“Neftin qiyməti 40 dollardan da aşağı düşərsə, nə baş verəcək?” İqtisadiyyat

“Neftin qiyməti 40 dollardan da aşağı düşərsə, nə baş verəcək?”

Pərviz Heydərov: "Fonddan transfertin azaldılması zəruridir və olduqca təqdirəlayiq haldır"

"Məlumdur ki, gələn ilin dövlət büdcəsinin gəlirlərində neftin 1 barrelinin dünya bazar qiyməti 50 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Maliyyə naziri Samir Şərifovun sözlərinə görə isə hökumət bunu baza qiyməti olaraq götürüb. Belə ki, eyni zamanda pessimist və optimist senarilər də nəzərə alınıb". Bunu iqtisadçı ekspert Pərviz Heydərov deyib. Onun sözlərinə görə, nazir qeyd edib ki, 50 dollardan həyata keçirilən hesablamalara görə, hər şey 2016-cı ilin dövlət büdcəsi layihəsinə əsasən, ortadadır. Ancaq qiymət 60 dollar olduqda ehtiyatlar arta, 40 dollar olduqda isə azala bilər. Söhbət, icmal büdcədən gedir. Yəni, Neft Fondu (ARDNF) da daxil olmaqla hazırlanan ümumi büdcədən: "Əvvəlki şərhlərimizdə də qeyd etmişdik ki, neftin qiymətinin proqnoz ediləndən aşağı və yaxud yuxarı səviyyədə olması dövlət büdcəsinə bilavasitə təsir etmir. Yəni, ARDNF "bufer" rolunu yerinə yetirir ki, valyuta ehtiyatlarımız əsas etibarilə sözügedən Fondda toplandığından bu qurum dövlət büdcəsi üçün dayaq əhəmiyyəti kəsb edir. Odur ki, neftin qiyməti istənilən halda həlledici xarakter daşıyır.
Məsələ bundadır ki, bir az əvvəl Mərkəzi Bankın (AMB) rəhbəri Elman Rüstəmov da manatın dəyəri üçün real təhlükənin neftin qiyməti yalnız 40 dollardan aşağı düşəcəyi təqdirdə yaranacağını söyləmişdi. Belə ki, AMB sədri manatın dəyəri bu ilin fevralın 21-də korrektə edildikdən sonra yenə anoloji tədbirə uğrayıb-uğramayacağı haqda sualı cavablandırarkən neftin dünya bazar qiyməti 40 dollara qədər enərsə ölkənin tədiyyə balansında ciddi disbalans yaranmayacagını vurğulamışdı. Buradan da belə aydın olur ki, əgər qiymət 40 dollardan da aşağı enərsə, bu, artıq, təhlükə demək olacaq".
Ekspert "bu mənada sual yaranır ki, pessimist variantdan aşağı vəziyyətdə hökumət görəsən, nə edəcək? Başqa sözlə desək, neft əgər 40 dollardan da aşağı düşərsə, nə baş verəcək?", - deyə əlavə edib: "Bu suala cavab tapmaq üçün 2015-ci ilin dövlət büdcəsinin icrasına diqqət yetirmək kifayətdir. Bəri başdan qeyd edək ki, büdcənin icrasında problem yoxdur. Neftin dünya bazar qiyməti ilin əvvəlindən büdcədə proqnozlaşdırılandan (90 dollar) 2 dəfə aşağı səviyyədə olmasına baxmayaraq, yanvar-iyun aylarında 7717,0 milyon manat proqnoza qarşı 7807,2 milyon manat və yaxud 1,2% çox vəsait daxil olmuşdur ki, xərclər 8577,9 milyon manat təşkil edib. Cəmi 770,7 milyon manat kəsir yaranıb. Bu da Maliyyə Nazirliyinin məlumatına görə müvafiq qanunvericiliyə əsasən, 2015-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və özəlləşdirmədən daxilolmalar hesabına örtülüb. Ancaq bir nüans var. O da bundan ibarətdir ki, xərclər ilk 6 ay ərzində 15% az yerinə yetirilib ki, bu da sual yaradır: səbəb nədir?
Məsələ bundadır ki, ARDNF bu ilin I yarısında büdcəyə cəmi 3 milyard 802,1 milyon manat transfert həyata keçirib. Halbuki, bütövlükdə il ərzində Fonddan büdcəyə 10 milyard 388 milyon manat köçürmək planlaşdırılıb. Deməli, cari ilin dövlət büdcəsi heç də nəzərdə tutulduğu səviyyədə yerinə yetirilməyəcək".
O, bildirib ki, 2015-ci ilin dövlət büdcəsi real olaraq gəlirləri 19,438 milyard, xərcləri isə 21,1 milyard manat deyil, müvafiq olaraq 17 milyard və 17,8 milyard manat səviyyəsində icra olunacaq: "O səbəbdən ki, ARDNF-dan transfert 10 milyard 388 milyon deyil, 8 milyard 100 milyon manat həcmdə həyata keçiriləcək. Rəqəmlərə diqqət yetirsək, gəlirlər proqnozdan 25% az təşkil edəcəksə, xərclər üzrə bu rəqəm 23% olacaq... Çünki ARDNF-dan transfert 23% az həyata keçiriləcək.
Yeri gəlmişkən, 2016-cı ilin dövlət büdcəsinə ARDNF-dən 6 milyard manat köçürüləcək. Ümumiyyətlə, 2015-ci ilin dövlət büdcəsinin 2014-cü ildəkindən 6%-ə (5,7%) yaxın çox götürülməsi məhz Neft Fondundan köçürmənin genişləndirilməsi hesabına edilmişdi. Bundan əvvəl, 2014-cü ildə isə ilk dəfə olaraq ARDNF-dan büdcəyə transfert azaldılmışdı. Bununla belə, büdcə gəlirlərinin formalaşmasında sözügedən qurumun payı 2009-cu ildən 50%-dən yuxarı təşkil edirdi. Hətta, 2013-cü ilin dövlət büdcəsində ARDNF-dan transfer 11 milyard 350 milyon manat nəzərdə tutulmuşdu ki, bu da gəlirlərin 59,2%-i demək idi.
Ümumiyyətlə, 2003-cü ildə ARDNF-dan dövlət büdcəsinə transfer 100 milyon manat təşkil edirdisə, 2004-cü ildə bu rəqəm 130 milyon, 2005-ci ildə 150 milyon, 2006-cı ildə 585 milyon, 2007-ci ildə 585 milyon, 2008-ci ildə 1,1 milyon, 2009-cu ildə 4,9 milyard, 2010-cu ildə isə yenə 4,9 milyard manat nəzərdə tutulsa da, ilin ortasında büdcəyə dəyişiklik edilməklə 5,9 milyard, 2011-də isə əvvəl 6 milyard 480 milyon olsa da, sonra 9 milyard 203,2 milyon manata qədər yüksəldildi.
Fonddan transfertin azaldılması zəruridir və olduqca təqdirəlayiq haldır. Onu da xatırladaq ki, ilin əvvəlində manatın məlum devalvasiya addımına əsasən də ARDNF-dən transfertdə dollar ifadəsində "qənaət" əldə olundu. Ancaq məsələ bunda da deyil.
Xatırladaq ki, 2016-cı il dövlət büdcəsinin gəlirləri 14 milyard 56 milyon 600 min, xərcləri isə 16 milyard 26 milyon 400 min manat proqnozlaşdırılıb ki, bu da müvafiq olaraq cari ildəkindən 25,1 və 22,9% az deməkdir. Bununla belə, pessimist senariyə uyğun olaraq neftin dünya bazar qiyməti əgər 40 dollara qədər enərsə nazir S. Şərifovun qeyd etdiyinə əsasən, ehtiyatların azalması hökuməti şübhəsiz ki, mütləq əlavə addımlar atmağa sövq edəcək.
Bunlardan birincisi isə çox güman ki, cari ildə olduğu kimi, Fonddan büdcəyə nəzərdə tutulan transfert məbləğinin yenə az həyata keçirilməsindən, ikincisi, AMB-in sədri E. Rüstəmovun manatın dəyəri üçün real təhlükənin neftin qiymətinin məhz 40 dollardan aşağı düşəcəyi təqdirdə yaranacağı fikrinə əsasən il ərzində milli valyutanın 1 və ya 2 dəfə korrektə oluna biləcəyindən, üçüncüsü isə büdcə kəsirinin (1 milyard 69 milyon 800 min manat) nəzərdə tutulandan nisbətən çox "buraxılacağından" ibarət olacaq.
Xatırladaq ki, söhbət, neftin qiymətinin 40 dollardan aşağı düşəcəyi təqdirdən gedir...".