Qırğız Respublikasında Azərbaycan Musiqisi Günü keçirilib Mədəniyyət

Qırğız Respublikasında Azərbaycan Musiqisi Günü keçirilib

Azərbaycanın Qırğız Respublikasındakı səfirliyinin dəstəyi ilə oktyabrın 15-də Bişkek şəhərində, Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrında Azərbaycan musiqisi günü keçirilib.
Musiqi günü ilə bağlı tədbirə Qırğız Respublikasının hökumət üzvləri, digər rəsmilər, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli ziyalılar – elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri və soydaşlarımız qatılıblar.
Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının direktoru Timur Salamatov tədbiri açaraq, Azərbaycan səfirliyinin son vaxtlar iki qardaş ölkənin mədəniyyət sahəsində əlaqələrinin inkişafı üçün göstərdiyi səylərə görə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm nazirinin birinci müavini, stats-sekretar Akimbek Tekeşov Azərbaycan- Qırğızstan mədəni əlaqələrinin inkişafında xidmətlərinə görə Hidayət Orucova fəxri medal təqdim edib.
Səfir Hidayət Öz çıxışında öz çıxışında Azərbaycanla Qırğızstanın əməkdaşlıq münasibətlərinin təkcə siyasi və iqtisadi sahədə deyil, həm də humanitar sahədə inkişaf etdiyini vurğulayıb: "Son zamanlarda həm Azərbaycanda, həm də Qırğızstanda bir çox maraqlı humanitar birgə tədbirlər keçirilməkdədir. Belə tədbirlərin təşkil olunması qardaş xalqları daha da yaxınlaşdırır. Bu axşam baxacağımız "Arşin mal alan" operettası həm yaşlı, həm də cavan nəsil arasında çox sevilir, çünki o bütün nəsillər üçün yaranmış unudulmaz bir incidir".
Hidayət Oricov operetta haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Səfir görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini öz repertuarına həmişə daxil etdiyi və bu gün "Arşın mal alan" operettasını tamaşaya hazırladığı üçün Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının kollektivinə dərin təşəkkürünü bildirib.
Sonra Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası tamaşaçılara təqdim olunub.
Tamaşanın quruluşçu-dirijoru - Qırğız Respublikasının xalq artisti Jumakadır Kanimetov, quruluşçu-rejissoru - əməkdar artist Sapar İsmailov, quruluşçu-baletmeysteri - Berdalı Pomankulov, quruluşçu-xormeysteri - Karaqul Tilençiyevdir.
Əsərin liberettosunun tərcüməçisi - Uzakbay Abdukaimovdur.
"Arşın mal alan" operettasının ifaçıları istedadlı gənc qırğız vokalçılardır.
Gülçöhrə rolunda - Gülnur Niyazbayeva, Əskər rolunda - Stalbek Junuşaliyev, Süleyman rolunda - Nurciqit Asanov, Sultan bəy rolunda - Qırğız Respublikasının əməkdar artisti Kayınbek Kuskakov, Asya rolunda - Kunduz Karıppayeva, Telli rolunda - Salıyma Mamatova, Vəli rolunda - Almazbek İstambayev çıxış etmişlər.
Tamaşanı teatrın xoru və simfonik orkestri müşahidə etmişdir.
Tamaşa bitəndə salonda uzun müddət alqış sədaları səslənmişdir.