İslahatlara ehtiyac var İqtisadiyyat

İslahatlara ehtiyac var

Əli Babacan: "Neft ölkələri diqqəti yüksək kvalifikasiyalı mütəxəssislər yetişdirməyə yönəltməlidir"

"Neft ölkələri diqqəti yüksək kvalifikasiyalı mütəxəssislər yetişdirməyə yönəltməlidir".
Bunu "G -20" təşkilatının gənclik qurumu olan "Y - 20"-nin İstanbulda keçirilən iclasındakı çıxışında Türkiyə baş nazirinin iqtisadi məsələlər üzrə müavini Əli Babacan deyib. İqtisadi böhranın bəzi bölgələri təhdidə davam etdiyini deyən Əli Babacan böhranın izlərinin tamamilə aradan qaldırılması üçün iqtisadi böyümə proqramlarının həyata keçirilməsinin vacibliyinə diqqəti cəlb edib: "Dünya iqtisadiyyatında ciddi problemlər qalmaqda davam edir. 2008-ci ildəki dünya maliyyə böhranından sonra iqtisadiyyatın böyümə mərhələsinə keçməsi üçün cəhd göstərilsə də, bu sahədə böyük uğur əldə etdiyimizi deyə bilmərik. Biz "G-20" dövlətləri olaraq əsas diqqəti təşkilata üzv olan ölkələrin iqtisadi sistemlərinin sabit şəkildə böyüməsinə yönəldirik. Əməkdaşlıq etdiyimiz ölkələrdən hər il iqtisadi sistemlərində islahat keçirməsini və zirvə toplantılarına yeni islahatlarla gəlməsini tələb edirik".
İqtisadiyyatın inkişafında infrastrukturun fasiləsiz şəkildə inkişaf etdirilməsinin əhəmiyyətindən danışan Əli Babacan Türkiyənin son illərdə infrastruktura ayırdığı investisiyalarla "G-20" ölkələri arasında önəmli yer tutduğunu vurğulayıb. İstənilən ölkənin inkişafına təbii sərvətlərdən çox yaxşı yetişdirilmiş insanların töhfə verdiyini xatırladan baş nazirin müavini "Türkiyənin nefti-qazı yoxdur, ona görə biz bütün diqqətimizi kvalifikasiyalı mütəxəssislər yetişdirməyə yönəltməliyik. Əslində nefti olan ölkələr də diqqəti birinci növbədə keyfiyyətli kadrlar yetişdirilməsinə ayırmalıdır. Belə olarsa, dünya iqtisadiyyatında keyfiyyət mərhələsinə keçmək daha asan olar" - deyə vurğulayıb.
Qeyd edək ki, Türkiyə "G-20" sədrliyini 1 dekabr 2014-cü ildə təhvil alıb. Sədr kimi "G-20"yə üzv ölkələrdən əlavə 1 ölkəni də dəvət etmə haqqı olan Türkiyə Azərbaycanı "G-20"-yə dəvət edib.