəbi gəlindir.
Baba – Bəzi miflərə görə Anın Qatumduqdan olan qızıdır. Ləqəbi “yeddi qız” anasıdır. Qaynaqlarda Ningirsu/ Ninurtanın arvadı olduğu göstərilir. Ningirsu/Ninurta Şirpurlu¬nun baş tanrısı, Enlilin oğludur. Başqa bir mifə görə Bilqamısın anası Ninsun Ninurta ilə Babanın qızıdır.
Şirpurlunun əsas məhəllələrindən biri Babaya bağışlanıb. Bursaq adlı yerdə Babaya qurbanlar verilib. Bursaq sözünün mənası “baş damar” yaxud “başın damarı” deməkdir. Babanın evindən zəngin arxiv tapılıb. Həmin arxiv sənədlərindən görünür ki, Baba qadınların ağası, şahı olub.
Dağan – Şumer tanrılarından birinin adı Dağandır. Qaynaq¬larda onun adı İsmə Dağan yaxud Enlil İsmə Dağan kimi yazılıb ki, bu da bir çox qaranlıq mətləbləri açmağa kömək edir. Enlil Şumerin ən böyük tanrılarından biridir. Hazırda Almaniyanın Berlin muzeyində Enlil İsmə Dağan adlı bir Şumer şairinin şumer-türk dilində üç şeiri var. Onlar İkiçayarasında alman arxeoloqlarının apardıqları qazıntılar zamanı üzə çıxarılıb Berlin muzeyinə gətirilmiş gil lövhələrin arasından tapılıb. Bu şair tanrı Enlil də ola bilər, onun adını epitet götürmüş İsmə Dağan adlı başqa birisi də. Dağan adı sonralar Şumerdə geniş yayılıb. Hətta çox güman ki, Enlil İsmə Dağanın nəvə-nəticələri bu adı yaşatmaqda daha çox maraqlı olublar. Məsələn, İsin şəhərində əsası İşbuur tərəfindən qoyulmuş bir sülalə 225 il hakimiyyətdə olub. İşbuurun özündən sonra oğlanları İddin Dağan və İşmə Dağan onun yerində çarlıq ediblər. Başqa bir mətndə Nurdağan adına rast gəlinir.

İslam Sadıq
filologiya üzrə elmlər doktoru