“Azərbaycançılıq - xalqın ləyaqətini uca tutmaqdır” Mədəniyyət

“Azərbaycançılıq - xalqın ləyaqətini uca tutmaqdır”

Nizaməddin Şəmsizadə: "Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli dünyada yaşayan bütün azərbaycanlıların birliyindədir"

Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin ədəbiyyatşünaslıq fəaliyyətilə yanaşı Azərbaycançılıq ideologiyasının elmi tədqiqi ilə bağlı fəaliyyəti də var. "Azərbaycan ideologiyası" (1996) və həmin əsərin təzələnmiş nəşri olan "Azərbaycançılıq" (2006) kitablarının müəllifidir. Onun fikrincə, dünya müharibələri, inqilabi çevrilişlər, qanlı repressiyalar və 70 illik bir dövrdə mövcud olmuş sosializm rejimi ilə tarixə həkk olan XX əsri, onunla birlikdə bizim eranın ikinci minilliyini tarixin panteonuna yola salmışıq. Azərbaycan üçüncü minilliyə yeni müstəqillik qazanmış bir ölkə kimi daxil oldu: "Bu gün hər bir soydaşımız yaxşı dərk edir ki, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli dünyada yaşayan bütün azərbaycanlıların birliyindədir. Belə birliyi isə tarixin bütün zehni və mənəvi təcrübələrini özündə əks etdirən milli ideologiya yarada bilər. Bu ideologiya Azərbaycançılıqdır. Azərbaycançılıq coğrafi anlayış deyil, o, daha çox siyasi anlayışdır.
İdeologiya cəmiyyətdə milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah və təsdiq etmək üçün yaradılır. O, xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindəndir; xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemidir. Dil, ərazi, din və ideoloji birlik xalqın, millətin və dövlətin tarixi varlığının əsas atributlarıdır. İdeologiyamızın təşəkkülü ən qədim çağlardan - mifik təfəkkürdən başlanır. Ən əski zamanlarda təbiəti dərk etməyə cəhd, cəmiyyət amili ilə hesablaşmaq zərurəti ideologiyanı yaradıb. Ona görə də ideologiyaya xas başlıca xüsusiyyət tarixilikdir. Hər bir ideologiyanın əsasında gerçəkliyə real münasibət amili dayanır. Bu münasibət tarixin təcrübəsinə əsaslanmalı, tarixi xarakter daşımalıdır. Onun dəyişməsi tarixin cəmiyyət qarşısında irəli sürdüyü tələblərə müvafiq olmalı və əslində həmin tələblər ideologiyanın ideya mənbəyi, hərəkətverici amilləridir. Beləliklə də, ideologiya tarixin gedişi ilə meydana çıxaraq, həmin gedişi təsdiq edən və bu gedişin sonrakı istiqamətlərini müəyyənləşdirən, həmin prosesdə xalqın və millətin rolunu təyin edən, dövlətin tipini və tarixi simasını formalaşdıran ən parlaq və obyektiv ideyaların və sistemin məntiqi yekunudur. Azərbaycançılıq xalq tarixinin obyektiv izahına xidmət edir. Tarixin hərəkəti ilə təsdiq olunmayan ideologiya demokratik cəmiyyət strukturu, xalqı irəli aparan dövlətçilik üçün nəzəri zəmin ola bilməz".
N.Şəmsizadə düşünür ki, qədim xalqların, o cümlədən Azərbaycan türklərinin ideologiyası əvvəlcə mif, sonra isə din, daha doğrusu, əski inamlar olub. Mif sinifli mərhələyə qədərki çağların ideologiyasıdır: "Sərhədsiz düşüncə tərzinin ifadəsi olan mif xalqın özü haqqında söylədiyi ən bakir, ən kamil həqiqətdir. Onda sonralar Azərbaycan xalqının təşəkkülündə rol oynamış tayfaların dünyaduyumu, əxlaq tərzi və gələcəyə münasibəti ifadə olunub. Hansı xalqın mifik təfəkkürü güclüdürsə, onun sonrakı taleyi aydın, tarixdəki mövqeyi möhkəmdir. Mif ictimai təfəkkürün genetik beşiyidir, "gerçəkliyin özüdür" (A.F.Losev). Azərbaycan ideologiyasının türk mifik təfəkkürü ilə vəhdət məqamı "azad ruh" hissidir. Azad ruh türk qövmünün genetik enerji mənbəyi, dünyaya çıxış nöqtəsidir. Mifik təfəkkür və inanclarımızda erkən ideoloji sistemdə kodlaşan azad ruh sonrakı ictimai-tarixi dövrlər üçün də nümunəyə çevrildi. Sonralar Avropanın dahi filosofu Hegel etirafla yazacaqdı: "Biz Şərqdən gəlirik; ümumdünya tarixi Asiyadan Avropaya hərəkət edib... Şərqin ilkin şərti və zəmini ailəyə əsaslanan millilikdir". Azərbaycançılığın əsasında mükəmməl ailə kultu dayanır. Xüsusilə Şərqdə, türk-müsəlman arealında tarixin təcrübəsi göstərir ki, ailəsi möhkəm olmayan xalqın dövləti də möhkəm ola bilməz. Çünki ordu müxtəlif ailələrdən çıxmış fərdlərdən ibarətdir. Əsgərin tərbiyəsi, Vətən eşqi ailədən, anaya məhəbbətdən başlanır. Azərbaycançılıqda ailə kultunun davamı olan şəxsiyyət kultu əsas yer tutur. Çünki "Mədəni əxlaq fərdlərdə şəxsiyyətin yüksək olmasına söykənir. Əski türklərin dinində şəxsiyyəti göstərən simvollar var" (Z.Göyalp). Azərbaycançılıqda zora yer yoxdur, bu xalqa zorla özünə hörmət etdirmək olmaz. Buna görə də azərbaycançılığın şərti xalqın ləyaqətini uca tutmaqdır. Azərbaycançılığın əsasında dayanan inanclardan biri zərdüştizm idi (e.ə. VII əsr). Əməyi azadlığın mənbəyi qəbul edən zərdüştizmdə, dual fəlsəfə zəminində azad iradəyə malik şəxsiyyət, ədalətli insan və dünya problemi zərdüştizmin konsepsiyasındakı üç prinsipə əsaslanır: "Xeyir fikir, xeyir söz, xeyir iş" (sonralar yaranmış "Məlik Məmməd" nağılını, dahi Nizaminin "Xeyir və Şər"ini, "Haq mövcud" nağılını xatırlayaq).
Zərdüştizm (Ahura Məzda) sonralar məzdəkizm təlimini yaratdı. Böyük filosof Mani (215-ci il) zərdüştizm, xristianlıq və buddizmi birləşdirərək "İrandan Roma imperiyasının ucqarlarınadək, Afrika və İspaniyaya... Orta Asiyaya qədər yayılan" manizm ideologiyasını yaradır. Həm Maninin, həm də Məzdək Bəmdad oğlunun təlimləri ədalətli dövlət, cəmiyyət, əmlak bərabərliyi, azad ruhun qüdrətinə inam ifadə edirdi. Bu minvalla məzdəkizmin Azərbaycan mifik təfəkküründən, zərdüştizmdən (atəşpərəstlikdən) qəbul etdiyi ziya xürrəmilərin azadlıq yoluna işıq saldı, əxilərin qardaşlıq ocağına, hürufizm ideyasına ("İnsan həqdən qopmuş nur parçasıdır"), orta çağlar fəlsəfəsinin "İşıq heykəlləri"nə (Ş.Sührəverdi) çevrildi. İllər keçdi, xalq göydən enmiş nurlu daşdan Koroğlunun əfsanəvi Misri qılıncını düzəltdi, XIX əsrdə A.Bakıxanov və M.F.Axundzadədən başlayaraq maarifçilik əlində həmin nur tarixdə və yaddaşda Azərbaycanı axtarmağa üz tutdu. Burada epos təfəkkürünü xüsusi qeyd etməliyik".
O, hesab edir ki, Azərbaycançılığın, Azərbaycan dövlətçilik təfəkkürünün ən möhtəşəm qaynağı "Kitabi-Dədə Qorqud" eposudur. Azərbaycan təfəkkürünün (müştərək türk düşüncəsinin) ən böyük abidəsi olan "Kitabi-Dədə Qorqud"un əsas ideyası türk tayfalarını - 24 oğuz tayfasını vahid xalq və dövlət halında birləşdirməkdən ibarətdir. Burada tayfa bizim indi anladığımız məhdud mənada deyil, müəyyən ərazi, maddi, mənəvi-əxlaqi birlik əlamətlərinə malik el mənasında işlənir: "Əsasən VI-VIII əsrlərdə cərəyan etmiş hadisələri əhatə edən epos I minilliyin inanc, düşüncə və dövlətçilik təsəvvürlərini əks etdirən ideoloji sistemlər toplusudur. Tayfa və birliklərin erkən dünyaduyumu və düşüncə tərzini əks etdirən mifdə hələ dövlətçilik təsəvvürləri yox idi. Dövlətçilik haqqında ilkin təsəvvürə "Kitabi-Dədə Qorqud"da rast gəlirik. Bunun atributları aşağıdakılardır: Vətənçilik; Bayandır xanın başçılıq etdiyi siyasi-hərbi ierarxiya; ailə kultu ("Ana haqqı - Tanrı haqqı"); Ordu və özəl ənənələrə malik El kultu ("Qonşu haqqı Tanrı haqqıdır"). "Kitabi Dədə Qorqud" oğuz türkləri haqqında Azərbaycan ensiklopediyasıdır. Dədə Qorqud üzünü elə tutub "Dövlətimiz əbədi olsun!" - deyir. İslamaqədərki dövrün ən böyük tarixi-ideoloji yekunu Azərbaycan xalqının yaranması idi. Bu həm də Azərbaycan dilinin və ideologiyasının təşəkkül dövrü idi. "Hər bir xalqın köklərinin ən qədim dövrlərə gedib çıxmasına baxmayaraq, tarixçilər bütün bu epoxaları xalqın yaranmasını müəyyənləşdirən vaxtdan başlamağı üstün tuturlar" (L.Qumilyov).
"Azərbaycan tarixi" (Z.Bünyadov və Y.Yusifovun redaktəsi ilə, 1994) bu barədə təqdim olunan fikir belədir: Azərbaycan xalqı Azərbaycan ərazisində təşəkkül tapıb. Xalqımızın yarandığı ərazi şimaldan Dərbənddən tutmuş cənubda Zəncan-Qəzvin bölgəsinədək (daxil olmaqla), şərqdə Xəzər dənizindən qərbdə İrəvan, Tiflis və Urmiya gölünün qərb sahillərini əhatə edir. Tarixi baxımdan "Azərbaycan dilinin və xalqının təşəkkülü II-VII əsrlərdə baş verib, VII-VIII əsrlərdə başa çatıb. Bu zaman Azərbaycanda gedən dini mübarizə artıq sona yetmişdi".
N.Şəmsizadə XIII-XIV əsrləri Azərbaycan ideologiyasının təşəkkülündə milli təmayülə keçid mərhələsi adlandırır, həmin keçidi hazırlayan ictimai-tarixi səbəbləri belə ümumiləşdirir: "İlk dəfə məhz bu dövrdə bədii təfəkkürdə klassik ənənələrlə türk xalq poeziyası ənənələrinin sintezi başlanır və XVI əsrdə başa çatır. Bu isə ədəbiyyat və sənətdə millilik və bəşəriliyin vəhdətinə səbəb olur. XIV əsrdə Azərbaycan şairi İzzəddin Həsənoğlunun Misirdə türkcə "Divan"ı meydana gəlir. Xalq ədəbiyyatının, xüsusilə aşıq poeziyasının bədii-tarixi baxımdan qüvvətlənməsi ideologiyada mifdən gələn başlanğıca, el ruhu və psixologiyasına dayanan milli müəyyənliyin yaranmasına səbəb oldu. Azərbaycanda orta əsrlərdə milli birliyin əsası, enerji mənbəyi olan məfkurə məhz poetik formalarda meydana çıxıb. Bu dövrdə elm də, ədəbiyyat da sinkterik xarakter daşıyırdı. Orta əsrlər Azərbaycan etnik mədəni sistemində poeziya birinci yerdə dayanıb, poetik təfəkkür dünyadərkində həlledici olub. Bu zaman ədəbiyyat elmləri - "ülumi-ədəbi" özündə on beşə qədər elmi birləşdirirdi.
Azərbaycanın Rusiya tərəfindən işğalından sonra ideologiyamızın təşəkkülündə yeni bir proses - Şərq və Qərb dəyərlərinin sintezi başlanır. Bunu maarifçi ideologiya adlandırmaq olar. Mifdən, Zərdüştizm, İşraqilikdən gələn İşıq (Nur), hürufizmdə ürfan və kamal vəhdətindən gələn Zəka və İntibahın bayrağına iri hərflərlə yazılmış İnsan maarifçi ideologiya konsepsiyasında vəhdət təşkil edir. XIX əsrin maarifçi ideologiyası bir növ məzdəkilərin, xürrəmilərin, əxilərin və Azərbaycan-türk cahangirliyinin tarixi dərslərinə yenidən müraciət edir, milli şüur və azadlıq duyğusu tərbiyəsini tarixi-mənəvi ideal seçməli olur. Azərbaycan maarifçi ideologiyasının banisi M.F.Axundzadə "mali" və "hüquqi" bərabərlik ideyasını irəli sürür, orta əsr ideoloji sistemlərindən fərqli olaraq Azərbaycan maarifçi ideologiyası insan və cəmiyyət problemini ön plana çəkir. Özündə Şərq-Qərb dəyərlərini uğurla sintez etmiş Azərbaycan maarifçiliyinin əhəmiyyəti bunda idi ki, Azərbaycan maarifçilərini müəyyən bir sinfin ideoloqları kimi qələmə vermək cəhdləri əbəsdir.

Uğur